Məhkəmə qərarları › İş №e-2(011)-6830/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6830/2024

26.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6830/2024 26.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və övladı 07 iyun 2019-cu il təvəllüdlü X1 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 80 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, mənzil 80 mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Mənzilə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH0166985 saylı çıxarış verilmişdir. X7 Cavabdeh ilə 04 avqust 2018-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Sevda oğlu Mehman ilə 2018-ci il tarixdə ailə qurduqdan etibarən iddiaçının mülkiyyətində olan ünvan 1 , mənzil 80-ə gəlin gəlmiş və həmin mənzilə qeydiyyata düşmüşdür. Birgə nikahdan doğulan 07 iyun 2019-cu il təvəllüdlü X3 da iddiaçının mülkiyyətində olan həmin evə qeydiyyata düşmüşdür. X7 və Cavabdeh arasında 28 mart 2024-cü ile-2(011)- 848/2024 saylı Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə nikah pozulmuşdur və birgə nikahdan doğulan 07 iyun 2019-cu il təvəllüdlü X3 anasının himayəsinə verilmişdir. Hazırda Cavabdeh və X3 iddiaçının mülkiyyətində olan mənzildə yaşamırlar və həmin mənzildə formal olaraq qeydiyyatda qalmaqdadırlar. Hazırda Cavabdeh və övladı X1 iddiaçıya məxsus mənzildə qeydiyyatda olmaları iddiaçının həmin əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır. Bu səbəbdən də onların həmin yaşayış evində istifadə hüquqlarına xitam verilməli və istifadə hüququnun olmaması müəyyən edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, həmin ünvanda onun cehiz əmlakı var. Özü hazırda övladı ilə birlikdə kirayədə yaşayır. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçının oğlu X4 cavabdehlə 04 avqust 2018-ci il tarixdə nikaha daxil olmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli e-2(011)-848/2024 saylı qətnaməsindən görünür ki, X4 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahından doğulmuş 07 iyun 2019-cu il təvəllüdlü X3 anasının himayəsinə verilmiş və X2 Cavabdeh xeyrinə aliment tutulmuşdur. İş materiallarında olan MH seriyalı ******* nömrəli çıxarışını surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 5 otaqlı, ümumi sahəsi 100.78 kv.m., yaşayış sahəsi 60.08 kv.m. olan 80 nömrəli mənzil 24 iyun 2008-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, Cavabdeh, onun yetkinlik yaşına çatmayan övladı 07 iyun 2019-cu il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən 80 nömrəli mənzildə qeydiyyatdadırlar. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlara əsasən müəyyən edilir ki, cavabdeh və onun övladı mübahisəli mənzildə yaşamır. Lakin onlar hazırda iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 dekabr 2014-cü il tarixli qərarı: “Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi)”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur”. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının oğlu X4 ilə Cavabdeh 2018-ci ildə nikaha daxil olmuşlar. Onların nikahı 2024-cü ildə pozulmuşdur. İş materiallarından və tərəflərin izahatlarından da görünür ki, cavabdeh iddiaçının keçmiş gəlini olmaqla, iddiaçının ailə üzvü deyildir. Belə olan halda cavabdehin iddiaçıya məxsus mənzilə istifadə hüququ yoxdur. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının ailə üzvü olmadığından, həmin mənzildə hazırda yaşamadığından hazırda cavabdehin iddiaçıya aid mənzilə dair istifadə hüququ mövcud deyil. Həmçinin, məhkəmə cavabdehin övladı 07 iyun 2019-cu il təvəllüdlü X1 istifadə hüquqlarının mövcud olub-olmamasını araşdıraraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında əsaslanmağı zəruri hesab edir. Məcəlləyə əsasən aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ər-arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Beləliklə, X3 iddiaçıdan aliment tələb etmək hüququna malik olan digər şəxslərdən hesab olunur. Lakin nə qədər ki, məhkəmə qətnaməsi ilə o, ananın yanında saxlanılmaqla onun himayəsinə verilib, qanunvericiliyin tələblərinə əsasən də yetkinlik yaşına çatmayanların yaşayış yeri də valideynlərinin yaşayış yeridir, qeyd olunan mənzilə Cavabdeh istifadə hüququ olmadığından məhkəmə hesab edir ki, 07 iyun 2019-cu il təvəllüdlü X1 da həmin mənzilə dair istifadə hüququ yoxdur. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin və onun övladının mübahisəli mənzilə qeydiyyatı icazə xarakteri daşımır və yalnız qanunvericilik ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilərdi. İşin hallarından da göründüyü kimi cavabdeh və onun övladı mübahisəli mənzildə formal olaraq qeydiyyatdadırlar və faktiki olaraq qeyd edilən mənzildə yaşamırlar. Məhkəmə qeyd edir ki, hazırkı qətnamə Cavabdeh və övladı 07 iyun 2019-cu il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən 5 otaqlı, ümumi sahəsi 100.78 kv.m., yaşayış sahəsi 60.08 kv.m. olan 80 nömrəli mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Cavabdehlərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı yalnız qanunvericilik ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilərdi. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə nəticəyə gəlir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ mövcud olmadığından iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı - Cavabdeh və övladı 07 iyun 2019-cu il təvəllüdlü X1 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 80 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə iddia tələbi rədd edilsin. Bu qətnamə Cavabdeh və övladı 07 iyun 2019-cu il təvəllüdlü X1 ünvan 1 ünvanında yerləşən 5 otaqlı, ümumi sahəsi 100.78 kv.m., yaşayış sahəsi 60.08 kv.m. olan 80 nömrəli mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar