Məhkəmə qərarları › İş №e-2(011)-7274/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7274/2023

13.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7274/2023 13.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilin döşəməsinin səs izolyasiyası ilə təmin edilməsi, mənəvi zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ünvan 1 ünvanında yerləşən mənzilin döşəməsinin tam şəkildə xüsusi səs izolyasiyası sistemi ilə təmin etdirməsi və bu barədə işlərin icra aktını 3 ay müddətində iddiaçıya təqdim etməsi üçün öhdəlik qoyulması, cavabdehlər birinci tələb üzrə tədbirlər görməkdən imtina edəcəyi təqdirdə, Cavabdeh1 Məzahir oğlundan son 3 illik mənəvi zərərə görə aylıq 300 manat olmaqla ümumi 10 800 manat və iddia ərizəsinin tarixindən etibarən hər aya görə aylıq 300 manat olmaqla hesablanıb “YAŞAT” fonduna ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, onlardan bir üst mərtəbə yerləşən mənzildən gələn səs-küy nəticəsində o və onun həyat yoldaşı əziyyət çəkir, həmin səs-küy cavabdeh İddiaçı uşaqları tərəfindən yaranır. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı 2013-cü ildən etibarən ünvan 2 ünvanında yaşayır. Son 3 ildir ki, həmin ünvanın mərtəbə 13, mənzil 46 ünvanında yəni bir üst mənzildə yaşayan qonşuya görə öz şəxsi mülkiyyətində olan mənzilində yaşamaq qeyri-mümkün bir hal almışdır. Belə ki, yuxarı qonşuların məişət səs küyünə görə nə səhər, nə günorta, nə axşam, nə həftə sonu, nə tətil günü, nə məzuniyyət, nə də digər vaxtı öz evində yata, istirahət edə bilmirlər. Son 3 ildir ki, yuxusuzluq, əsəb, stress, qəzəb iddiaçı və onun ailə üzvlərinin bütün psixologiyasını pozmuş və həyatını dözülməz bir hala salmışdır. İddiaçı qonşu ilə bir neçə dəfə bu barədə danışsa da, heç bir xeyri olmamış, səs küyün azyaşlı uşaqlardan qaynaqlandığını və bu barədə heç nə edə bilməyəcəyini və etməyəcəyini bildirmişdir. Lakin, burada qonşu mənzilin mülkiyyətçisinin təqsiri vardır və təqsir ondan ibarətdir ki, mənzilin təmirində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tələblərinə əməl edilməmiş və döşəmələrin səs izoliyasiyası ilə bağlı tələblərə əməl etməmişdir. Hətta layihələndirmə normalarını bir kənara qoysaq belə, Mülki Məcəlləyə əsasən hər bir halda cavabdeh qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməli və bu təsirlərin qarşısını almaq üçün bütün ağlabatan tədbirləri görməlidir. Hətta səs izoliyasiyası üçün nəzərdə tutulmuş xüsusi qalın yumşaq xalçaların tətbiqi yəni, normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə belə problemi asanlıqla əsaslı səviyyədə aradan qaldırmaq olardı. Lakin cavabdeh heç bir tədbir görməyi qəbul etmir. Əlavə olaraq, yaranmış vəziyyətdən çıxış yolu kimi, qanunvericiliyin imkan verdiyi az sayılı vasitələrin hamısından istifadə etməkdən başqa çarə qalmayıb. Belə ki, qanunvericiliyə uyğun olaraq uzun müddətdir davam edən məişət səs küyünə görə cavabdehdən kompensasiya tələb etmək hüququ yaranır. İddiaçı, tələb edilən kompensasiya məbləğlərinin heç birinin iddiaçıya yox tam şəkildə “YAŞAT” xeyriyyə fonduna ödənilməsini istəyir. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili 23 oktyabr 2023-cü il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında qeyd edilən halları qismən etiraz etmiş, Cavabdeh1 ailə üzvləri ilə birlikdə iddiaçının yaşadığı mənzildən bir üst mərtəbədə olan mənzildə yaşadığını, mənzildən gələn səsin cavabdehin azyaşlı və debillik xəstəliyindən əziyyət çəkən uşaqdan qaynaqlandığını bildirmişdir. İşin halları - ünvan 3 ünvanında yerləşən mənzil iddiaçı , İddiaçı mülkiyyətindədir.. - Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 17C, mərtəbə 13, 46 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 51, M13, m 2) Cavabdeh2 mülkiyyətindədir. - 28 saylı ŞP tərəfindən təqdim edilmiş Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı vegetariv sinir sisteminin pozulması, yuxu pozğunluğundan əziyyət çəkir. - “Elektron məhkəmə” İnformasiya Sistemində əldə edilmiş məlumatlardan müəyyən edilmişdir ki, Cavabdeh1 Fəxrəddin oğlunun ailə tərkibi 4 nəfərdən ibarətdir, həyat yoldaşı X2, uşaqları 19 may 2018-ci il təvəllüdlü X3 və 02 fevral 2017-ci il təvəllüdlü X1. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 170. Qonşuluq hüququ 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 170.4. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Maddə 171. Qonşu təsirinə dözmək vəzifəsi 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 14. Yaşayış sahəsinin təyinatı və ondan istifadə etmək hüdudları 14.1. Yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Maddə 15. Yaşayış sahəsindən istifadə Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatları və mülki iş üzrə sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, qonşuluq münasibətləri qonşuların bir birinin hüquq və maraqlarına qarşılıqlı hörmətə əsaslanır və qonşular öz hüquqlarını həyata keçirdikləri zaman vicdanlı tərzdə hərəkət etməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməli, qarşı tərəf isə qanunvericiliyin yol verdiyi həddə qonşu təsirinə dözməlidir. Məhkəmə prosesində tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığı və, iddiaçıya məxsus evin üst mərtəbəsində yerləşən mənzildən gələn səs Cavabdeh1 azyaşlı uşaqlarının gündəlik fəaliyyəti ilə bağlı yaranır, hansı ki yaşayış sahəsinin təyinatına uyğundur. Belə olan halda, qiymət verilməli digər məsələ onunla bağlıdır ki, yaranan təsir iddiaçının öz əmlakından istifadə üçün maneə yaradacaq və ya onun hüquqlarını əhəmiyyətli dərəcədə pozacaq səviyyədədirmi. Lakin bu halı təsdiq edəcək hər hansı sübut (səs və ya video yazı, şahid ifadələri, mütəxəssis rəyi) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edir. Digər tərəfdən, adi gündəlik təsərrüfat fəaliyyətindən qaynaqlanan və daimi xarakter daşımayan səslərin məhkəmə tərəfindən cəlb edilmiş mütəxəssis və ekspert tərəfindən də ölçülməsi mümkünsüzdür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzildə cavabdehlər tərəfindən yaranan səs-küyün nəticəsində iddiaçının sahəsindən istifadə etməkdə ona maneçilik yarandığı və ya hüququ əhəmiyyətli dərəcədə pozulduğu məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyinə görə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ünvan 1 ünvanında yerləşən mənzilin döşəməsinin tam şəkildə xüsusi səs izolyasiyası sistemi ilə təmin etdirməsi və bu barədə işlərin icra aktını 3 ay müddətində iddiaçıya təqdim etməsi üçün öhdəlik qoyulması, cavabdehlər birinci tələb üzrə tədbirlər görməkdən imtina edəcəyi təqdirdə, Cavabdeh1 Məzahir oğlundan son 3 illik mənəvi zərərə görə aylıq 300 manat olmaqla ümumi 10 800 manat və iddia ərizəsinin tarixindən etibarən hər aya görə aylıq 300 manat olmaqla hesablanıb “YAŞAT” fonduna ödənilməsi tələbini əsassız hesab edərək rədd edilməlidir. 0Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ünvan 1 ünvanında yerləşən mənzilin döşəməsinin tam şəkildə xüsusi səs izolyasiyası sistemi ilə təmin etdirməsi və bu barədə işlərin icra aktını 3 ay müddətində iddiaçıya təqdim etməsi üçün öhdəlik qoyulması, cavabdehlər birinci tələb üzrə tədbirlər görməkdən imtina edəcəyi təqdirdə, Cavabdeh1 Məzahir oğlundan son 3 illik mənəvi zərərə görə aylıq 300 manat olmaqla ümumi 10 800 manat və iddia ərizəsinin tarixindən etibarən hər aya görə aylıq 300 manat olmaqla hesablanıb “YAŞAT” fonduna ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar