Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7687/2025 23.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddia tələbi: İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli8İ -7328 nömrəli pul vəsaitinin tutulmasına dair icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Tapdiq oğlu ilə cavabdeh DEN- 00008-00/22A saylı "03" avqust 2022-ci il tarixli Əsas kredit müqaviləsinə əsasən illik 19 (on doqquz) faiz dərəcəsi ilə 48 (qırx səkkiz) ay müddətinə İddiaçı 500000 (beş yüz min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə iddiaçıya məxsus əmlaklar ipoteka predmeti kimi yüklü edilmişdir. Hazırda iddiaçı (borcalan) özünün sahibkarlıq fəaliyyətində olan müflisləşməsi, faktiki pisləşən iqtisadi imkanları və müqavilədən irəli gələn öhdəliyi icra edə bilməməsi barədə dəfələrlə banka bildirmiş, görüşlərdə olmuşdur. Lakin bank tərəfindən ona hər hansı köməklik göstərilməmiş, əksinə faiz və cərimələrin hesablanması davam etdirilmişdir və hazırda da davam edir. Hazırda bank tərəfindən 394750.81 AZN əsas borc, 31815.59 AZN faiz borcu, 5765.14 AZN dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 432331.54 AZN borc hesablamışdır. Hal-hazırda kredit müqaviləsinin özü icra qeydinin tarixindən əvvəl iddiaçı tərəfindən mübahisələndirilmişdir. Həmin e-2(011)-5938/2025 nömrəli mülki iş Xətai Rayon Məhkəməsində hakim Əminə Abbasovanın icraatındadır. Buna baxmayaraq qanunsuz olaraq bank tərəfindən Bakı şəhəri 17 saylı Notariat Ofisi ilə birlikdə icra qeydi qəbul edilmişdir. Cavabdeh Bakı şəhəri 17 saylı Notariat Ofisi isə həmin icra qeydi verilən zaman “Notariat haqqında” Qanunun normalarını pozmuşdur. Belə ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İşin bu halında iddiaçıya heç vaxt bildiriş göndərməmişdir və o, notariusun icra qeydinin surətini ancaq icra şöbəsindən almışdır. Cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, İddiaçı birinci kredit borcunu mübahisələndirmiş və nümayəndəsi olaraq onun tərəfindən əvvəl 11 iyun 2025-ci il tarixli pretenziya məktubu ilə banka müraciət edilərək, "03" avqust 2022-ci il tarixli əsas kredit müqaviləsi üzrə faiz və cərimənin dayandırılması, əmlakın girovdan azad olunması xahiş edilmiş, əks halda göstərilənlərlə bağlı olaraq müvafiq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Bundan sonra iddiaçının cavabdeh Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinə qarşı “faiz və cərimənin dayandırılması” tələbinə dair iddia ərizəsini 30 iyun 2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin elektron məhkəmə sistemindəki kabinetə nümayəndə kimi şəxsən özü yerləşdirmişdir. Bundan sonra 02 iyul 2025-ci il tarixdə bank Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərək, İddiaçı kredit müqaviləsi üzrə borc öhdəliklərinin lazımınca icra etmədiyinə görə, əsas borc, kreditə hesablanmış faizləin və dəbbə pulunun ödənilməsi məqsədi ilə ödənişin ipoteka predmetinə yönəldilməsi haqqında bildiriş göndərmişdir. Bundan sonra bank notariata müraciət edərək İddiaçı cavabdeh Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə pul vəsaitinin tutulmasına dair icra qeydinin verilməsi üçün Bakı şəhəri 36 saylı Notariat Ofisinə müraciət etmiş və xx.xx.2025-ci il tarixdə icra qeydi verilmişdir. Bu barədə icra şöbəsindən məlumat alandan sonra iddiaçı “icra qeydinin ləğvi” tələbinə dair ikinci iddianı məhkəməyə vermişdir. Nümayəndə həmçinin qeyd etmişdir ki, ilk olaraq cavabdeh tərəfindən iddiaçıya və ipoteka qoyana göndərdikləri bildirişlər 2 fərqli ünvana göndərilmiş, bildirişlər iddiaçı ilə heç bir qohumluq əlaqəsi olmayan Ramilə Qayıbova adlı eyni şəxs tərəfindən qəbul olunmuş, həmin şəxsin iddiaçı ilə heç bir əlaqəsi olmamışdır. Nümayəndə həmin bildirişlərin dövlət poçt xidməti ilə deyil, cavabdehin özünün seçdiyi çatdırılma təşkilatı ilə göndərilərək qəsdən bildirişlərin başqa şəxs tərəfindən əldə olunmasına şərait yaradıldığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 iddianın təmin edilməməsini xahiş etmiş, izahatında qeyd etmişdir ki, bildirişlər iddiaçı tərəfindən təhvil alınmasa da, bank olaraq onlar bildirişlərin məhz göndərilən şəxs tərəfindən alınması üçün məsuliyyət daşımırlar. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İddiaçı Tapdiq oğlu ilə Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış DEN-00008-00/22A saylı "03" avqust 2022-ci il tarixli Əsas kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı illik 35 faiz dərəcəsi ilə 120 (yüz iyirmi) ay müddətinə 650000 (altı yüz əlli min) AZN məbləğində kredit verilmişdir. İddiaçı Tapdiq oğlu ilə Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış DEN-00008-00/22A saylı "03" avqust 2022-ci il tarixli Əsas kredit müqaviləsinin ayrılmaz tərkibi olan DEN-00008-01/23A saylı 13 iyul 2023-cü il tarixli Əlavə Razılaşmanın surətindən görünür ki, İddiaçı illik 19 (on doqquz) faiz dərəcəsi ilə 48 (qırx səkkiz) ay müddətinə 500000 (beş yüz min) AZN məbləğində kredit verilmişdir. İddiaçı Tapdiq oğlu ilə Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış DEN-00008-01/23A saylı 13 iyul 2023-cü il tarixli Əsas kredit müqaviləsinin ayrılmaz tərkibi olan 18 mart 2024-cü il tarixli Əlavə Saziş N 1 surətindən görünür ki, DEN-00008- 01/23A saylı 13 iyul 2023-cü il tarixli Əsas kredit müqaviləsinə dəyişiklik edilərək, İddiaçı 15 aprel 2024-cü il tarixdən hesablanmaqla 6 ay güzəşt müddəti müəyyən edilir və güzəşt müddəti ərzində yalnız Müqavilə üzrə hesablanacaq faiz məbləği ödənilir. Müqavilə ilə kreditin qaytarılması üçün müəyyən edilmiş müddət 0 ay müddətinə 15 iyul 2027-ci il tarixinədək uzadılmış hesab edilir. Müqavilə ilə verilmiş kreditin üçün hesablanan faiz dərəcəsi 19% olaraq qalır. İddiaçı Tapdiq oğlu, X5 ilə Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış DENG1-00008-00/22A saylı "03" avqust 2022-ci il tarixli İpoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı Tapdiq oğlu ilə Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış DEN-00008-00/22A saylı "03" avqust 2022-ci il tarixli Əsas kredit müqaviləsi və Əlavə müqavilələr üzrə Borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə X3 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İpotekaya qoyulmuşdur. 03 avqust 2022-ci il tarixli DENGİ-00008-00/22A nömrəli İpoteka müqaviləsindən görünür ki, borcalan tərəfindən əsas öhdəliyin və ya onun bir hissəsinin ödənilməsi 90 təqvim günü gecikdirildiyi və ya kredit müqaviləsinin şərtləri pozulduğu və ya müqavilə ilə müəyyən olunmuş vəzifələr yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə İpoteka predmetinə tutma yönəldilə bilər. Həmçinin müqavilədə İpoteka qoyan tərəfindən əsas öhdəliyin və ya onun bir hissəsinin ödənilməsi 90 (doxsan) təqvim günü gecikdirildiyi və/və ya Kredit müqaviləsinin şərtləri pozulduğu təqdirdə və/və ya bu Müqavilədə və qanunvericiliklə müəyyən olunmuş digər hallarda İpoteka saxlayan ipoteka predmetinə tutma yönəldilməsi prosesinin başlanması haqqında İpoteka qoyana bildiriş göndərə bilər. Əsas öhdəlik bildiriş İpoteka qoyana təqdim edildiyi gündən 21 təqvim günü müddətində İpoteka qoyan tərəfindən icra olunmadığı təqdirdə İpoteka predmetinə tutma yönəldilir və İpoteka predmeti hərracda satılır. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil Bank "xxxx" ASC-yə ünvanladığı 11 iyun 2025-ci il tarixli pretenziya məktubundan müəyyən olunur ki, həmin məktubda qeyd edilmişdir ki, DEN-00008-00/22A saylı "03" avqust 2022-ci il tarixli əsas kredit müqaviləsinə əsasən illik 19 (on doqquz) faiz dərəcəsi ilə 48 (qırx səkkiz) ay müddətinə İddiaçı 500000 (beş yüz min) AZN məbləğində kredit verilmişdir. Hazırda bank tərəfindən (bankın Sənaye filialı) iddiaçıya süni maneələr yaradılır. Qəsdən faiz və cərimə hesablanır. İddiaçıya məxsus əmlaklar girovda saxlanılır. Göstərilənlərə əsasən DEN-00008-00/22A saylı "03" avqust 2022-ci il tarixli əsas kredit müqaviləsi üzrə faiz və cərimənin dayandırılmasını, əmlakının girovdan azad olunmasını xahiş etmişdir. Əks halda göstərilənlərlə bağlı olaraq müvafiq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5938/2025 09 iyul 2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinə qarşı “faiz və cərimənin dayandırılması” tələbinə dair 30 iyun 2025-ci il tarixdə verilmiş iddia ərizəsi xx.xx.2025-ci il tarixdə icraata götürülmüşdür. Bank "xxxx" ASC-nin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə məktubdan görünür ki, İddiaçı kredit müqaviləsi üzrə borc öhdəliklərinin lazımınca icra etmədiyinə görə, əsas borc, kreditə hesablanmış faizləin və dəbbə pulunun ödənilməsi məqsədi ilə ödənişin ipoteka predmetinə yönəldilməsi haqqında 02 iyul 2025-ci il tarixli SD- 2025/2630.01 saylı bildiriş göndərilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin Bank "xxxx" ASC-yə ünvanlandığı cavab məktubundan 04 iyul 2025-ci il tarixli elektron müraciətə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş 08 iyul 2025-ci il tarixdə qeydə alınmışdır. İcra qeydinin surətindən görünür ki, İddiaçı cavabdeh Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə pul vəsaitinin tutulmasına dair icra qeydi Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmişdir. İddia ərizəsinin surətindən görünür ki, İddiaçı cavabdeh Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. İddiaçı, X1 və X3 göndərilən 07 iyul 2025-ci il tarixli məktubların surətindən görünür ki, eyni gqn fərqli ünvanlara göndərilmiş sözügedən məktublar “Ramilə Qayıbova” adlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə təhvil alınmışdır. İddiaçının nümayəndəsinin izahatından müəyyən olunur ki, Ramilə Qayıbova adlı şəxsin iddiaçı ilə heç bir qohumluq əlaqəsi yoxdur. İcra qeydi ilə bağlı notariat işində olan maliyyə arayışından görünür ki, İddiaçı DEN- 00008-01/23A saylı 13 iyul 2023-cü il tarixli Əsas kredit müqaviləsi üzrə əsas borcun yaranma tarixi 01 iyul 2025-ci il kimi qeyd edilmişdir. Həmin arayışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdən başlayaraq 2024-cü ilin iyun ayı istisna olmaqla hər ay, bəzi aylarda isə ay ərzində bir neçə dəfə kredit ödənişləri edilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 10.5-ci maddəsinə görə ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. 18.1-ci maddəsinə görə ipoteka kağızı ilkin ipoteka saxlayana verilərkən və ya ilkin ipoteka saxlayanın adına rəsmiləşdirilərkən, özündə aşağıdakıları əks etdirməlidir: 18.1.9. ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ipoteka saxlayanın hüquqlarının notariusun icra qeydi əsasında həyata keçirilməsi barədə qeyd. 36.2.3-cü maddəsinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq. 34.1.1-ci maddəsinə görə İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar sırasında əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi qeyd edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Eyni qanunun 79-cu maddəsinə görə icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası MPM-nin: 4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsnə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı Tapdiq oğlu ilə cavabdeh bank arasında DEN-00008-00/22A saylı "03" avqust 2022-ci il tarixli Əsas kredit müqaviləsinə əsasən illik 19 (on doqquz) faiz dərəcəsi ilə 48 (qırx səkkiz) ay müddətinə İddiaçı 500000 (beş yüz min) AZN məbləğində kredit verilmişdir. Borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə X3 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi İpotekaya qoyulmuşdur. 03 avqust 2022-ci il tarixli DENGİ-00008-00/22A nömrəli İpoteka müqaviləsindən görünür ki, borcalan tərəfindən əsas öhdəliyin və ya onun bir hissəsinin ödənilməsi 90 təqvim günü gecikdirildiyi və ya kredit müqaviləsinin şərtləri pozulduğu və ya müqavilə ilə müəyyən olunmuş vəzifələr yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə İpoteka predmetinə tutma yönəldilə bilər. Həmçinin müqavilədə İpoteka qoyan tərəfindən əsas öhdəliyin və ya onun bir hissəsinin ödənilməsi 90 (doxsan) təqvim günü gecikdirildiyi və/və ya Kredit müqaviləsinin şərtləri pozulduğu təqdirdə və/və ya bu Müqavilədə və qanunvericiliklə müəyyən olunmuş digər hallarda İpoteka saxlayan ipoteka predmetinə tutma yönəldilməsi prosesinin başlanması haqqında İpoteka qoyana bildiriş göndərə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İpoteka haqqında qanunda ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ipoteka saxlayanın hüquqlarının notariusun icra qeydi əsasında həyata keçirilməsi barədə qeydin ipoteka kağızında əks edilməsinin zəruriliyi müəyyən edilsə də, məhkəmənin qənaətinə görə belə bir qeydin ipoteka haqqında müqavilədə də qeyd olunmağı zəruridir və İddiaçı Tapdiq oğlu, X5 ilə Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış DENG1-00008-00/22A saylı "03" avqust 2022-ci il tarixli İpoteka müqaviləsində belə bir qeyd əks olunmamışdır. Bununla yanaşı işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər arasında bağlanmış "03" avqust 2022-ci il tarixli əsas kredit müqaviləsi İddiaçı tərəfindən mübahisələndirmiş və iddiaçı nümayəndəsi vasitəsilə 11 iyun 2025-ci il tarixli pretenziya məktubu ilə banka müraciət edərək, "03" avqust 2022-ci il tarixli əsas kredit müqaviləsi üzrə faiz və cərimənin dayandırılmasını, əmlakının girovdan azad olunmasını xahiş etmiş, əks halda göstərilənlərlə bağlı olaraq müvafiq məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən cavabdeh Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinə qarşı “faiz və cərimənin dayandırılması” tələbinə dair iddia ərizəsi 30 iyun 2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin elektron məhkəmə sistemindəki kabinetə yerləşdirilmiş, xx.xx.2025-ci il tarixdə icraata götürülmüşdür. Pretenziya məktubunu aldıqdan sonra Bank "xxxx" ASC-nin 04 iyul 2025-ci il tarixli elektron müraciətinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair tutmanın yönəldilməsi haqqında bildiriş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsi tərəfindən 08 iyul 2025-ci il tarixdə qeydə alınmışdır. İddiaçı cavabdeh Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə pul vəsaitinin tutulmasına dair icra qeydi Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmişdir. Bu barədə icra şöbəsindən məlumat alandan sonra İddiaçı cavabdeh Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Həmçinin qeyd edilməlidir ki, “İpoteka haqqında” Qanuna əsasən ipoteka müqaviləsində müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər göstərilməlidir. “İpoteka haqqında” Qanundan və ipoteka müqaviləsinin şərtlərindən müəyyən olunur ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi baş verəndə ipoteka predmetinə tutma yönəldilə bilər. İş materiallarında olan sübutlarla təsdiq edilir ki, bank tərəfindən həmin müddət də pozulmuş, iddiaçı 11 iyun 2025-ciil tarixdə pretenziya məktubu ilə müraciət etdikdən sonra cavabdeh bank 02 iyul 2025-ci il tarixdə 90 təqvim günlük müddəti gözləmədən ipotekaya tutma proseduruna başlamış, mübahisənin mövcudluğu banka aşkar bəlli olduğu halda bank notariata müraciət edərək mübahisənin mövcudluğu barədə notariata məlumat verməmiş, icra qeydinin verilməsinə nail olmuşdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin kifayət qədər əsaslılığına dair sübutlar mövcud olduğundan, Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən 20 avqust 2025-ci il tarixli 8İ-7328 nömrəli icra qeydi verilərkən “İpoteka haqqında” Qanunun və “Notariat haqqında” Qanunun tələbləri pozulduğundan iddia tələbi təmin edilməli, Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən verilmiş 20 avqust 2025-ci il tarixli 8İ-7328 nömrəli icra qeydi ləğv edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həmçinin nəzərə alır ki, tərəflər arasında bağlanmış "03" avqust 2022-ci il tarixli əsas kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə bağlı bankın məhkəməyə müraciət etmək hüququ olduğundan, məhkəmənin hazırki qətnaməsi ilə banka hər hansı maddi zərərin dəyməsi istisnadır. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu 100 manat. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə xərcləri ilə bağlı tələbi olmadığından məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, Q ə t e t d i: İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin olunsun. Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 8İ -7328 nömrəli pul vəsaitinin tutulmasına dair icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-7687/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7687/2025
23.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver