Məhkəmə qərarları › İş №e-2(011)-7201/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7201/2022

22.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7201/2022 22.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və azyaşlılar X1 və X2 Bakı şəhəri, Xətai rayonu, Gen. Mehmandarov küçəsi, ev 74, 29 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən qeydiyyatdan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili 20 sentyabr 2022-ci il tarixdə alğı-satqı yolu ilə əldə etmişdir. Həmin mənzilin iddiaçının mülkiyyətində olmasına dair 22 sentyabr 2022-ci il tarixdə çıxarış verilmişdir. Mənzilin iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq mənzildə qeydiyyatda olan şəxslər hələ də qeydiyyatdan çıxmamışlar, bu da iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, onlar məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, lakin cavabdehlərin həmin ünvanda yaşamamasına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan notariat işindən görünür ki, İddiaçı 20 sentyabr 2022-ci il tarixdə X6 ilə arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gen. Mehmandarov küçəsi, ev 74, 29 saylı mənzili almışdır. Cavabdehlər mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvləri olmuşlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 sözügedən mənzilin satılmasına dair yazılı razılıq vermişlər. Onlar hazırda həmin mənzildə yaşamırlar, mübahisəli mənzildə formal olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, X6 ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinə əsasən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gen. Mehmandarov küçəsi, ev 74, 29 saylı mənzili tam olaraq mülkiyyətinə qəbul etmişdir. Cavabdehlər mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvləri olmaqla, mənzilin alğı-satqısından sonra köçərək başqa yaşayış sahəsinə getmişlər və hazırda həmin mənzildə yaşamırlar, iddiaçının ailə üzvləri deyildirlər. Həmçinin məhkəmə hesab edir ki, 12 fevral 2015-ci il təvəllüdlü X3 və 21 yanvar 2019-cu il təvəllüdlü X5 cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları olmaqla məhz valideynləri mübahisəli mənzildə qeydiyyatda olduğu üçün həmin ünvana qeydiyyata alınmışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə iddia tələbinin cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmaları hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə münasibətdə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və azyaşlılar X1 və X2 istifadə hüquqlarına xitam verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və azyaşlılar X1 və X2 Bakı şəhəri, Xətai rayonu, Gen. Mehmandarov küçəsi, ev 74, 29 saylı mənzildən istifadə hüquqları itirilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar