Məhkəmə qərarları › İş №e-2(011)-6566/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6566/2022

23.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6566/2022 23.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən mənzili iddiaçının mülkiyyətindədir. Mənzilin mülkiyyətdə olmasını Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindənverilmiş MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təsdiq edir. Cavabdelə iddiaçının heç bir əlaqəsi yoxdur. Belə ki, Cavabdeh mənzildə qeydiyyatda olsa da, iddiaçı mənzili aldıqdan sonra heç vaxt həmin mənzildə yaşamamış, qeydiyyatı formal xarakter daşımışdır. Hazırda cavabdehin harada yaşaması barədə məlumat yoxdur. Cavabdehin formal olaraq qeyd olunan mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir. Cavabdehin hər hansı bir formada istifadə hüququ yoxdur, onun qeyd edilən əmlakdan istifadə hüququna xitam verilməlidir. Cavabdeh faktiki yaşayış yerləri məlum olmadığından, onlar məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin həmin mənzilin yerləşdiyi əraziyə xidmət edən 66 saylı MKİS tərəfindən cavabdehin “mənzildə yaşamır” qeydi yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının cavabdehin həmin mənzildə yaşamamasına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Senyuşkin küçəsi istifadədə olan 0.0926 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində, 51,77 kv.m. ümumi, 31,9 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 24 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 988 nömrəli reyestr kitabının 88696 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan satıcı X1 ilə alıcı İddiaçı arasında xx.xx.2009-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,77 kv.m. olan 2 otaqlı mənzilini alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəllərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh B ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan notariat işindən görünür ki, Cavabdeh mənzilə dair alğısatqı müqaviləsi bağlanarkən qeydiyyatda olmamışdır. Tətbiq edilən hüquq: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd edilən Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə X1 Bakı şəhəri, Nikişin küçəsi, 7 saylı evin, 24 nömrəli mənzilinə dair alğı-satqı müqaviləsi bağlanmış, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ əmələ gəlmişdir. Cavabdeh həmin ünvana qeydiyyatdadır, o orada yaşamamış və həmin mənzildən istifadə etməmişdir, həmçinin iddiaçının ailə üzvü deyildir, onun iddiaçının mənzilinə qeydiyyatı formal xarakter daşımışdır və həmin mənzilə istifadə hüququ yaranmamışdır. Bununla belə, cavabdehin yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququna dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh həmin mənzildə faktiki qeydiyyatda olsa da, onun həmin mənzilə dair istifadə hüququ yaranmadığından cavabdehin İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, S.Senyuşkin küçəsi, ev 7, 24 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi də əsassızdır və buna görə də rədd edilməlidir. Bununla bərabər məhkəmə qeyd edir ki, iddia tələbinin rədd edilməsi Cavabdeh Bakı şəhəri, Xətai rayonu, S.Senyuşkin küçəsi, ev 7, 24 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı–ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququna xitam verilməsinə dair iddiası təmin edilməsin. Bu qətnamə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, S.Senyuşkin küçəsi, 7 saylı evin, 24 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar