Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6444/2023 21.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Vaz 21074” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil Ağstafa rayonu, Poylu kəndi ərazisi ilə hərəkət edən zaman manevr etmə qaydalarını pozmuş, nəticədə “Ford Transit” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(015)-375/2022 saylı qərarla “Vaz 21074” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 333.1-ci və 342.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Ford Transit” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilə 2800 (iki min səkkiz yüz) manat məbləğində ziyan vurulmuşdur. PME********** s ay lı sığorta şəhadətnaməsinə və İAS222394 saylı, xx.xx.2022-ci il tarixli akta əsasən 2800 (iki min səkkiz yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı “Vaz 21074” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Bildirmək istəyirik ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.
İddiaçının tələbi:
2. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2800 (iki min səkkiz yüz) manat yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 48,40 (qırx səkkiz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 2848,40 (iki min səkkiz yüz qırx səkkiz manat qırx qəpik) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı:
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz və digər sənədlər təqdim edilməmişdir.
Tərəflərin izahatı:
4. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir.
İş materiallarına əlavə edilmiş sənədlər:
6. 06 sentyabr 2022-ci il tarixli "xxxx" ASC tərəfindən verilmiş Sığorta ödənişi aktına əsasən, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği 2800 manat təşkil etmiş və X3 2800 manat sığorta ödənişi edilmişdir.
7. PME********** nömrəli İcbari sıorta müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmışdır. Sığorta müqaviləsinə əsasən, X4 VAZ21074 minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili sığorta etdirmişdir. Sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 manat müəyyən edilmişdir.
8. xx.xx.2022-ci il tarixli Qüsur aktına əsasən, avtomobilin ehtiyat hissələrinə dəymiş zərərə görə 1711 manat, işçilik haqqına görə 900 manat olmaqla, yekun 2611 manat və 189 manat əlavə olmaqla ümumilikdə 2800 manat hesablanmışdır.
9. xx.xx.2022-ci il tarixli 1413-09/22 SH nömrəli bildirişə əsasən, Cavabdeh sığorta ödənişinin tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
10. Ağstafa rayon Polis Şöbəsinin İB-nin baş müstəntiqi, polis mayoru Rəşad Nəbiyev tərəfindən qəbul edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərara əsasən, cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 333.3 və 342.6-cı maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə Ağstafa RPŞ-nə göndərilmişdir.
11. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahata əsasən, o, avtomobili idarə edərkən tək olmuşdur. Ağstafa rayonunun Köçəsgər kəndində yaşayır və fərdi əməklə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 20-21 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi VAZ 2107 minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağstafa-Sadıqlı avtomobil yolu ilə hərəkət edərkən əlində oan mobil telefona baxmış və gözünü mpobil telefondan ayırdıqdan sonra qarşı tərəfə doğru sərt döngə olduğunu görmüşdür. Avtomobili çırpmamaq üçün döndərsə də sağ təkərləri yolun kənarına çıxmış, daha sonra avtomobilin arxası oynamağa başlamış və avtomobili sola döndərdikdən sonra əks istiqamətdə olan avtomobilin qarşısına keçmişdir. Daha sonra təcili-tibbi yardım çağırılmış və xəstəxanaya yollanmışlar. Təhlükəni hiss etmiş, lakin idarəetməni itirdiyi üçün heç nə edə bilməmişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman 60 km/saat sürətlə hərəkət etmişdir.
12. X1 xx.xx.2022-ci il tarixli izahatına əsasən, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi və özünə məxsus olan “Ford Tranzit” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Ağstafa rayon Poylu kəndindən avtomobilə meyvə yükləyərək yaşadığı evə getmək üçün Ağstafa-Sadıqlı avtomobil yoluna çıxmışdır. Üzü Ağstafa şəhəri istiqamətində olan sağ istiqamətlə sərt döngəyə çatmağa təxminən 50 metr qalmış qarşıda olan sərt döngədən ağ rəngli “VAZ2107” minik markalı avtomobil sürətlə çıxmışdır. Həmin avtomobil artıq idarəetməni itirdiyindən onun qarşısına çıxmış və həmin vaxt o da əyləci sıxsa da toqquşmadan yayına bilməmiş və digər avtomobili sağ tərəfdən vurmuşdur. Avtomobil sürücüsünün xəsarət aldığını görmüş, daha sonra təcilitibbi yardım çağırılmış və xəstəxanaya getmişdirlər.
13. xx.xx.2022-ci il tarixli 115 №li Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən, müayinə xx.xx.2022-ci il tarixdə saat 22:34-də aparılmışdır və Cavabdeh alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmişdir.
14. xx.xx.2022-ci il tarixli Ödəniş tapşırığına əsasən, X3 2800 manat ödəniş edilmişdir.
15. Ağstafa Rayon Məhkəməsinin 3(015)-375/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmiş, İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs, İXM-nin 342.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar üfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
17. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanunu: 37.1. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
18. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 22.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. 56.2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il Qərarı: Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə mülki iş üzrə tərəfin izahınl, iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
23. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh “VAZ2107” minik markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir.
24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli yolnəqliyyat hadisəsi baş vermişdir. Cavabdehin və zərərçəkmiş şəxsin Polis bölməsində verdiyi izahatlara və mülki iş materiallarına əlavə edilmiş digər sənədlərə əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsi öz təsdiqini tapmışdır.
25. xx.xx.2022-ci il tarixli 115 №li Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən, müayinə xx.xx.2022-ci il tarixdə saat 22:34-də aparılmış və Cavabdeh alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmişdir.
26. Ağstafa Rayon Məhkəməsinin 3(015)-375/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmiş, İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs, İXM-nin 342.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olduğundan və qeyd edilən qərara əsasən, şəxsin təqsirli olması və inzibati xəta ilə birbaşa əlaqəsi öz təsdiqini tapdığından iddia təmin edilməlidir.
27. Mülki Məcəllənin subroqasiya hüquqi ilə bağlı müddəaların mənasından da görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün sığorta hadisəsinin baş verməsi və zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi əsas şərtdir. İş materialları ilə iddiaçının subroqasiya hüququnun yaranması müəyyən edilir. Birinci şərt, yəni, sığorta hadisəsinin baş verməsidir ki, bu sığorta obyektinə dəymiş zərərlə bağlıdır. Yuxarıda qeyd edilənlərə əsasən, sığorta obyektinə zərərin dəyməsi öz təsdiqini tapır. İkinci şərtin, yəni zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi də mülki iş materialları ilə təsdiq edilir.
28. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh 2800 (iki min səkkiz yüz) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,40 (qırx səkkiz manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
Məhkəmə xərcləri:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,40 (qırx səkkiz manat qırx qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh 2800 (iki min səkkiz yüz) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,40 (qırx səkkiz manat qırx qəpik) manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova