Məhkəmə qərarları › İş №e-2(011)-7458/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7458/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7458/2024 03.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.767,50 manat yol-nəqliyyat hadisəsi nəticəsində ödənilmiş sığorta ödənişinin məbləği, 38.07 manat dövlət rüsumu, ümumilikdə 1.805,57 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 sentyabr 2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Toyota Land-Cruiser” markalı **- ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov rayonu ərazisində hərəkət edən zaman baş verən yol nəqliyyat hadisəsi nəticəsində X4 yüngül bədən xəsarətləri almış və “Toyota Prius” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Nərimanov DYPŞ tərəfindən tərtib olunmuş qərara əsasən “Toyota Land-Cruiser” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Cavabdeh hadisə vaxtı “Toyota Land-Cruiser” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnamə olmadan yəni, idarəetmə hüququ olmadan idarə etmişdir. Beləliklə, PME********** saylı sığorta şəhadətnaməsinə və İAS240877 və İAS231899 saylı Sığorta ödənişi aktlarına əsasən "xxxx" ASC tərəfindən zərərçəkən şəxslərə ümumilikdə 1.767,50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X5 iddida tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və ərizənin məzmununa uyğun izahat vermişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Cavabdeh idarə etdiyi “Toyota Land-Cruiser” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 adına sığortalanmışdır. “Toyota Prius” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətindədir. 25 sentyabr 2023-cü il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində Cavabdeh idarə etdiyi “Toyota Land-Cruiser” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 yüngül bədən xəsarətləri yetirilmiş və X7 idarə etdiyi “Toyota Prius” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. X7 müraciətinə baxılmış, Bakı şəhəri Nərimanov rayon Poli İdarəsinin 30 oktyabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan qüsur aktına əsasən “Toyota Prius” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 2.035 manat olduğu müəyyən edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, dəymiş ziyanın əvəzi olaraq “Toyota Prius” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X8 1.017,50 manat, sağlamlığına dəymiş ziyanın əvəzi olaraq X2 750 manat ödənilmişdir. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş 22 noyabr 2023-cü il tarixli İXP ******* saylı ptorokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.8-ci (bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək inzibati xəta haqqında materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər) habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 25.4-cü maddəsinə əsasən, bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, 25 sentyabr 2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehin idarə etdiyi “Toyota Land-Cruiser” markalı **-ZT- *** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi qəza nəticəsində X6 mülkiyyətində olan və X7 idarə etdiyi “Toyota Prius” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymiş, hadisə nəticəsində X4 xəsarət almışdır. İddiaçı "xxxx" ASC tərəfindən “Toyota Prius” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X8 1.767,50 manat, X2 750 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh inzibati qaydada məsuliyyətə cəlb edilmiş və tərtib edilmiş qərarla sığorta hadisəsi baş verərkən Cavabdeh təqsiri müəyyən edilmişdir. Hadisə nəticəsində cavabdeh zərər çəkmiş şəxslərə ziyan vurduğuna görə iddiaçının cavabdehə qarşı suboqrasiya hüququ yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzini ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzini ödəməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 38.07 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 38.07 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən həmin məbləğ də Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 1.767,50 (bir min yeddi yüz altmış yeddi manat əlli qəpik) manat məbləğində sığorta ödənişi və 38.07 (otuz səkkiz manat yeddi qəpik) manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar