Məhkəmə qərarları › İş №e-2(011)-6927/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6927/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6927/2023 19.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. xx.xx.2022-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz E200” markalı, ** FK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Toyota Prius” markalı , ** FP *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq,“Toyota Prius” markalı , ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 900 (doqquz yüz manat) AZN məbləğində ödəniş həyata keçirilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayındığına görə Cavabdeh qarşı iddiaçının subroqasiya hüququ yaranmışdır.

İddiaçının tələbi:

2. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği olan 900 (doqquz yüz) manat və 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 930,40 (doqquz yüz otuz manat qırx qəpik) manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

Cavabdehin etirazı:

3. AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, qəza vaxtı ona məxsus avtomobilin hadisə yerində olmamasının səbəbi Sabunçu rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən onun iştirakı olmadan həmin bölmənin ərazisinə aparmaları olmuşdur. Buna sübut olaraq ilkin istintaqda və Sabunçu rayon YPX əməkdaşlarına verdiyi izahatları göstərmişdir. Cavabdeh məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir.

Tərəflərin izahatı:

4. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər:

6. 114692 nömrəli Sığorta aktına əsasən, Mercedes Benz E200 markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış və xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Toyota Prius minik markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.

7. 05 noyabr 2022-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 900 manat sığorta ödənişi edilmişdir.

8. . Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışa əsasən, xx.xx.2022-ci il tarixdə saat 01:10 radələrində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə anında Toyota Prius minik markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə etmişdir.

9. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli Qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının 327.2-ci və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun barəsində cərimə tənbeh tədbiri tətbiq edilmişdir.

10. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabata əsasən, ehtiyyat hissələri üçün 310 manat, görülən işlər üçün 590 manat olmaqla cəmi 900 manat xərc çəkilmişdir.

11. 15 noyabr 2022-ci il tarixli pretenziya məktubuna əsasən, borcun ödənilməsi əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq: 12 Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar üfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

13. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanunu: 37.1. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

14. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 22.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il Qərarı: Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə mülki iş üzrə tərəfin izahını, iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir.

23. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh Əliyev X1 Prius minik markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, xx.xx.2020-ci il tarixli yolnəqliyyat hadisəsi baş vermişdir. İnzibati tənbeh vermə haqqında Qərara və mülki iş materiallarına əlavə edilmiş digər sənədlərə əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsi, cavabdehin hadisə yerindən yayınması öz təsdiqini tapmışdır (§9).

25. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanuna əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranma hallarından biri sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Bu zaman, subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. (§14)

26. Mülki Məcəllənin subroqasiya hüquqi ilə bağlı müddəaların mənasından da görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün sığorta hadisəsinin baş verməsi və zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi əsas şərtdir. İş materialları ilə iddiaçının subroqasiya hüququnun yaranması müəyyən edilir. Birinci şərt, yəni, sığorta hadisəsinin baş verməsidir ki, bu sığorta obyektinə dəymiş zərərlə bağlıdır. Yuxarıda qeyd edilənlərə əsasən, sığorta obyektinə zərərin dəyməsi öz təsdiqini tapır. İkinci şərtin, yəni zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi də mülki iş materialları ilə təsdiq edilir.

27. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 900 (doqquz yüz) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Məhkəmə iddiaçının 30.40 manat məbləğində dövlət rüsumu tələbi ilə bağlı hesab edir ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmiş, 0.40 manat isə əlavə xidmət haqqıdır. İddia tələbində xidmət haqqı qeyd edilmədiyindən, məhkəmə yalnız dövlət rüsumu hissəsini əsaslı hesab edir və iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir.

Məhkəmə xərcləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh 900 (doqquz yüz) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin.

4. İddia qalan hissədə təmin edilməsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar