Məhkəmə qərarları › İş №e-2(011)-634/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-634/2023

14.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-634/2023 14.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh2 və Bakı 5 saylı Mediasiya Təşkilatına qarşı “iş materialları ilə tanış olunmasına və surətlərinin çıxarılmasına şərait yaradılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlərin üzərinə iddiaçı barəsində Bakı 5 saylı Mediasiya Təşkilatının və mediator Cavabdeh2 icraatında olmuş mediasiya proseslərinə dair bütün iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və bütün sənədlərin surətlərini çıxarmaq üçün iddiaçıya müvafiq şəraitin yaradılması vəzifəsinin qoyulmasına və işgüzar nüfuza vurmuş zərərə görə 9000 manat məbləğində vəsaitin və ödənilmiş 110 manat dövlət rüsumunun cavabdehlər tərəfindən iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclası zamanı izahat verərək, mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin ərizəsini, işdə iştirak edən şəxslərin izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Həmçinin, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddiaçı tərəfindən ödənilmiş 110 manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göründüyü kimi, iddiaçının ərizəsi əsasənda iddia ərizəsinin baxılmamış saxlanılması qərara alındığından, iddiaçının ödədiyi 110 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı QSC-nin Cavabdeh2 və Bakı 5 saylı Mediasiya Təşkilatına qarşı “iş materialları ilə tanış olunmasına və surətlərinin çıxarılmasına şərait yaradılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində Bakı şəhəri Xətai rayon Məhkəməsinə ödənilmiş 110 manat məbləğində dövlət rüsumu İddiaçı QSC-yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar