Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6801/2023 13.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. “Mercedes Benz GLS 450” markalı, ** UK *** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – Sığortalanmış avtomobil) xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin tam sığortası” növü (kasko sığorta) üzrə sığortalanmışdır.
2. xx.xx.2022-ci il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdeh idarə etdiyi “Mercedes Benz 190E” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində Sığortalanmış avtomobilə zərər vurmuşdur.
3. Həmçinin, cavabdeh barəsində xx.xx.2022-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar (xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında protokol əsasında) qəbul edilməklə, o, İXM-nin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə olunmuşdur.
4. Sığorta hadisəsi nəticəsində Sığortalanmış avtomobilə dəyən zərər “X1” MMC tərəfindən zərər aktı tərtib edilməklə 5152,75 manat məbləğində qiymətləndirilmiş və xx.xx.2022-ci il tarixdə köçürmə yolu ilə “X1” MMC-yə ödənilmişdir.
5. Zərərvuran şəxsin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından dəymiş zərərdən 1000 manat franşiza çıxılmaqla, 4000 manat sığorta ödənişi iddiaçıya ödənilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
6. İddiaçı cavabdehdən 152,75 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 30,40 manat dövlət rüsumu, ümumilikdə 183,15 manat tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdehin idarə etdiyi “Mercedes Benz 190E” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, H.Əliyev prospekti ilə hərəkət edən zaman Sığortalanmış avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2022ci il tarixli, TP ******* saylı qərar ilə “Mercedes Benz 190E” markalı,** NF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanan Sığortalanmış avtomobilə 5152,75 manat maddi zərər dəymişdir. MİB2000113 saylı sığorta şəhadətnaməsinə və AKS220 180 saylı, xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktına əsasən iddiaçı tərəfindən 4152,75 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçının əməkdaşları tərəfindən müvafiq sığorta hadisəsi araşdırılan zaman müəyyən edilmişdir ki, “Mercedes Benz 190E” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası "xxxx" ASC-də olmuşdur. “İcbari Sığortalar haqqında” AR Qanununun 56.1.2-ci maddəsinin tələbinə əsasən, "xxxx" ASC-ə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta ödənişin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 4000 manat ödəniş həyata keçirilmişdir. Bundan sonra, sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 152,75 manat təşkil etmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə bildiriş göndərilsə də, zərf məhkəməyə geri qaytarılmışdır.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
10. Maddə 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
11. Maddə 1108.2 Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:
16. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
17. AR MM-nin 936.1 və 936.2-ci maddələrinin mənasından görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi əsas şərtdir. İddiaçının subroqasiya hüququnun yaranması isə iş materialları ilə müəyyən edilir.
18. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə Sığortalanmış avtomobilin sığorta müqaviləsi qüvvədə olduğu vaxt (xx.xx.2022-ci il) sığorta hadisəsi baş vermiş və Sığortalanmış avtomobil cavabdeh tərəfindən “Mercedes Benz 190E” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində zədələnmişdir. İddiaçı tərəfindən zərər dəymiş avtomobilin təmiri üçün “X1” MMC-nin hesabına 4152,75 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Sonradan isə cavabdehin idarə etdiyi avtomobili icbari qaydada sığorta etmiş "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin 4000 manat hissəsi iddiaçıya geri qaytarılmışdır.
19. Həmçinin, cavabdeh törətdiyi yol nəqliyyat hadisəsinə görə xx.xx.2022-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə İXM-nin 327.1-ci maddəsilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.
20. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Sığortalanmış avtomobilə yol nəqliyat hadisəsi nəticəsində dəymiş ziyan iddiaçı tərəfindən aradan qaldırıldığından iddiaçının subroqasiya hüququ yaranmışdır.
21. Məhkəmə həmçinin iddianın 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 152,75 manat məbləğində sığorta ödənişi, 30,40 manat məbləğində dövlət rüsumu və manat bank xidmət haqqı Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı