Məhkəmə qərarları › İş №e-2(011)-6364/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6364/2025

29.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6364/2025 29.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Nağıyev Vüqar Güloğlan oğlu, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı “icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı “icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-İ295 saylı qətnaməsinin icrası ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi və həmin icra sənədinin icrasının təmin olunması barədə icra məmuruna məhkəmə göstərişinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, İddiaçı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-İ295 saylı qətnaməsinin icrası çərçivəsində Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirlinin icra sənədi üzrə zəruri icra tədbirlərinin həyata keçirilməməsi barədə hərəkətsizliyi ilə razılaşmayaraq, icra məmurunun hərəkətsizliyini iddia icratı çərçivəsində mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Konstitusiya Məhkəməsi Plenumunun “MPM-nin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarında isə izah olunmuşdur ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. İş materiallarından göründüyü kimi, iddiaçı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-İ295 saylı icra vərəqəsi üzrə icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsini və zəruri icra tədbirlərinin həyata keçirilməsi barədə icra məmuruna göstəriş verilməsini xahiş edir. Məhkəmə göstərilən qanunvericilik normalarında və vahid məhkəmə təcrübəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq hesab edir ki, bu qəbildən olan mübahisələrə mülki işin davamı kimi baxılmalıdır. Çünki, nə qədər ki, irəli sürülən tələb icra sənədi üzrə icra məmurunun hərəkət və ya hərəkətsizliyi ilə bağlıdır, bu məsələyə məhz icra icraatını müəyyən edən normalar daxilində qiymət verilməlidir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir ki, bu qaydalar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228-232-ci maddələrində təsdiq edilmişdir. Bu kateqoriyadan olan məsələlərə mülki işin davamı kimi baxılmalı olması, irəli sürülmüş hazırkı tələbə ayrıca mülki mühakimə icraatı qaydasında baxılmasını istisna edir. Beləliklə məhkəmə hesab edir ki, mövcud iddia tələbinə iddia icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin icraata qəbulundan imtina edilməli və İddiaçı icra sənədi üzrə zəruri icra hərəkətlərinin yerinə yetirilməməsi barədə icra məmurunun hərəkətsizliyindən məhkəmə qərarının icrası (icra icraatı) qaydasında şikayət ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 153.2.1, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qarşı “icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya icra sənədi üzrə icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) məhkəmə qərarının icrası (icra icraatı) qaydasında şikayət ilə icra sənədini vermiş məhkəməyə ərizə ilə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar