Məhkəmə qərarları › İş №e-2(011)-666/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-666/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-666/2025 12.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Hyundai Grandeur” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Hyundai Grandeur” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və Bəxşəliyev Allahverən Şirin oğlunun sağlamlığına az ağır xəsarət yetirmişdir. Qeyd olunan sığorta hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən 1500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Xəzər RPİ İstintaq şöbəsinin Qərarında Cavabdeh AR Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Xəzər RPİ İstintaq şöbəsinin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Hyundai Grandeur” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. İddiaçı göstərilənləri nəzərə alaraq, 1500 manat sığorta ödənişi məbləğinin və 35 manat dövlət rüsumunun, cəmi 1 535 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə iddiaçı "xxxx" ASC-yə və Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmənin baxış iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət iddia tələbinin təmin edilməsini və məhkəmə iclasının nümayəndələrinin iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin və ya onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan "xxxx" ASC ilə X6 arasında bağlanan 04 yanvar 2019cu il tarixli Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsindən görünür ki, “Hyundai Grandeur” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-250/2019 saylı 09 oktyabr 2019-cu il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkddə təqsirli bilinmiş və ona 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh şübhəli şəxs qismində 03 may 2019-cu il tarixdən 04 may 2019cu il tarixə qədər tutulub saxlanıldığı 01 gün və təqsirləndirilən şəxs qismində 26 sentyabr 2019-cu il tarixdən 09 oktyabr 2019-cu il tarixədək həbsdə saxlanıldığı 14 gün, cəmi 15 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 05 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmdən görünür ki, Cavabdeh 09 fevral 2019-cu il tarixdə saat 08:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi X5 məxsus texniki cəhətdən saz olan “Hyundai Grandeur” markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 60-70 km sürətlə Bakı şəhəri Xəzər rayonu Hava limanı şosesi ilə Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkət hissəsinin sağ kənarında dayanmış piyadadan hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə saxlayaraq onun yanından keçib getməli olduğu halda bunlara əməl etməmiş, mövcud şəraitdə Bakı şəhəri Xəzər rayonu Hava limanı şosesinin 20-ci kilometrliyində yolun hərəkət hissəsinin sağ kənarında dayanmış piyada X1 avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə X2 ehtiyatsızlıqdan sağ və sol incik sümüklərinin qəlpəli sınıqları, sindesmozun (bağların) cırılması, aşıq-baldır oynağının yarımçıxığı, sol ayağın V daraq sümüyünün yerdəyişən sınığı ilə müşaiyət olunan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarət yetirmiş, X4 əmlakı olan “Hyundai Grandeur” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobilə 3325 manat maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozmuşdur. İş materiallarında olan 02 iyul 2019-cu tarixli, 009621 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən Bəxşəliyev Allahverən Şirin oğluna sığorta aktına əsasən 1500 manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Mülki Məcəllənin 1096-cı maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin mülki hüquq pozuntuları üçün məsuliyyətin əsaslarını müəyyən edən 1097-ci maddəsi nəzərdə tutur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Hyundai Grandeur” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Hyundai Grandeur” markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və Bəxşəliyev Allahverən Şirin oğlunun sağlamlığına az ağır xəsarət yetirmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 250/2019 saylı 09 oktyabr 2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkddə təqsirli bilinmiş və ona 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cavabdeh şübhəli şəxs qismində 03 may 2019-cu il tarixdən 04 may 2019-cu il tarixə qədər tutulub saxlanıldığı 01 gün və təqsirləndirilən şəxs qismində 26 sentyabr 2019-cu il tarixdən 09 oktyabr 2019-cu il tarixədək həbsdə saxlanıldığı 14 gün, cəmi 15 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 05 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Qeyd olunan sığorta hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən 1500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı sığorta şirkəti subroqasiya hüququndan istifadə edərək, Cavabdeh qarşı irəli sürdüyü iddia tələbi əsaslı olduğundan təmin edilməli Bəxşəliyev Allahverən Şirin oğlunun sağlamlığına vurulmuş az ağır zərərə görə 1500 manat və həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 35 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1500 manat pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumu tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar