Məhkəmə qərarları › İş №e-2(011)-6557/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6557/2021

27.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6557/2021 27.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun mövcud olmamasının müəyyən olunması və şəxsin qeyd edilən ünvandan pasport qeydiyyatından çıxarılması” barədə ilkin iddiası, Cavabdeh İddiaçı qarşı “evə köçürülmə” barədə qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanındakı fərdi yaşayış evində istifadə hüquqlarının mövcud olmamasının müəyyən olunmaqla həmin şəxsin qeyd edilən ünvandan pasport qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanındakı fərdi yaşayış evinin mülkiyyətçisidir. Həmin evə dair DƏDRX tərəfindən 20 dekabr 2017-ci il qeydiyyat tarixli RXN1193802 saylı çıxarış verilmişdir. Həmin evə 27 yanvar 2018-ci il tarixdə iddiaçı ilə bərabər, onun razılığı əsasında oğlu X3, onun keçmiş həyat yoldaşı Cavabdeh və iddiaçının iki nəvəsi qeydiyyata düşmüşdür. İddiaçının oğlu Habil Abbasov 31 yanvar 2004-cü ildə Cavabdeh ilə nikaha daxil olmuş və bu nikahdan 2004 və 2006-cı il təvəllüdlü iki övladları anadan olmuşdur. Toydan sonra gəlin əvvəlki evlərinə-Turşu küçəsi 23/26 ünvanına gəlmiş və orada qeydiyyatsız yaşamışdır. Həmin evin mülkiyyətçisi iddiaçının mərhum həyat yoldaşı olmuşdur. Daha sonra hazırkı iddiaçının mülkiyyətində olan ev alındıqdan sonra onlar həmin evə köçmüşlər. Cavabdeh 2018-ci ildə həmin evə qeydiyyata düşdükdən sonra, 2019-cu ilin may ayında heç bir əsaslı səbəb olmadan evdən çıxıb getmiş, bir daha evə qayıtmamışdır. İddiaçının oğlu Habil Abbasov cavabdeh ilə aralarındakı nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(011)-237/2021 saylı qətnaməsi ilə tərəflərin arasındakı nikah pozulmuş, hər iki uşağın atalarının yanında saxlanılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Qüvvəyə minmiş həmin qətnamədə də müəyyən edilmişdir ki, tərəflər ayrı yaşayırlar. Bu isə ona dəlalət edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan evdən çıxıb getmişdir, daha orada yaşamır. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun sonuncu, yeganə yaşayış yeri olan pasport qeydiyyatında olduğu ünvan 2 ünvanındakı 4 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı oğlu X3 ilə 31 yanvar 2004-cü ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Sonra o, keçmiş həyat yoldaşı X2 qeydiyyatda olduğu və ailə üzvləri ilə birlikdə yaşadığı Xətai rayonu, Turşu küçəsi 23/26 ünvanındakı fərdi yaşayış evinə gəlin köçmüş və bütün cehiz əşyalarını həmin evə aparmışdır. Onlar uzun müddət Xətai rayonu, Turşu küçəsi 23/26 ünvanındakı evdə yaşamışlar, yaşadıqları dövrdə ailədə birgə təsərrüfat olmuş, evdə iki dəfə birgə vəsait hesabına əsaslı təmir işləri aparılmışdır. X3 ilə birgə nikahdan İlham və Əli adlı iki övladı anadan olmuşdur. Onların uzun müddət yaşadıqları Xətai rayonu, Turşu küçəsi 23/26 ünvanındakı ev iddiaçının mərhum qayınatasının sahibliyində olmuş, həmin evin mülkiyyət sənədi olmamışdır. 2017-ci ildə yaşadıqları Xətai rayonu, Turşu küçəsi 23/26 ünvanındakı ev söküntü planına düşdüyündən həmin evə 500.000 manat kompensasiya verilmişdir. Həmin vəsaitin bir hissəsinə İddiaçı adına Xətai rayonu, Rəşid Bağırov küçəsi, ev 51 C ünvanındakı 4 mərtəbəli fərdi yaşayış evini almışlar, onlar həmin evə mülkiyyətçi İddiaçı razılığı ilə qeydiyyata götürülmüşlər, köhnə evdəki əmlakları həmin evə apararaq orada birlikdə yaşamağa başlamışlar. 2020-ci ildə Cavabdeh həmin evdən qovmuşlar, o, valideynlərinin yaşadığı evə getmişdir. Xətai rayonu, Rəşid Bağırov küçəsi, ev 51 C ünvanındakı 4 mərtəbəli fərdi yaşayış evində olan cehiz əmlaklarının bir hissəsi avtomobilə yığılaraq gətirilib onun yaşadığı evin qarşısına atılmışdır. İddiaçının hazırda başqa yaşayış yeri yoxdur. O, həmin evdən məcburi çıxarılmışdır və həmin evə buraxılmır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X4 qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ilkin iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia rədd olunmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli 2(011)- 6557/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun mövcud olmamasının müəyyən olunmaqla həmin şəxsin qeyd edilən ünvandan pasport qeydiyyatından çıxarılması” barədə ilkin iddianin “şəxsin qeyd edilən ünvandan pasport qeydiyyatından çıxarılması” hissəsində icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 20 dekabr 2017-ci il tarixli Çıxarışa əsasən sözügedən fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçının keçmiş gəlinidir. O, İddiaçı razılığı əsasında 28 noyabr 2018-ci il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınmışdır. İddiaçı oğlu Habil Abbasov ilə Cavabdeh arasındakı nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(011)-237/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində bildirmişdir ki, nikaha daxil olduqdan sonra köçdüyü və uzun illər yaşadığı Xətai rayonu, Turşu küçəsi 23/26 ünvanındakı evin mülkiyyət sənədi olmamışdır. 2017-ci ildə həmin ev söküntü planına düşmüş, onlara 500.000 manat kompensasiya ödənilmişdir. Hazırkı mübahisə predmeti olan mənzil isə həmin kompensasiyanın bir hissəsinə alınmışdır. Onun uzun illər yaşadığı Xətai rayonu, Turşu küçəsi 23/26 ünvanındakı evə istifadə hüququ yaranmışdır. Məhkəmə yuxarıda sadalananları nəzərdən keçirərək belə hesab edir ki, hazırkı iş üzrə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi dövlət tərəfindən kompensasiya verilməklə sökülmüşdür və hazırda da həmin ev mövcud deyildir. Odur ki, sökülmüş evlə bağlı hər hansı istifadə hüququ mövcud ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə məhkəmə hesab edir ki, sözügedən münasibətlərinin tənzimləməsi üçün 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi)”. Daha sonra qeyd olunan qərarda göstərilir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ər-arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Məhkəmə sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mənzil hüquq münasibətinə tətbiq edib, işə əlavə edilmiş sübutları, o cümlədən mübahisəli evin hüquqi vəziyyətini nəzərə alıb hesab edir ki, hazırkı mülki iş üzrə Cavabdeh İddiaçı keçmiş gəlini olaraq Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxil olmadığından, ünvan 2 ünvanındakı fərdi yaşayış evindən iddiaçı ilə birlikdə istifadə hüququna malik deyildir. Cavabdeh həmin fərdi yaşayış evinə istifadə hüquqları yaranmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evdən qanuni əsaslarla istifadə hüququnun əmələ gəlməməsinə istinad edilməklə ilkin iddia tələbi təmin edilməlidir. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Məhkəmə Cavabdeh İddiaçı qarşı fərdi yaşayış evinə köçürülməsi barədə qarşılıqlı iddia tələbinə qiymət verərək, belə hesab edir ki, qarşılıqlı iddia tələbi də əsassız olmaqla rədd edilməlidir. Yuxarıda sadalanan əsaslara görə məhkəmə belə hesab edir ki, Cavabdeh mübahisəli fərdi yaşayış evinə istifadə hüququ mövcud olmadığından onun həmin evə köçürülməsinin heç bir hüquqi əsası yoxdur. Cavabdeh qeyd edilən fərdi yaşayış evində qeydiyyatda olması onun həmin evə dair hər hansı hüququnun olmasına dəlalət etmir, yalnız formal xarakter daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, ilkin iddia üzrə İddiaçı 20 manat dövlət rüsumu, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 10 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən 20 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 10 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanındakı fərdi yaşayış evindən istifadə hüquqlarının mövcud olmaması müəyyən edilsin. Cavabdeh İddiaçı qarşı - onun sonuncu, yeganə yaşayış yeri olan pasport qeydiyyatında olduğu ünvan 2 ünvanındakı 4 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qarşılıqlı iddia tələbi rədd edilsin. İlkin iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu onun özünə aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar