Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6447/2024 01.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin maraqlı şəxs qismində Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsinə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının tələbi:
1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, XƏTAİ RAYON ƏHMƏDLİ BƏLƏDİYYƏSİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 0 manat, İşsizlikdən sığorta fonduna 0 manat, İcbari Tibbi Sığorta Fonduna 2965,72 manat olmaqla, ümumilikdə 2965,72 manat borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan X1 barəsində (Doğulduğu tarix - xx xxxxxx 1993-cü il, Doğulduğu yer - AZƏRBAYCAN, BAKİ, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
2. Maraqlı şəxs tərəfindən ərizəyə qarşı heç bir yazılı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
3. Ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Orxan Qafarzadə məhkəməyə ərizə ilə müraciət edərək tələbi müdafiə etdiyini bildirmiş və iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs öz izahatında qeyd etmişdir ki, bələdiyyələr yerli idarəetmə orqanlarıdır və yerli büdcənin vəsaiti hesabına- yəni, fiziki şəxslərdən əmlak və torpaq vergisi toplamaqla fəaliyyət göstərilir. O, xx.xx.2022-ci il tarixdə Xətai rayonu Əhmədli Bələdiyyəsinin sədri vəzifəsinə təyin edilmişdir. İlk öncə xalq tərəfindən seçilmiş, daha sonra daxili səsvermə yolu ilə o, sədr təyin edilmişdir. Sədr olduğu vaxtdan bu günə qədər yaranmış borclar işsizlikdən sığorta, icbari tibbi sığorta, sosial müdafiə xərcləri, faizlər və maliyyə sanksiyaları üzrə Dövlət Vergi Xidmətinin hesabına 75.949 manat, əlavə olaraq da bu günlərdə yenə ödəniş edilmişdir. xx.xx.2024cü il tarixdə Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən Əhmədli Bələdiyyəsinin hesabına həbs qoyulmuşdur. Təkcə 2024-cü ilin iyul ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna 14.000 manat, İcbari Tibbi Sığorta fonduna 4500 manat ödəniş, ümumilikdə 18.500 manat ödəniş edilmişdir. 2024-cü il tarix üçün İcbari Tibbi Sığorta Fonduna olan 4500 manat borc xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Odur ki, məhkəmədən onun ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
5. Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında 2008-ci il tarixli müqavilə.
6. Vergi hesabatlarının elektron mübadiləsi haqqında ərizə.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1496/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən AR İN yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsi rədd edilmişdir.
8. xx.xx.2024-cü il tarixli bildirişə əsasən Əhmədli Bələdiyyəsinin xx.xx.2024-cü il tarixə ümumilikdə 33,264,51 manat, o cümlədən, muzdlu və qeyri-mudzlu işdən əldə edilən gəlirlər üzrə 20,153 manat faizlər üzrə 13,111,51 manat borcu mövcuddur.
9. xx.xx.2024-cü il tarixli bildirişə əsasən Əhmədli Bələdiyyəsinin xx.xx.2024-cü il tarixə ümumilikdə 2965,72 manat o cümlədən, icbari tibbi sığorta haqları üzrə 1863,66 manat, faizlər üzrə 1,102,06 manat borcu mövcuddur.
10. xx.xx.2024-cü il tarixli bildirişə əsasən Əhmədli Bələdiyyəsinin xx.xx.2024-cü il tarixə ümumilikdə 1,941,19 manat o cümlədən, işsizlikdən sığorta üzrə 1074,17 manat, faizlər üzrə 867,02 manat borcu mövcuddur.
11. xx.xx.2024-cü il tarixli Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Xəbərdarlığa əsasən Əhmədli bələdiyyəsinin məcburi dövlət sosial sığorta haqqı üzrə 35413,90 manat, icbari tibbi sığorta haqqı üzrə 4607,06 manat borcu mövcuddur.
12. 01 iyul 2024-cü il tarixli 46№li Ödəniş tapşırığına əsasən Azərbaycan Respublikası Xətai rayon Əhmədli bələdiyyəsi tərəfindən DSMF-nin Mərkəzi Sosal və Fərdi Uçot İdarəsinə 4000 manat ödəniş edilmişdir.
13. 17 iyul 2024-cü il tarixli 50 №li Ödəniş tapşırığına əsasən Azərbaycan Respublikası Xətai rayon Əhmədli bələdiyyəsi tərəfindən DSMF-nin Mərkəzi Sosal və Fərdi Uçot İdarəsinə 5000 manat ödəniş edilmişdir.
14. 18 iyul 2024-cü il tarixli 51№li Ödəniş tapşırığına əsasən Azərbaycan Respublikası Xətai rayon Əhmədli bələdiyyəsi tərəfindən DSMF-nin Mərkəzi Sosal və Fərdi Uçot İdarəsinə 5000 manat ödəniş edilmişdir.
15. 18 iyul 2024-cü il tarixli 52№li Ödəniş tapşırığına əsasən Azərbaycan Respublikası Xətai rayon Əhmədli bələdiyyəsi tərəfindən İcbari Tibbi Sığorta Dövlət Agentliyinə 4500 manat ödəniş edilmişdir.
16. 01 avqust 2024-cü il tarixli 56№li Ödəniş tapşırığına əsasən Azərbaycan Respublikası Xətai rayon Əhmədli bələdiyyəsi tərəfindən DSMF-nin Mərkəzi Sosal və Fərdi Uçot İdarəsinə 2054,75 manat ödəniş edilmişdir.
17. 01 avqust 2024-cü il tarixli 55№li Ödəniş tapşırığına əsasən Azərbaycan Respublikası Xətai rayon Əhmədli bələdiyyəsi tərəfindən DSMF-nin Mərkəzi Sosal və Fərdi Uçot İdarəsinə 996,50 manat ödəniş edilmişdir.
18. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Konstitusiyası 28.3. qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
73. qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1 mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
21. Azərbaycan Respublikası Vergi Məcəlləsi 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;
22. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə ərizəni, ərizəyə əlavə edilmiş sənədləri və maraqlı şəxsin izahatını nəzərdən keçirərək hesab edir ki, ərizə əsassızdır və rədd edilməlidir.
24. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Əhmədli Bələdiyyəsinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 2965,72 manat olmaqla, ümumilikdə 2965,72 manat borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə araşdrıması zamanı Maraqlı şəxs tərəfindən təqdim edilmiş sənədlərə əsasən 2024-cü il tarix üçün İcbari Tibbi Sığorta Fonduna olan 4500 manat borc xx.xx.2024-cü il tarixdə ödənildiyi məlum olmuşdur. (§4, §15) Odur ki, hazırki ərizənin təmin olunması zərurətinin aradan qalxdığı müəyyənləşdirilmişdir.
25. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir.
Məhkəmə xərcləri:
26. Məhkəmə qeyd edir ki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azaddırlar.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 355-7- ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
1. Ərizə rədd edilsin.
2. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova