Məhkəmə qərarları › İş №e-2(011)-7333/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7333/2024

25.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7333/2024 25.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və çıxarma” tələbi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5 000 (beş min) manat kompensasiya ödənilmək şərtilə onun ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus olan mənzil üzərində istifadə hüququna xitam verilməsi və cavabdehin öz əşyaları ilə birlikdə ünvan 1-dən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, yəni indiki Polad Həşimov küçəsi, ev 27, 4 saylı mənzil mülkiyyət hüququ əsasında hüquqlarını müdafiə etdiyi İddiaçı məxsusdur. Həmin fərdi yaşayış evində Cavabdeh (iddiaçının anası) qeydiyyatdadır, əvvəllər o həmin mənzildə yaşamışdır, lakin uzun müddətdir ki, həmin mənzildə yaşamır, iddiaçıda olan məlumata görə o, axırıncı dəfə Mingəçevirdə görülüb, xəstəliyi var. Hazırda iddiaçı ona məxsus həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu həyata keçirmək, həmin əmlakı özgəninkiləşdirmək istəsə də, Cavabdeh buna razılıq vermir. Yaranan mübahisənin həlli üçün iddiaçı 18 saylı mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2024-cü il tarixində keçirilən ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş və buna dair mediasiya təşkilatından müvafiq arayış bizə təqdim edilmişdir. İndiki halda, iddiaçı ilə cavabdeh arasında iddiaçıya məxsus olan sözügedən mənzil üzərində cavabdehin istifadə hüququna xitam verilməsi ilə bağlı mübahisə qarşılıqlı razılıq əsasında həll oluna bilmir. Buna görə də iddiaçının ona məxsus qeyd edilən mənzil üzərində öz mülkiyyət hüququnu maneəsiz həyata keçirməsi üçün cavabdehə müvafiq kompensasiya verilməklə onun həmin mənzildən istifadə etmək hüququna məhkəmə qaydasında xitam verilməlidir. İddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 35.70 kv.m. olan mənzildən cavabdehin istifadə hüququna xitam verilməsi üçün ağlabatan kompensasiya məbləği kimi 5 000 (beş min) manat təklif edirlər, belə ki, Bakı şəhəri, Xətai rayonunda sözügedən mənzillə eyni şəraitli mənzillərin aylıq kirayə haqqı 200 manat təşkil edir, buna dair mütəxəssis rəyi də məhkəməyə təqdim edilmişditr. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışdan görünür ki, ümumi sahəsi 35,70 kv.m olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 27, mənzil 4 xüsusi mülkiyyət hüququ üzrə tam payla İddiaçı adına xx.xx.2021-ci il tarixdən qeydiyyata alınmışdır. İşmateriallarında olan EMİS-dən çıxarışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 10 nömrəli Mənzil- İstismar sahəsi tərəfindən verilmiş Arayışdan görünür ki, məhkəmə iclası ilə əlaqədar məhkəmə bildirişi ünvan 4 ünvanda qeydiyyatda olan Cavabdeh hal-hazırda həmin ünvanda yaşamadığına görə şəxsə təqdim olunmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 02-151/24 №-li mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Təqdim edilmiş fototəsvirlərə və sənədlərə əsasən İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, 1 otaqlı, ümumi sahəsi 35.70 kv metr təşkil edən mənzilin (təmir vəziyyəti və yerləşdiyi ərazi nəzərə alınmaqla) hazırkı dövrə olan orta aylıq kirayə haqqı 29 noyabr 2024-cü il tarixinə: 220.0 (iki yüz iyirmi) manat təşkil edir. İş materiallarında olan 18 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00127 nömrəli Arayışdan görünür ki, İddiaçı (nümayəndəsi) ilkin mediasiya prosesində iştirak etmiş, 50 manat mediasiya xərci və 10 manat poçt xəcini ödəmiş, Cavabdeh prosesdə iştirak etməmişdir. Mübahisə predmeti “mənzildən istifadə hüququna xitam verilməsi” tələbi olmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə cəmi 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 27, 4 saylı mənzil xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmışdır, cavabdeh iddiaçının anasıdır, ailə üzvü kimi mübahisəli mənzildə köçürülməklə orada yaşamış, həmçinin həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışdır, cavabdehin hazırda harada olması və yaşaması barədə iddiaçıda hər hansı bir məlumat yoxdur, iddiaçı hesab edir ki, cavabdehin mənzildən istfadə hüququ vardır və 5000 manat kompensasiya müqabilində həmin hüququn itirilməsini məhkəmədən xahiş edir. Bununla belə, cavabdehin mübahisəli mənzilə istifadə hüququnu istisna edən, habelə onun daimi əsaslarla yaşayış sahəsi əldə etməsinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasındakı mübahisə 2021-ci ildə (2009-cu il oktyabrın 1-dən sonra) yarandığından, mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları əsasında həll olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin istifadə hüququnun itirlməsinə əsas verən hallara dair sübutetmə yükü daşıyır, lakin o, buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin maddənin tələbləri baxımdan, Cavabdeh mülkiyyətçinin ailə üzvü kimi mübahisəli mənzildə yaşaması hallarının olması, bununla belə yaşayış sahəsindən istifadə hüququnu istisna edən, o cümlədən daimi əsaslarla yaşayış sahəsi əldə edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından iddia tələbi əsaslı deyil və ona görə də rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 5-ci hissəsinə əsasən, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan xüsusən suiistifadədir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, “Cavabdeh 5 000 (beş min) manat kompensasiya ödənilmək şərtilə onun ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus olan mənzil üzərində istifadə hüququna xitam verilməsi və cavabdehin öz əşyaları ilə birlikdə ünvan 1-dən çıxarılması” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumunu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “Cavabdeh 5 000 (beş min) manat kompensasiya ödənilmək şərtilə onun ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus olan mənzil üzərində istifadə hüququna xitam verilməsi və cavabdehin öz əşyaları ilə birlikdə ünvan 1-dən çıxarılması” barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar