Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-744/2023 08.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı X2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X2 qarşı dəymiş maddi ziyanın əvəzi olaraq 2000 manat və mənəvi ziyanın əvəzi olaraq 5000 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 28 avqust 2020-ci il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan övladları olmayıb. İlk vaxtlar münasibətləri normal olsa da, daha sonra iddiaçı və cavabdeh arasında münasibətlər pisləşməyə başlamışdır. Belə ki, cavabdeh iddiaçıya qarşı şiddət göstərməyə başladı. 15 yanvar 2021ci il və 09 mart 2021-ci il tarixlərdə xüsusilə daha ağır formada şiddət göstərmişdir. Bütün bunlar nəticəsində iddiaçının sağlamlığına zərər dəymiş, şiddət nəticəsində yaranmış zədələrə görə ictimaiyyət arasına çıxa bilməmiş, güclü mənəvi sarsıntılar keçirmişdir. İddiaçı ailəli olduqlarını və münasibətlərinin düzələ bilmə ehtimalını düşünmüş və buna görə də hüquq-mühafizə orqanlarına müraciət etməyib, münasibətlərinin durulmasını gözləmişdir. Lakin cavabdehin hərəkətlərində heç bir müsbətə doğru dəyişikliklər baş verməmişdir. İddiaçı tərəfindən nikahın qurtarılması mümkün olmamışdır. Cavabdeh tərəfindən göstərilmiş şiddət nəticəsində İddiaçı güclü mənəvi sarsıntı keçirmiş, götürdüyü yardımlar da nəticəsiz qalmışdır, İddiaçı hal-hazırda da həmin mənəvi sarsıntıların nəticələrindən əziyyət çəkməkdədir. Nəzərinizə çatdırırıq ki, cavabdeh dövlət qurumunda işləməkdədir və iddiaçıya şiddət göstərildiyi günlər iş günlərinə təsadüf etməkdədir. Həmin günlərdə cavabdehin vəzifə öhdəliklərini düzgün icra etməsi və ya ümumiyyətlə icra etməsi bizdə şübhələr yaratmaqdadır. Şəxsin bu cür davranmağı bizdə onun özünü aparma şəklində, sinirlərini idarəetmək barəsində problemlərin olduğunu düşündürür. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X3 3.3.4-cü bəndinə əsasən gündəlik iş və ya növbə qrafikinə, o cümlədən, xidməti zərurətlə əlaqədar tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürlü səbəbdən xidmət yerinə gələ bilməyəcəyi və ya gecikəcəyi hallarda dərhal bu barədə rəisini məlumatlandırmalı, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməli, birbaşa rəislərin ilk çağırışı ilə, fövqəladə hallar baş verdikdə isə çağırışsız xidmət yerinə gəlməlidir. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X3 11.5-ci bəndinə əsasən Ailə-məişət normalarına riayət etməli, ailəsinin, o cümlədən, uşaqlarının və valideynlərinin qayğısına qalmalı, nigahda sədaqətli olmalı, qadın-kişi münasibətlərində riyakarlığa və pozğunluğa yol verməməli, başqalarını da buna sövq etməməlidir. Cavabdeh da Dövlət Gömrük Komitəsində çalışmaqla, Gömrük Komitəsinə məxsus rəmzləri, nişanələri üzərində daşıyaraq, həmin idarəni təmsil etməkdədir. Cavabdehin bu cür təqsirli hərəkətləri Komitə adına da yaraşmayan hərəkətlərdir İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericliklə müəyyən edilmiş qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan keçirilməsinə qərar vermişdir. Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin Cənub Gömrük mühafizə dəstəsinin kiçik mühafizəçisi vəzifəsində xidmət edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tövsiyə Vərəqəsinin surətindən görünür ki, İddiaçı Fizüli qızı yuxarı ətraflarda qan sızması ilə bağlı şikayətlərlə müraciət etmiş və ona məsləhətlər verilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, İddiaçı Fizüli qızının qol nahiyəsində qızarma və göyərmə şəklində bədən xəsarətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1118.2-ci maddəsinə İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəm hesab edir ki, cavabdeh X1 təqsirli, qanunazidd hərəkətləri nəticəsində İddiaçı Fizüli qızının sağlamlığına zərər vurmaya aid xəsarətlərin yetirildiyi məhkəmə araşdırması zamanı təsdiq edilməmişdir. Belə ki, İddiaçı Fizüli qızı onun qol nahiyəsində qızarma və göyərmənin əks olunduğu fotoşəkillərlə istinad etsə də, həmin bədən xəsarətlərinin cavabdeh X4 tərəfindən yetirildiyi, bununla bağlı iddiaçının hüquq-mühafizə orqanlarına müraciət etdiyi məhkəmə araşdırması zamanı müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, 2000 manat məbləğində maddi ziyanın və 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi ilə bağlı formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinadə edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh X2 qarşı dəymiş maddi ziyanın əvəzi olaraq 2000 manat və mənəvi ziyanın əvəzi olaraq 5000 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-744/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-744/2023
08.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver