Məhkəmə qərarları › İş №e-2(011)-6400/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6400/2022

02.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6400/2022 02.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh3, Cavabdeh2, onun nümayəndəsi və vəkili Nümayəndə2, tərcüməçi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evin 80 saylı mənzilindən istifadə hüququ olmayan şəxslər hesab edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 44 saylı evin 80 №-li mənzili xüsusi mülkiyyət ÖM seriyalı, 091195 №;-li qeydiyyat vəsiqəsi əsasında ona məxsusdur. Həmin ünvana aid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, bu ünvanda xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.2002-ci il təvəllüdlü X4, xx.xx.2000ci il təvəllüdlü X2, xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh1 qeydiyyatdadırlar. Lakin adıçəkilən şəxslər həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq, qeyd edilən ünvanda uzun müddətdir ki, yaşamırlar. Mübahisəli mənzili ilk vaxtlar xx.xx.1990-cı il tarixli 010464 №-li order ilə ona məxsus olmuşdur. Həmin orderdə hazırki iş üzrə cavabdehlərin heç biri qeyd olunmamışdır. Daha sonra, yəni xx.xx.2001-ci il tarixdə Cavabdeh3 ona məxsus mənzilə qeydiyyata düşmüşlər. Bundan sonra xx.xx.2001-ci ildə Cavabdeh3 ona məxsus mənzilə gəlin köçmüş və xx.xx.2001-ci il tarixdə oğlu ilə rəsmi nikaha daxil olmuşdur. Bundan sonra qeyd edilən order əsasında xx.xx.2002-ci tarixdə ona ÖM seriyalı, 091195 №-li Qeydiyyat vəsiqəsi verilmişdir. Yaxın vaxtda oğlu vəfat etmişdir. Yəni cavabdehlər onun ailə üzvü deyil. Cavabdeh2 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddianı aşağıda qeyd edilən səbəblərə görə qəbul etmir. Anası Cavabdeh3 atası X6 ilə xx.xx.2001-ci ildə rəsmi nikaha daxil olaraq evləniblər. Anası xx.xx.2001-ci il tarixdə mübahisəli mənzilə rəsmi qeydiyyata alınıb. Valideynlərimin toyu xx.xx.2001-ci ildə olub və anası mübahisəli mənzilə gəlin köçüb.Həmin mənzildə qardaşı ilə dünyaya gəlmişdir. Nənələri ilə birlikdə bir ailə kimi daimi mübahisəli mənzildə yaşamış, ərazi üzrə 7 saylı poliklinikada bu günə kimi tibbi qeydiyyatdadırlar. Atası xx.xx.2022-ci ildə vəfat etmişdir. Anası ilə nənəsi sayılan İddiaçı münasibətləri kəskin korlanması səbəbindən müvəqqəti olaraq anası ilə mübahisəli mənzildə yaşamırlar. İddiaçı məzilin acarını da dəyişmişdir, mənzilə girə bilmirlər. Bütün əşyaları mübahizəli mənzildədir. Hal hazırda iddiaçı özü də mübahisəli mənzildə yaşamır, əmisinin mənzilində yaşayır. Qardaşı Cavabdeh1 hal hazırda Azərbaycan Respublikasının Ordusunda həqiqi hərbi xidmətindədir. Özü Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2368 nömrəli Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncami ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə də təltif edilmişdir. Anasının, onun və qardaşının mübahisəli mənzildən başqa hec bir mənzili yoxdur. Baxmayaraq ki, müharibə veteranıdır, iş yeri ilə hələ təmin olunmamışdır. Maddi cəhətdən kiraya mənzildən də istifadə etmək mümkün deyil, istifadə hüququ olsa da mübahisəli mənzildə yaşamağa iddiaçı maneələr yaradır. İddia qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr AR MM-nin 228.1 və 228.2-ci maddələrinin qaydasına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil məcəlləsinin 123 maddəsinin qaydalarına uyğun həll edilməlidir.Yuxarıda qeyd etdiyi kimi, anası Cavabdeh3 mübahisəli mənzilə 2001-ci ilin 25 yanvarında rəsmi qeydiyyata düşüb ailə üzvü kimi və mənzildən istifadə hüququnu əldə etmişdir. O və qardaşı Cavabdeh1 onun evladlarıdır. Bu səbəbdən də ona və ailə üzvlərinə qarşı qaldirilan iddia məhkəmə tərəfindən rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, evi satıb kiçik ev almaq, qalan pulla borcunu ödəmək istəyir. Nəvələrinə pay verəcəkdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçının oğlu Namiq vəfat etdikdən sonra, evi satıb pulunu bölmək istəmiş, lakin məbləğlə bağlı razılıq əldə olunmamışdır. Cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsalar da, 1 il 5 aydır ki, orada yaşamırlar. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı olan qaynanası yalan danışır. Ərinin narkoman olmasını ailə qurduqdan sonra bilmişdir. Verdikləri qızılları da alıblar əlindən. Qaynanası oğlu Hüseynin borcuna görə evi satıb azacıq pay vermək istəyirlər. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2, onun nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Oktyabr rayon XDS-nin İK-nin xx.xx.1990-cı il tarixli, 010464 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evin 80 saylı mənzil İddiaçı ailəsi ilə birlikdə yaşamaq üçün verilmişdir. Ailə üzvləri siyahısında X6 qeyd edilmişdir. İş materiallarında olan Vİİ-JQ seriyalı, 434445 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X3 arasında nikah xx.xx.2001-ci 493 saylı akt tərtib edilmiş, nikah bağlandıqdan sonra arvada Nəbiyeva soyadı verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********68 saylı məktubuna əlavə olunmuş Bakı şəhəri Xətai rayon 98 saylı MİS-nin xx.xx.2002-ci il tarixli arayışın surətindən görünür ki, X6 xx.xx.1991-ci il tarixdən, Əlicanova (Nəbiyeva) Afət Rəsul qızı isə xx.xx.2001ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evin 80 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Xətai rayon 98 saylı MİS-nin xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evin 80 saylı mənzildə qeydiyyatdadır və yaşayır, Cavabdeh3 və Cavabdeh2 isə yaşamırlar. Həmin məktuba əlavə olunmuş notariat qaydasında təsdiqlənmiş ərizələrin surətindən görünür ki, X6 və Əlicanova (Nəbiyeva) Afət Rəsul qızı Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsinə müraciət edərək, yaşadıqları Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evin 80 saylı mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmişdirlər. Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 091195 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evin 80 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə 1201 nömrəli reyestr kitabının 180435 nömrəli səhifəsində xx.xx.2002-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı, 286068 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası medalının vəsiqələrindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2368 saylı Fərmanı ilə “Suqovuşanın azad olunmasına görə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncami ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İş materiallarına əlavə olunmuş Xətai rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin çağırış vərəqəsindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx.xx.2009-cu il tarixdək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığından, Cavabdeh3 xx.xx.2001-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evin 80 saylı mənzilinin mülkiyyətçisi İddiaçı oğlu X6 ilə ailə quraraq, mübahisəli mənzildə yaşamasına baxmayaraq, onunla mənzil mülkiyyətçisi arasında istifadə hüququ ilə bağlı notarial qaydada təsdiqlənmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilə olmadığından, digər tərəfdən, cavabdehlərin qanunun tələbinə əsasən iddiaçıdan özlərinin saxlanmasını tələb etmək hüququ olmadığından, onların mübahisəli mənzillə bağlı istifadə hüquqları yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evin 80 saylı mənzilindən istifadə hüququ olmayan şəxslər hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1., 80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evin 80 saylı mənzilindən istifadə hüququ olmayan şəxslər hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar