Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7614/2025 13.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 avtomobilə görə ödədiyi 5.000 manat məbləğinin, iddia ərizəsinin hazırlanması üçün 72,60 manat xərcin, avtomobili almaq üçün götürdüyü kreditin faizi olan 1.288,88 manat məbləğinin, gediş-gəliş xərci olan 280 manat məbləğinin, cəmi 6.641,48 manat məbləğinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı minik avtomobili almaq üçün müəyyən məbləğdə pul toplamışdır. Avtomobil almaq istəyini bir neçə nəfərə, o cümlədən həmkəndlisi hazırda Sankt-Peterburq şəhərində yaşayan X9 demişdir. Dekabr 2024-cü il tarixdə iddiaçıya telefonla zəng edilərək bildirilib ki, Bakı şəhərində yaşayan tanışı Tural Hacızadə adında şəxs "Cadıllas" markalı avtomobilini satır. X12 bildirdi ki, tanışı Tural avtomobili Qəbələ rayonunda torpaqlarda barter etməyə razırdır. İddiaçı telefon nömrəsini həmkəndlisindən əldə etdi və cavabdehlə telefonla danışıq etdi. Cavabdehlə razılığa gəldi ki, ilkin olaraq iddiaçı alıcı olaraq avtomobilə baxsın. Bu məqsədlə iddiaçı xx.xx.2025-ci il tarixdə qızı Aylinlə Bakı şəhərinə gedib. Tanışı Vüqar adlı şəxsdən xahiş edib ki, avtomobilə baxmağa onlarla getsin. O da razı olub və həmin gün onlar Buzovnada yerləşən "Albalı" marketin park yerində avtomobilə baxış keçiriblər. Cavabdehlə iddiaçı razılaşıblar. Tanışı Vüqar, qızı Aylin və iddiaçı avtomobili servisə aparıb yoxladıblar, tam müayinədən keçiriblər. İddiaçı avtomobili almaq qərarına gəlib. Özünün deməsinə görə, direktoru olduğu "Albalı" marketdə onun iş yerinə qayıdıb onun iş kabinetində oturdular. Maşın alqı-satqısı ilə bağlı belə razılığa gəldilər ki, avtomobilin dəyəri olaraq iddiaçı cavabdehə 5.000 manat pul və 07 sot torpaq verəcək. Bu söhbətlərdə Vüqar və iddiaçının qızı iştirak ediblər. Söhbətdən sonra cavabdeh öz işçisini çağırıb, işçiyə onları yola salmağı tapşırdı. İşçi də sözü gedən avtomobilin sükanının arxasında oturub "Şamaxinka" adlanan yerə qədər onları yola saldı. Bu "xidmətinə" görə 50 manat pul alıb gedib. İddiaçı avtomobili özü sürüb yaşadığı Vəndam qəsəbəsinə gəlib. Sonrakı gün həyat yoldaşının qızıllarını aparıb “Bank of Baku”nun Şəki şəhərində yerləşən şöbəsində girov qoyub 2.400 manat götürdü, eləcə də həmin günü qaynı Ağammədov Rahil də iddiaçıya kömək etmək məqsədi ilə öz adına 2.600 manat kredit götürüb iddiaçıya verdi. İddiaçı da 2.600 manatdan, 2.400 manat isə iddiaçıya məxsus telefondakı “BirBank” tətbiqindən Tural Hacızadənin verdiyi **********021936 nömrəli karta ödəyib. Bir neçə gün sonra cavabdeh Coşqun adlı bir nəfərlə Vəndam qəsəbəsinə gəlib. Danışdıqları kimi avtomobilin əvəzinə verəcəyi torpağı göstərib. Göstərdiyi torpağın yeri ilə sənədləri iddiaçının atası X21 adına olması ilə razılaşmadıqda qərara aldılar ki, avtomobili aparsınlar, iddiaçı onlara verdiyi 5.000 manat pulun geri qaytarılmasını tələb edib. Cavabdeh iddiaçıya söz verib ki, pul onda qalsın. 3 ay müddətində torpağın sənədlərini və ya avtomobilin qiymətinin qalan 20.000 manat gətirib avtomobili aparmağını deyib. İddiaçı sözü gedən pulu düzəldib ona zəng edib. Bakıya gedib avtomobili götürməyi razılaşıblar. İddiaçı sonrakı gün deyilən pulu götürüb Bakıya yola düşüb. Bir gün iddiaçıya "ora gəl, bura gəl" deyib Bakı şəhərinin rayonlarını "gəzdiribər". Axşama yaxın telefonlarına zəng çatmayıb. İddiaçı çıxıb rayona gələndən sonra cavabdehlə əlaqə yarada bilib. Telefon danışıqlarında o iddiaçıya bildirib ki, sözügedən avtomobili satıb. İddiaçıya borclu olduğu 5.000 manat pulu qaytarmaq fikiri yoxdur deyib. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahatlar vermişdir. Cavabdehə verdiyi pulun və məhkəməyə müraciət ilə əlaqədar çəkdiyi xərclərin cavabdehdən tutulmasını tələb edir. Sual-cavab zamanı o bildirmişdir ki, cavabdehə ödədiyi 5.000 manat pul beh deyildir. O, avtomobili beh vermədən alıb. Cavabdeh iddia tələbinə etiraz edərək, məhkəməyə təqdim etdiyi yazılı etirazına uyğun olaraq izahatlar vermişir və məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. O bildirmişdir ki, heç kəs behsiz maşın satmaz. 5.000 də behdir. Cavabdeh iddia tələbinə yazılı etiraz verərək bildirmişdir ki, avtomobilini pul ehtiyacı olduğu üçün turbo.az saytında satış elanına yerləşdirib. Yəni iddiaçı ilə əvvəldən hər hansı tanışlığı olmamışdır. Daha sonra iddiaçı mobil telefonla cavabdehə zəng edərək avtomobili almaq üçün Bakı şəhərinə gələcəyini bildirib. İddiaçı ilə aralarında cavabdehə məxsus “Cadillac Escalade” minik avtomobilinin 30.000 manata alqı-satqısı ilə bağlı razılıq əldə ediblər. İddiaçı ilkin olaraq razılaşdırılmış məbləğdən müqavilə ödənişi hesabına 5.000 manatı beh şəklində iddiaçıya məxsus karta göndərib və qeyd edilən avtomobili isə özü ilə Qəbələ rayonuna aparıb. Cavabdeh isə avtomobilə dair iddiaçının qardaşının adına nəqliyyat vasitəsini idarəetmə hüququ verən etibarnamə verib. İddiaçı ilə faktiki alqı-satqı barədə razılaşmaqlarına baxmayaraq etibarnaməni qardaşının adına verməyini xahiş edib və müvafiq olaraq onun vəsiqə məlumatlarını cavabdehə təqdim edib. Razılaşmaqlarına görə ödənişin digər hissəsini yəni 25.000 manatı isə Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən iddiaçıya məxsus 0.7 ha. torpaq sahəsinin cavabdehin mülkiyyətinə keçirilmək şəklində ödəməyə söz verib və bunun üçün “Asan” Xidmət Mərkəzində işlərin həftə sonunadək qaydaya salınması üçün vaxt istəyib. Cavabdeh iddiaçının qeyd etdiyi vaxtda dostu Coşqun Qurbanovla birlikdə Qəbələ rayonu, Vəndam qəsəbəsinə gediblər. Mülkiyyətə keçirilməli torpaq sahəsinin yerini iddiaçı cavabdehə göstərib, daha sonra onlar rəsmiləşdirilmə üçün “Asan” Xidmət Mərkəzinə getməyi iddiaçıya təklif etdikdə o bildirib ki, atası və qardaşı Qəbələdə deyil və deyib ki, gözləyin gəlsinlər. Dostu ilə bərabər iddiaçının atasının və qardaşının gəlməsini həmin gün axşamadək gözləsələr də onlar gəlməyib. Artıq axşam iddiaçı bildirib ki, qardaşı buradadır amma mobil telefonunu açmır. Beləliklə, cavabdehə rəsmiləşmənin baş tutmayacağı aydın olub. Bu zaman cavabdeh ona bildirib ki, cavabdeh özünə məxsus nəqliyyat vasitəsini özü ilə Bakıya aparır və etibarnaməni ləğv edir nə zaman torpaq mülkiyyətinə keçməsi ilə bağlı sənədləşmə işi həyata keçsə, cavabdeh təkrar baş etibarnamə verəcək. İddiaçı cavabdehdən xx.xx.2025-ci il tarixinədək rəsmiləşmə işləri üçün vaxt istəyib. Cavabdeh çarəsiz olaraq razılaşıb və nəqliyyat vasitəsini Bakıya gətirərək sürməmək şərti İlə qaraja yerləşdirib. Qeyd edilən möhlət müddəti bitdikdə iddiaçıya zəng edib və sənədləşmə işlərinin nə yerdə olduğunu soruşub. İddiaçı bildirib ki, atası, qardaşı və payçılar razı deyillər, xahiş edib ki, xx.xx.2025-ci il tarixinədək iddiaçıya bir az da möhlət verilsin. Cavabdeh isə yenə bu təklifə ümid edərək razılaşıb. xx.xx.2025-ci il tarixinədək olan möhlət müddəti birdikdə təkrar iddiaçıya zəng edib. O isə cavabdehi atası və qardaşı ilə əlaqələndirib. Onlar isə torpağın qeyd edilən hissəsinin cavabdehin mülkiyyətinə keçirilməsinə razılıq verməyəcəklərini bildirirərək iddiaçının cavabdehə verdiyi beh məbləğini qaytarmayacağı təqdirdə “kriminal aləmdəki” şəxslərin adını çəkərək hədələyiblər. Bu danışıqlar da nəticə vermədikdən sonra cavabdeh xx.xx.2025-ci il tarixində avtomobilini faktiki olaraq baş etibarnamə əsasında dəyərindən aşağı satıb. Çünki avtomobilin iddiaçıda olduğu 1 həftə ərzində avtomobildə müəyyən cızıqlar var idi. Qeyd edilən halları məhkəmə şahid qismində Coşqun Qurbanov təsdiq edə bilər. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi iddiaçının cavabdehə verdiyi məbləğ beh məbləğidir. İşin hallarından da göründüyü kimi aralarında olan alqı-satqı müqaviləsi beh vermiş iddiaçıdan qaynaqlanan hallar səbəbi ilə baş tutmamış və cavabdeh iddiaçının hərəkətləri nəticəsində avtomobilini həm gec, həm də dəyərindən aşağı məbləğə satmışdır (22.000 manat). Yuxarıda qeyd edilənləri nəzərə alınaraq iddia tələbi rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında sonuncuya məxsus "Cadıllac" markalı avtomobilin satışı ilə bağlı sövdələşmənin olduğundan xəbəri olmuşdur. Turaldan eşitmişdir ki, alıcı (iddiaçı) maşına görə ona 5.000 manat beh ödəyib. Alıcı əlavə 6-7 sot torpaq da verəcəkdir. O, şəxsən torpağa baxmağa getmişdir. Torpaq alıcının qardaşının adına idi. Belə ki, razılaşmaya baxmayaraq, torpağa baxmaq üçün iddiaçının qardaşı və atası ilə əlaqə yaradıb görüşə bilmədilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 15/3- 13-89/2-1-22709 saylı məktubun surətindən görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair 06 iyun 2025-ci il tarixli elektron etibarnamədən görünür ki, mülkiyyətçi Cavabdeh 1 il müddətinə X11 “Cadillac Escalade” minik markalı **-KE-*** d.q.n-li nəqliyyat vasitəsini idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, sərəncam vermək və digər səlahiyyətlərini etmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair 06 yanvar 2025-ci il tarixli elektron etibarnamədən görünür ki, mülkiyyətçi Cavabdeh 3 ay 28 gün müddətinə X10 “Cadillac Escalade” minik markalı **-KE-*** d.q.n-li nəqliyyat vasitəsini idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, sərəncam vermək və digər səlahiyyətlərini etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 103.10 kv.m. olan yaşayış evi və 1,05 ha torpaq sahəsi X8, X2, X4, İddiaçı, X6, X3, X7 birgə mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 491.1-ci maddəsinə görə beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə görə behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3-cü maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 598.4-cü maddəsinə görə əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, 2025-ci ilin yanvar ayının əvvəlində tərəflər arasında “Cadillac Escalade” minik markalı **-KE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqısatqısına dair danışıqlar aparılmışdır. İddiaçı cavabdehlə razılaşmışdır ki, avtomobilin müqabilində cavabdehə 5.000 manat pul və əlavə 0,07 ha torpaq sahəsi verəcəkdir. İddiaçı qohumlarının razılığı olmadığından qohumları ilə birgə mülkiyyətdə sahib olduğu Qəbələ rayonunda yerləşən torpaq sahəsinin 0.07 ha hissəsini cavabdehə özgəninkiləşdirə bilməmişdir, bununla da avtomobilin alqı-satqısı baş tutmamışdır. Nəticədə, cavabdeh həmin avtomobili başqa şəxsə özgəninkiləşdirmişdir və iddiaçı ilə bağlamaq niyyətində olduğu alqı-satqı müqaviləsindən imtina etmişdir. Tərəflərin mübahisəsi ondan ibarətdir ki, cavabdeh iddiaçıdan aldığı 5.000 manat pulu beh kimi qiymətləndirir və qaytarmaqdan imtina edir, iddiaçı isə həmin məbləğin beh olduğunu təkzib edir və pulu geri tələb edir. Behin yazılı formasına riayət edilməmişdir.. Məhkəmə hesab edir ki, behin yazılı formasına riayət edilmədiyindən, həmçinin 5.000 manat məbləğinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi işin mübahisəsiz halı olduğundan və tərəflərin arasında alqı-satqı baş tutmadığından, sözügedən məbləğ avans ödənişinə aid edilməlidir. Cavabdeh müqavilənin bağlanılmasından imtina etdiyindən ödənilmiş həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Cavabdehin avtomobilə ziyanın dəyməsi barədə etirazlarına gəldikdə məhkəmə qeyd edir ki, hazırki iddiaya alıcı qismində çıxış etmiş iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi üzrə baxılır. Yəni, cavabdehin iddiaçıya qarşı dəymiş ziyandan irəli gələn pul tələblərinə hazırki iddia çərçivəsində baxıla bilməz. İddiaçının avtomobil almaq üçün götürdüyü krediti ilə bağlı faizlərin cavabdehdən tutulmasına dair tələbinə münasibətdə məhkəmə qeyd edir ki, bu faizlərin cavabdehin təqsiri ucbatından əməli gəlmiş ziyan məbləği olması iş materialları ilə öz təsdiqini tapmadığından, iddia tələbləri bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçının avtomobil əldə emək üçün faizlə kredit götürməsi sonuncunun iradəsinə bağlı olmaqla, bağlanılacaq əqdin digər tərəfi üçün kredit faizlərini ödəmək öhdəliyi yaratmır. Yol xərcləri və iddianın tərtibatı ilə bağlı xərclər hissəsində məhkəmə qeyd edir ki, həmin xərcləri təsdiq edəcək sübutlar iş materiallarında olmadığından, bu hissədə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 73 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 5.000 (beş min) manat pul vəsaiti və 73 (yetmiş üç) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-7614/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7614/2025
13.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver