Məhkəmə qərarları › İş №e-2(011)-6668/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6668/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6668/2024 16.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “İsuzu Ecobus” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixli PDS********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) sığortalanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixində, saat 14:00 radələrində həmin avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində “Azsamand” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Sabunçu RPİ DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, Sabunçu RPŞ DYPŞ polis leytenantı X1 xx.xx.2019-cu il tarixli AP0148069 saylı inzibati xəta haqqında protokolundan və xx.xx.2019-cu il tarixli TP3297144 saylı inzibati tənbeh tətbiq etmə barədə qərardan görünür ki, xx.xx.2019-cu il tarixində, saat 14:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yolnəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh hadisə yerindən yayındığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zərər dəymiş “Azsamand” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilə və dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında” qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, Şirkət tərəfindən qiymətləndirilərək 560 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli, 3998-3415 nömrəli sığorta ödənişinə dair akt və xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə 560 manat sığorta ödənişi faydalanan şəxsə ödənilmişdir. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsindən sonra hadisə yerindən yayındığından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddələrinə əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətininin ödənilmiş sığorta ödənişi məbləğində cavabdehdən subroqasiya hüququ qaydasında tələb etmək hüququ yaranmışdır. İddiaçı yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1096.2, 1097 maddələrini rəhbər tutaraq, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən faydalanan şəxsə ödənilmiş 560 manat sığorta ödənişi və ödənilmiş 30.40 manat dövlət rüsumu olmaqla, cəmi 590.40 manat pulun Cavabdeh tutularaq ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz etməklə yanaşı, izahatında bildirmişdir ki, hadisə onun təqsirinə görə olmamışdır. Hadisə yerindən yayındığına görə cərimələnmişdir. Cavabdeh qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini və məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 05 dekabr 2019-cu il tarixli sığorta aktının surətindən məlum olur ki, “İsuzu Ecobus” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" DSKŞ tərəfindən sığortalanmışdır. 11 oktyabr 2019-cu il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Bakıxanov qəsəbəsi ünvanında həmin avtomobil “Azsamand” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. "xxxx" DSKŞ tərəfindən X2 560 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 2019-cu il tarixli qüsur aktının surətindən görünür ki, “Azsamand” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilin dəymiş zərər 560 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan DİN Bakı şəhər DYPİ-nin TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 11 oktyabr 2019-cu il tarixdə idarə etdiyi “İsuzu Ecobus” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələri ilə inzibati tənbeh qismində 100 manat məbləğində cərimə tətbiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Mülki Məcəllənin 1108.2-ci maddəsinin yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuluyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 1096-cı maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin mülki hüquq pozuntuları üçün məsuliyyətin əsaslarını müəyyən edən 1097-ci maddəsi nəzərdə tutur ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Eyni Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə görə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, 11 oktyabr 2019-cu il tarixdə Cavabdeh idarə etdiyi “İsuzu Ecobus” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Bakıxanov qəsəbəsi ünvanında “Azsamand” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1ci maddələri nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və inzibati tənbeh qismində 100 manat məbləğində cərimə tətbiq olunmuşdur. "xxxx" ASC tərəfindən verilmiş qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Azsamand” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilə 560 manat məbləğində ziyan dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta aktına əsasən X2 oğluna 560 manat məbləğində ödəniş ödənilmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, yuxarıda qeyd edilmiş maddi hüquq normalarını rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçı sığorta şirkətinin tələbi Cavabdeh qarşı əsaslı olduğu üçün iddia təmin edilməli və Cavabdeh 560 manat məbləğində pul vəsaiti və 30,40 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 560 manat məbləğində pul vəsaiti və 30,40 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar