Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6526/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" ASC cavabdeh X2 qarşı cavabdehdən 4552 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 65,92 manat, ümumilikdə, 4617,92 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: xx.xx.2015-ci il tarixində, saat 22.50-də "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “Lexus RX300” minik markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz E220” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Nizami DYPŞ-nin MYP 271201 nömrəli, xx.xx.2015-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. “ASANPAY” Ödəniş Sistemindən əldə edilmiş çıxarışa əsasən qeyd olunan protokol üzrə tətbiq olunmuş inzibati cərimə növündə tənbeh tədbiri təmin olunmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E220” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 4552 manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Cavabdehin etirazı: İddianın dəlilləri formal mülahizələrə əsaslanır. Belə ki, əvvəla iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, “Lexus RX300” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edən Cavabdeh xx.xx.2015-ci il tarixdə “Mersedes Benz” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, bundan sonra İXM-in 151.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində xx.xx.2015-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin İdarə Heyətinin sədri tərəfindən xx.xx.2015-ci il tarixdə təsdiq edilmiş “Sığorta Aktı”ndan göründüyü kimi, “Lexus RX300” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil onun sahibi – sığortalı X4 tərəfindən “Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası” sığorta növü ilə sığortalanmış, sığortanın tarixi xx.xx.2014cü il tarixdən xx.xx.2015-ci il tarixədək müəyyən edilmiş, sığorta məbləği 5000 manat təşkil etməklə, sığorta haqqı xx.xx.2014-cü il tarixdə təmin edilmişdir. Həmçinin həmin “Sığorta Aktı”ndan göründüyü kimi, zərərə uğramış avtonəqliyyat vasitəsi “Mersedes Benz” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil olmuş, sığorta hadisəsinın baş vermə tarixi xx.xx.2015-ci il, müəyyən edilmiş zərərin məbləği 4552 manat təşkil etməklə, faktiki sığorta ödənişi də 4552 manat müəyyən edilmiş və sığorta ödənişinin təyinatı avtomobili təmir edən X3 hesabına köçürülməsi müəyyən edilmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin Müştəri Xidmətləri Departamenti tərəfindən xx.xx.2015-ci il tarixdə tərtib və təsdiq edilmiş bank ödəniş sənədindən göründüyü kimi, həmin tarixdə xx.xx.2015ci il tarixli akta əsasən 4552 manat zərərin məbləği ödənilmişdir. Beləliklə, göründüyü kimi, “Lexus RX300” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta məbləği 5000 manat təşkil etməklə sığortalı olmuş, həmin sığorta vəsaiti hesabına “Mersedes Benz” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi, yəni 4552 manat ödənilmişdir. Belə olan halda, iddia əsassız və qanunsuzdur. Digər tərəfdən, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Belə ki, işdən göründüyü kimi, “Mersedes Benz” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillin sahibinə vurulmuş ziyana görə sığorta ödənişi xx.xx.2015-ci il tarixdə təmin edilmişdir. Hazırkı iş üzrə iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Beləliklə, iddiaçı tərəfindən iddia sığorta ödənişinin edildiyi xx.xx.2015-ci il tarixdən 9 il 2 ay 18 gün sonra qaldırılmışdır. Beləliklə, müəyyən edilir ki, hətta həmin iddia əsaslı olsa belə, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Bu, yəni iddia müddətinin keçməsi isə, məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Nəhayət, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə 2(011)-4661/2020 saylı iş Xətai rayon Məhkəməsinin (hakim Səhriyar Əliyev) icraatında olmuş, yəni iddiacı eyni iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmiş, həmin iddia ərizəsi Məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuş, Xətai rayon Məhkəməsinin (hakim Səhriyar Əliyev) icraatında olan 2(011)-4661/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmış, iddiaçı həmin qərardaddan şikayət verməmiş, qərardad qanuni qüvvəyə minmişdir. Beləliklə, göründüyü kimi, iddiaçı həmin qərardadın qəbul edilməsindən düz 4 il sonra heç bir əsas olmadan yenidən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iddia qaldırmışdır. Bu hal da, iddianın dəlillərinin formal mülahizələrə əsaslanmaqla yanaşı, tamamilə əsassız və qanunsuz olmasına dəlalət edir. Tərəflərin izahatları: İddiaçının nümayəndələri məhkəməyə ərizələr ilə müraciət edərək bildirmişlər ki, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəklər, iddialarını müdafiə edirlər, iddianın təmin olması ilə bağlı qətnamə qəbul edilməsini zahiş etmişdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, eyni zamanda iddia müddətini tətbiq etməklə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: “Lexus RX300” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edən Cavabdeh xx.xx.2015-ci il tarixdə “Mersedes Benz” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Bundan sonra o, İXM-in 151.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir “Lexus RX300” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil onun sahibi – sığortalı X4 tərəfindən “Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası” sığorta növü ilə sığortalanmış, sığortanın tarixi xx.xx.2014cü il tarixdən xx.xx.2015-ci il tarixədək müəyyən edilmişdir. Hadisə nəticəsində “Mersedes Benz” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 4552 manat müəyyən edilmiş və sığorta ödənişinin təyinatı avtomobili təmir edən X3 hesabına köçürülmüşdür. Sığorta ödənişi 08 may 2015-ci il tarixində aparılmışdır. İddianın hüquqi əsası: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, sığorta hadisəsi Cavabdeh qanuna zidd hərəkətlərinin nəticəsində baş verdiyindən, cavabdeh hadisə yerindən yayındığından və Cavabdeh istifadəsində olan avtomobilə dəymiş ziyan, yəni 4552 manat iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından "xxxx" ASC-nin cavabdehə qarşı həmin məbləğdə subroqasiya hüququ yaranmışdır. Odur ki, 4552 manat məbləğində pul vəsaiti cavabdeh X1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 65,92 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçı tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə əsassızdır və nəzərə alınmamalıdır. Belə ki, hazırkı iddia tələbinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən 10 illik iddia müddəti tətbiq edilməlidir. Sığorta hadisəsinin baş verəndən və sığorta ödənişi aparıldıqdan sonra, iddiaçı hazırkı iş üzrə iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni 10 illik iddia müddəti ötürülmədən verilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 4552,00 (dörd min beş yüz əlli iki manat) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65,92 (altmış beş manat doxsan iki qəpik) manat məbləğində pul vəsait tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-6526/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6526/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver