Məhkəmə qərarları › İş №e-2(011)-7667/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7667/2025

27.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7667/2025 27.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6915 (altı min doqquz yüz on beş) manat vurulmuş maddi ziyanın, 297,50 (iki yüz doxsan yeddi manat 50 qəpik) faiz uçot dərəcəsinin, 5000 (beş min) manat mənəvi ziyanın, 264,05 (iki yüz altımış dörd manat 05 qəpik) məhkəmə xərcləri olmaqla, cəmi 12,476,55 (on iki min dörd yüz yetmiş altı manat 55 qəpik) məbləğinin cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC ilə xx.xx.2024-cü il tarixində xaricdə təhsil almağı ilə əlaqədar iddiaçıya müvafiq xidmətlərin göstərilməsi və iddiaçının xaricdə təhsil almağının təmin olunması ilə əlaqədar 1000-1903 saylı müqavilə bağlamışdır. Müqaviləyə əsasən iddiaçı göstərilən xidmətlərin əvəzində cavabdehə 3400 manat ödəməli idi. Əvəzində isə cavabdeh iddiaçını X1 və ya Kanadada ali təhsil müəssisəsinə qəbulunu və həmin ölkələrə viza alınaraq, iddiaçının ora getməyini təmin etməli idi. Lakin Cavabdeh MMC öz vəzifələrini yerinə yetirməmiş, iddiaçının X1 və ya Kanadada ali təhsil müəssisəsinə qəbulunu və həmin ölkələrə viza alınaraq, iddiaçının ora getməsini təmin etməmişdir. Bunun nəticəsində müqavilə əsasında cavabdehə ödədiyi 3400 manat xidmət haqqından başqa iddiaçıya xeyli miqdarda ziyan dəymişdir. İddiaçı dəfələrlə göstərilənlə əlaqədar Cavabdeh MMC-nin müxtəlif vəzifəli şəxslərinə şifahi qaydada müraciət etsə də, bu müraciətlərinin heç bir faydası olmamışdır. Müqavilə üzrə 27 sentyabr 2024-cü ildə seriya ƏİA/6 № 656499 mədaxil qəbzi ilə cavabdehə 1700 manat, 29 sentyabr 2024-cü ildə seriya ƏİA/6 № 656496 mədaxil qəbzi ilə cavabdehə 1700 manat ödəmişdir. Bunlardan başqa cavabadeh iddiaçıdan əlavə olaraq 500 ABŞ dolları əlbəəl alıblar. Cavabdehin iddiaçıdan tələb etdiyi sənədlərin notariusda ingilis dilinə tərcümə olunması üçün 84 manat ödəmişdir. Həmin sənədlərin surətlərinin və tərcümələrinin notarial qaydada təsdiq olunması üçün ödədiyi məbləğlər bundan ibarətdir: diplomun surətinin və tərcüməsinin təsdiqi üçün – 3 manat və 6 manat, attestatın surətinin və tərcüməsinin təsdiqi üçün – 3 manat və 6 manat, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinin və tərcüməsinin təsdiqi üçün – 3 manat və 6 manat, bakalavr diplomuna əlavənin surətinin və tərcüməsinin təsdiqi üçün – 4 manat və 6 manat. Sonra cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, iddiaçı terminal vasitəsi ilə bankda hesabın açılması üçün onların hesabına 734 manat və əlavə olaraq iddiaçıya 2 arayış veriləcəyinə görə 20 manat, həmçinin iş yerindən fiktiv əmək haqqı arayışının alınması üçün yenə də terminalla cavabdehin hesabına 350 manat ödəməlidir. İddiaçı terminal vasitəsi ilə göstərilən məbləğləri cavabdehin hesabına ödəmişdir. Sonra cavabdeh tərəfindən bildirilmişdir ki, X3 viza alınması üçün səfirliyə 350 ABŞ dolları, 300 ABŞ dolları və 185 ABŞ dolları ödəməlidir. İddiaçı kartından həmin məbləğləri cavabdeh tərəfindən ona təqdim olunmuş hesaba ödəmiş, həmçinin bu əməliyyatlar zamanı bank tərəfindən iddiaçıdan 10 manat bank çıxarışına görə haqq, 2,47 manat köçürmə əməliyyatlarına görə faiz tutulmuşdur. 2024-cü ilin sentyabr ayından hal-hazıra qədər 1 il ərzində cavabdeh iddiaçıdan müqavilə üzrə xidmətlərin göstərilməsinə görə aldıqları cəmi 4250 manat puldan müqavilə öhdəliklərini yerinə yetirmədən öz xeyiri üçün istifadə etmişdir. Cavabdehin təqsiri üzündən iddiaçı ABŞ-da və ya Kanadada təhsil alacağına ümid etmiş, lakin cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçının bu ümidləri puça çıxmış, nəticədə iddiaçı maddi ziyana düşməklə, paralel olaraq psixi gərginliklər keçirmişdir. Cavabdeh tərəfindən əvvəlcədən iddiaçıya bildirilmişdir ki, onlar 100 faiz nəticə verirlər və 100 faiz iddiaçının ABŞ-da və ya Kanadada təhsil almasını təmin edəcəklər. Hətta onlar iddiaçıya 26 noyabr 2024-cü ildə bildirmişlər ki, guya iddiaçını ABŞ-ın Kaliforniya ştatının Fresno şəhərində yerləşən Kaliforniya Ştatı Universitetinə daxil etdirmiş və qısa müddətdə viza məsələsini həll edəcəklər, iddiaçı isə ABŞ-a gedəcək. Sonradan bütün bunların yalan və uydurma olduğunu bildikdə, iddiaçı özündən asılı olmadan gözlənilməz stress hissləri keçirmişdir. İddiaçı həm aldadıldığına, həm də ümidlərinin doğrulmadığına görə, güclü stress keçirmişdir. Bu stress iddiaçının həm sağlamlığında, həm də psixi durumunda güclü iz qoymuşdur. Dəfələrlə cavabdehin rəhbər şəxslərinə bununla əlaqədar müraciət etsə də, müxtəlif bəhanələrlə iddiaçını aldatmış, son zamanlar isə, ümumiyyətlə iddiaçını qəbul etməkdən də imtina edirlər. Cavabdehin vəzifəli şəxslərinin bu saymazyana, iddiaçıya qarşı etinasız hərəkətləri iddiaçıya maddi ziyan ilə yanaşı mənəvi zərər vurulması ilə nəticələnmişdir. Cavabdehin vəzifəli şəxsləri iddiaçının müracitlərinə baxmayaraq, iddiaçının işi ilə maraqlanmayıblar, iddiaçının onlara dəfələrlə telefonla zəng etməyinə, ofisə getməyinə baxmayaraq, hətta iddiaçını qəbul etməkdən belə imtina ediblər. Tərəflərin mövqeləri: İddiaçı vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçı viza alınması üçün ABŞ-ın Bakıdakı səfirliyinə müraciət etdikdə, müəyyən olunmuşdur ki, ona viza verilməsindən imtina edilmişdir. Bundan sonra, iddiaçı cavabdehə bu barədə məlumat verdikdə cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçının viza ala bilməməsinə görə cavabdeh heç bir məsuliyyət daşımır. Cavabdeh tərəfindən iddiaçının ABŞ-da yerləşən universitetlərin birinə qəbul olması ilə bağlı sənəd təqdim edilmişdir. Lakin, sonradan həmin sənəd səfirliyə təqdim edilib araşdırılan zaman müəyyən olunmuşdur ki, həmin sənəd heç bir əhəmiyyət daşımayan saxta sənəddir. Əslində iddiaçı ABŞ-da heç bir universitetə qəbul olmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə etirazını məhkəməyə təqdim etməmişdir. Sübutların tədqiqi: İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 1000-1903 nömrəli müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən "Sifarişçi” (iş üzrə iddiaçı) Amerikada və ya Kanadada yerləşən kollec və universitetlərdə və ya dil kurslarında təhsil proqramının seçilməsi və təhsil alınan ölkədə, təhsil aldığı müddətdə tələbə yataqxanası məsələləri ilə əlaqədar "Sifarişçi”yə məsləhət xidmətlərinin göstərilməsi, həmçinin, həmin təhsil müəssisəsində "Sifarişçi” üçün müvafiq proqrama müraciətin edilməsi, təhsil müəssisəsinə qəbul üçün zəruri sənədlərin siyahısının təqdim edilməsi üzrə xidmətlərin göstərilməsini sifariş verib “İcraçı”ya (iş üzrə cavabdeh) razılaşdırılmış xidmət haqqı ödəməyi, "İcraçı” isə müqavilədə müəyyən edilən qaydalar əsasında xidmətləri göstərməyi öhdəsinə götürür. Müqavilənin 1.6-cı bəndinə əsasən bu müqaviləyə əsasən "İcraçı” "Sifarişçi"yə yalnız təhsil proqramına müraciət edilməsi ilə əlaqədar viza proseduru barədə müvafiq məsləhətlər verir. Başqa tipli vizanın alınması və ya miqrasiya qaydaları və şərtlər ilə əlaqədar hər hansı bir xidmət həyata keçirilmir. Vizanın təsdiqlənməsi prosesi yalnız səfirlik nümayəndəsinin müvafiq yekun qərarı ilə həyata keçirilməsi səbəbindən vizanın nəticəsi ilə bağlı İcraçı hər hansı bir öhdəlik daşımır. Müqavilənin 7.1-ci maddəsinə əsasən müqavilə imzalandığı andan etibarən “Sifarisçi”nin təhsil müəssisələri üzrə araşdırmanın aparılması və təhsil müəssisəsindən qəbulun alınması prosesi üçün Amerikada və ya Kanadada kollec universitetlər və ya dil kursları ilə danışıqlar aparılacaq və “Sifarişçi”yə müvafiq təhsil proqramına müraciət edilərək qəbulu alınacaqdır. Müqavilənin 7.2-ci maddəsinin “b” bəndinə əsasən müqavilə üzrə razılaşdırılmış əsasda "Sifarişçi" "İcraçı" tərəfindən sifarişin yerinə yetirilməsi üzrə icranın həyata keçirilməsi üçün şirkətin xidmət haqqını hissəli olaraq (ilkin xidmət haqqı və yekun xidmət haqqı) aşağıdakı üsulla ödəyəcəkdir. "Sifarişçi" ilkin xidmət haqqının birinci hissəsini xx.xx.2024-cü il tarixində 1700 manat ödədikdən sonra, iş üzrə araşdırmalara başlayır və tələb olunan sənədlər təqdim edildikdən sonra sənədləşmə prosesi başlayır, proses davam etdiyi müddəidə "Sifarişçi" ilkin xidmət haqqının ikinci hissəsini xx.xx.2024-cü il tarixində 1700 manat ödəyir. Tərəflər arasında razılığa əsasən ilkin xidmət haqqının müəyyən edilmiş hissəsi təhsil müəssisəsindən qəbul gəldikdən sonra ödəniləcəkdir. Yekun xidmət haqqı olaraq Səfirlik tərəfindən Viza və ya "Medical Exam/X5" (hansı ilk gələrsə) təqdim edildikdə, 24 saat ərzində "İcraçı'ya ödəniləcəkdir. Əks təqdirdə "Sifarişçi" qəbulun və vizanın ləğvinə görə müraciət etmək üçün "İcraçı”ya icazə verir. Müqavilənin 8.1-ci bəndinə əsasən "Sifarişçı'nin təhsil müəssisəsinə qəbul olunması barədə “İcraçı”ya rəsmi məlumat daxil olduqdan sonra "İcraçı" növbəti mərhələlər üzrə sənədləşmələrin aparılması üçün "Sifarişçi”yə məsləhətlər verir. “İcraçı” "Sifarişçı”nin sifarişin yerinə yetirilməsi üçün lazım olan sənəd və ya məlumatlar, materiallar üzrə çəkdiyi xərclərə görə cavabdehlik daşımır. Müqavilənin 8.2-ci bəndinə əsasən "İcraçı" bu müqavilə əsasında "Sifarişçi”nin təhsil proqramına qəbul olunmasına dair xidmətlər göstərir. Əlavə olaraq sənədləşmə prosesinin tam peşəkar şəkildə aparılmasına nəzarət edir. xx.xx.2024-cü il tarixli 656499 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 1700 manat məbləğində ilkin ödəniş Cavabdeh MMC-yə ödənilmişdir. xx.xx.2024-cü il tarixli 656496 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən ilkin ödənişin qalıq məbləği olan 1700 manat Cavabdeh MMC-yə ödənilmişdir. X4, Fresno (X6) tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı “X4, Fresno” universitetinin “Biznesin idarə edilməsi” ixtisası üzrə birinci kurs tələbəsi kimi şərtli qəbul almışdır. Tədris ilinin 2025-ci il yaz semestrindən etibarən başlanılması qeyd edilmişdir İşin müəyyən edilən halları: Tərəflər arasında imzalanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya X1 və ya Kanadada yerləşən təhsil müəssisələrindən birində təhsil alması üçün proqramların seçilməsi, məsləhət xidmətlərinin göstərilməsi, müvafiq proqrama müraciətin edilməsi, təhsil müəssisəsinə qəbul üçün zəruri sənədlərin toplanmasından ibarət xidmətləri göstərməyi, iddiaçı isə həmin xidmətlərə görə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə iddiaçının hissə-hissə olmaqla, ümumilikdə 3400 manat xidmət haqqı ödəməsi razılaşdırılmışdır. Müqavilə üzrə razılaşdırılmış xidmət haqqının 1700 manat hissəsi xx.xx.2024-cü il tarixində, qalan 1700 manat isə xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı hal-hazırda cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra edilmədiyinə görə ona dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, tərəflər təhsil xidmətlərinin göstərilməsinə dair xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə daxil olmuşlar. İddiaçı cavabdeh tərəfindən müqavilə ilə razılaşdırılmış xidmətlərin göstərilməməsi nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Məhkəmə ilk öncə iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı qeyd edir ki, iddiaçı müqavilə üzrə hissə-hissə olmaqla ümumilikdə ödədiyi 3400 manat məbləğində pulun və çəkilmiş digər xərclərin cavabdeh tərəfindən geri qaytarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, müqavilə öhdəliklərinin icrası ilə bağlı yaranmış mübahisənin həlli zamanı ilk növbədə müqavilənin etibarlı şəkildə bağlanmış olub-olmaması, tərəflərin müqavilə üzrə öhdəliklərinin konkret nədən ibarət olması müəyyən edilməli, yalnız bundan sonra tərəflərin həmin öhdəlikləri icra edib-etməməsi araşdırılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli xidmət müqaviləsinə nəzər saldıqda müəyyən olunur ki, müqavilənin 1-ci (müqavilənin predmeti) bölməsində hər bir tərəfin üzərinə götürdüyü öhdəliklər müəyyən olunarkən iddiaçının razılaşdırılmış ölkələrdə müvafiq təhsil müəssisəsinə qəbul alması ilə bağlı cavabdehin üzərinə öhdəlik götürməsi dəqiq olaraq qeyd edilməsə də, müqavilənin 7.1-ci bəndində qeyd edilmişdir ki, müqavilə imzalandığı andan etibarən “Sifarisçi”nin təhsil müəssisələri üzrə araşdırmanın aparılması və təhsil müəssisəsindən qəbulun alınması prosesi üçün Amerikada və ya Kanadada kollec universitetlər və ya dil kursları ilə danışıqlar aparılacaq və “Sifarişçi”yə müvafiq təhsil proqramına müraciət edilərək qəbulu alınacaqdır. Həmçinin, müqavilənin 7.2-ci bəndində xidmət haqqının ödəniş üsulu və qaydası müəyyən edilərkən razılaşdırılmışdır ki, ilkin xidmət haqqının müəyyən edilmiş hissəsi, yəni 1700 manat təhsil müəssisəsindən qəbul gəldikdən sonra ödəniləcəkdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən xidmət haqqının müəyyən hissəsinin məhz təhsil müəssisəsindən qəbul gəldikdən sonra ödənilməsi ilə şərtləndirilməsi cavabdehin bununla bağlı üzərinə götürdüyü öhdəlikdən irəli gəlir. Cavabdeh tərəfindən sözügedən öhdəliyin lazımınca icra edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh universitet tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024cü il tarixli məktubu öhdəliyinin tam icrası kimi iddiaçıya təqdim etmişdir. Məktubun məzmunundan müəyyən olunur ki, məktubda iddiaçıya “X4, Fresno” universitetinin “Biznesin idarə edilməsi” ixtisası üzrə birinci kurs tələbəsi kimi şərtli qəbul aldığı qeyd edilmişdir. Qeyd olunan sənədlə bağlı, iddiaçının vəkili və nümayəndəsi bildirmişdir ki, sənəddə göstərilənlər həqiqəti əks etdirməmiş, iddaçı heç bir universitetə qəbul almamış, hətta həmin sənəd səfərlik tərəfindən də qəbul olunmamışdır. Eyni zamanda qeyd olunmaldır ki, sözügedən məktub həqiqi olsa belə hələ iddiaçının rəsmi olaraq sözügedən universitetdə tam hüquqlu təhsil almaq üçün qəbulu demək deyil, yalnız ilkin mərhələdir. Bu mərhələdən sonra iddiaçı məhz həmin məktubla, eləcə də, universitet tərəfindən tələb edilən sənədləri toplamaqla, ABŞ-da təhsil almaq istəyən beynəlxalq tələbələrə verilən İ-20 formanın alınması üçün universitetə müraciət etməli idi. Lakin, iş materialları əsasında müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının universitetə şərtli qəbul olunması barədə məktub alındıqdan sonra növbəti zəruri tədbirlər həyata keçirilməmişdir. Qeyd edilənlərdən də göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək, ödənişləri həyata keçirmişdir. Lakin cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, müqavilədə təsbit olunmuş xidmətlər cavabdeh tərəfindən həyata keçirilməsi sübut olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş 3400 manat məbləğində xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin qeyd olunur ki, mübahisə premeti olan müqavilədə qeyd olunmuş xidmətlərin müqavilə üzrə tam həyata keçirilməsinin sübut etmə yükü cavabdehin üzərində olmuşdur. Halbuki, cavabdeh məhkəmə iclaslarının vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəm iclasında iştirakını təmin etməmiş, eləcə də, iddia ərizəsində qeyd edilənlərə yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin 500 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdeh tərəfindən 500 ABŞ dolları məbləğində pulun ondan nağd şəkildə alındığını qeyd edərək, bu dəlilini sübut edən “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə cavabdehin əməkdaşları ilə arasında keçən səsli yazışmaları məhkəməyə təqdim etmişdir. Lakin, həmin auido yazılara məhkəmə tərəfindən baxış keçirilən zaman iddiaçı tərəfindən 500 ABŞ dolları məbləğində pul vəsaitinin nağd şəkildə verilməsi, pulun nə zaman və ya kimə verilməsini müəyyən etmək mümkün olmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən audio yazılar iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. İddiaçının digər tələbi ondan ibarətdir ki, o, tələb edilən sənədlərin və onların tərcüməsinin notarial təsdiqi üçün ümumilikdə 84 manat məbləğində ödəniş həyata keçirərək, ona maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, iddiaçının sözügedən iddia tələbi də əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 8.1-ci bəndinə əsasən cavabdeh iddiaçının sifarişin yerinə yetirilməsi üçün lazım olan sənəd və ya məlumatlar, materiallar üzrə çəkdiyi xərclərə görə cavabdehlik daşımır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçıya məxsus sənədlərin tərcüməsi və təsdiqindən ibarət notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu iddiaçı tərəfindən ödənilməlidir. İddiaçının digər tələbi ondan ibarətdir ki, iddiaçı X3 viza alınması üçün səfirliyə müraciət zamanı ümumilikdə 1440 manat ödəniş etmiş, lakin, X2 səlahiyyətli dövlət qurumları tərəfindən viza verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən iddia tələbi də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 1.6-cı bəndinə əsasən bu müqaviləyə əsasən "İcraçı” "Sifarişçi"yə yalnız təhsil proqramına müraciət edilməsi ilə əlaqədar viza proseduru barədə müvafiq məsləhətlər verir. Başqa tipli vizanın alınması və ya miqrasiya qaydaları və şərtlər ilə əlaqədar hər hansı bir xidmət həyata keçirilmir. Vizanın təsdiqlənməsi prosesi yalnız səfirlik nümayəndəsinin müvafiq yekun qəranı ilə həyata keçirilməsi səbəbindən vizanın nəticəsi ilə bağlı İcraçı hər hansı bir öhdəlik daşımır. Məhkəmə qeyd edir ki, iddiaçıya viza verilməsi üçün müraciət edilməsi ilə əlaqədar viza proseduru cavabdeh tərəfindən həyata keçirilsə də, şəxsə viza verilməsi səfər edilən ölkənin xarici işlər nazirliyi, diplomatik nümayəndəlikləri (səfirliklər, konsulluqlar) və ya müvafiq dövlət agentlikləri tərəfindən verildiyindən iddiaçının sözügedən iddia tələbi təmin edilə bilməz. Məhkəmə faiz borcunun tutulması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında şərh edilmişdir ki, MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Hazırkı mülki işin araşdırılması zamanı isə qaytarılmalı olan pul vəsaitindən cavabdeh tərəfin göstərilən formada faydalanması sübut olunmur. Ona görə iddia tələbi faiz borcunun tutulması hissəsində də təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın mənəvi zərərin ödənilməsinə dair hissəsi təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsinədə mənəvi sarsıntı keçirməsinin, psixologiyasında stress, sarsıntı və emosional gərginliyin nədən ibarət olmasını göstərməmiş, bununla bağlı yalnız qanunvericilik normalarını sadalamaqla kifayətlənmişdir. Eyni zamanda, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirməsi, psixologiyasında stress, sarsıntı və emosional gərginlik keçirməsi, bunlara görə sağlamlalığına ziyan dəyməsi və s. ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, qeyd edilənləri və iddiaçı tərəfindən pul vəsaitinin cavabdehə verilməsi məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə həmçinin hüquqi yardım üçün vəkilə ödənilmiş 115 manat məbləğində pulun, etibarnamənin tərtib edilməsinə görə ödənilmiş 17,25 manat pulun və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 128 manat pulun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla hüquqi yardım üçün və dövlət rüsumunun ödənilməsi üçün əlavə xərc çəkmişdir. Lakin, cavabdehdən tutulmalı olan dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 54 manat məbləğində müəyyən edilməli, qalan dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iddiaçının şəxsiyyət vəsiqəsinin surətinin notarial təsdiqi üçün ödənilmiş 3,40 manat məbləğində pulun cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman şəxsiyyət vəsiqəsinin surətinin notarial qaydada təsdiq edilməsi barədə imperativ qayda müəyyən olmadığından, həmin pul vəsaiti cavadehdən tutula bilməz. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. 3400 manat məbləğində maddi ziyan, 115 manat hüquqi yardıma görə ödənilmiş pul, 17,25 manat etibarnamənin tərtib edilməsinə görə, 54 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3586,25 manat məbləğində pul Cavabdehndən alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 73,05 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar