Məhkəmə qərarları › İş №e-2(011)-770/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-770/2023

24.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-770/2023 24.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İşin faktiki hallarına görə X3 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Cəlilabad Qaz istismar sahəsinin Qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəza-dispetçer xidmətinin 4-cü dərəcə xətt baxıcısı-çilingər vəzifəsində işləyərkən, Cəlilabad QİS-in rəhbərliyi tərəfindən təsdiq edilmiş 01 dekabr 2010-cu il tarixli “Cəlilabad qaz istismarı sahəsinin xətt baxıcısının peşə Təlimatı” nın 2.1, 2.2, 2.3 və 2.4cü bəndlərinə əsasən öz vəzifə təlimatlarını yerinə yetirməyərək Ərəstun Əliyev və Mədinə Əliyevanın yaşadığı evə küçədəki yerüstü qaz xətindən yerin altı ilə qazın nəql olunduğu 57 mm-lik yeraltı polad qaz xəttinin üzərində olan mexaniki zədəni vaxtında aşkar etməmiş, xarici qaz kəmərlərinə gəzmə üsulu ilə dövrü baxış keçirilməsi və profilaktik xidmət işlərinin keçirilməsi barədə raportda və jurnalda hər hansı nöqsan aşkar edilmədiyini qeyd etmiş, nəticədə yerin altı ilə evdən 8 m aralıda yerləşən 57 mm-lik yeraltı polad qaz xəttinin üzərində olan mexaniki zədə yerindən təbii qazın sızması nəticəsində zərərçəkmişlərin yaşadığı evin birinci mərtəbəsində qaz sızmasından baş vermiş partlayış nəticəsində X5 ölümünə, X6 az ağır xəsarət almasına və X4 şəxsi mülkiyyətinə ümumilikdə 5798 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur.

2. Baş vermiş partlayış hadisəsində cavabdehin Cəlilabad Qaz istismar sahəsinin Qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəza-dispetçer xidmətinin 4-cü dərəcə xətt baxıcısı-çilingər vəzifəsində işləyən X3 təqsirli bilinərək, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Yadulla Ağakişiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

3. İddia ərizəsinin və ona etirazın dəlilləri:

4. İddia ərizəsinin dəlilləri:

5. İddiaçı cavabdehdən onun xeyrinə qızının faicəvi ölümünə görə 25.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın, 5.798 manat maddi ziyanın və ödənilmiş 182.39 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan X5 ölümünə, X6 az ağır xəsarət almasına və X4 şəxsi mülkiyyətinə ümumilikdə 5798 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, o, 17 may 2010-cu il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Cəlilabad Qaz istismar sahəsinin Qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəza-dispetçer xidmətinin 4-cü dərəcə xətt baxıcısı-çilingər vəzifəsində işləyərkən, yerinə yetirdiyi inzibati- təsərrüfat funksiyalarına əsasən vəzifəli şəxs olmaqla, Cəlilabad QİS-in rəhbərliyi tərəfindən təsdiq edilmiş 01 dekabr 2010-cu il tarixli “Cəlilabad qaz istismarı sahəsinin xətt baxıcısının peşə Təlimatı” nın 2.1, 2.2, 2.3 və 2.4-cü bəndlərinə əsasən xidməti ərazisində təbii qazla təmin olunmuş və rəhbərlik tərəfindən təsdiq edilmiş qrafikdə qeyd olunan torpaq korroziyasından və səyyar cərəyan mənbələrindən elektrik mühafizə qurğusu olan qaz kəmərinin birxəttli hissəsinə, qaz kəmərinin çox xətli hissəsinə, əlaqə xəttlərinə və onların üzərində başqa tikililərə gəzərək baxmalı və xidmət etməli, əlaqə xəttlərini təmir etməli, Cavabdeh tərəfindən təsdiq edilmiş 18 may 2011-ci il tarixli “Xarici qaz kəmərlərinə gəzmə üsulu ilə dövrü baxış keçirilməsi və profilaktik xidmət işlərinin təşkili barədə” təlimatın 1.7 və 1.8-ci bəndlərinə əsasən təsdiq edilmiş qrafikə əsasən aparılan dövrü baxışın nəticələrini raportda qeyd etməli, qaz kəmərlərinə gəzmə üsulu ilə dövrü baxış keçirilməsi və profilaktik xidmət işlərinin aparılması və onun nəticələri barədə tərtib olunmuş raport əsasında nəzarət dövrü jurnalında qeydiyyat aparmalı, yerüstü qaz kəmərlərinə gəzmə üsulu ilə 3 ayda bir dəfədən az olmamaqla baxış keçirib qaz sızmaları, qaz kəmərlərinin dayaqlardan düşməsi və titrəmə halları, əzilməsi, yol verilməz əyilməsi, çökməsi, dayaqların zədələnməsi, bağlayıcı armaturların işlək vəziyyətdə olması, qaz kəməri xəttində qaz sızması müəyyən edildiyi və ya yeraltı kommunikasiyalarda qazın olması aşkar olunduğu təqdirdə dərhal Qəza Dispetçer Xidmətinə və ya QİS-in rəhbərliyinə məlumat verməli olduğu halda, bunu etməyərək yalnız sonuncu dəfə 20 oktyabr 2014-cü il tarixdə xidməti ərazisi hesab edilən X10 və X5 yaşadığı Cəlilabad şəhəri, F.Əhmədov küçəsindəki yerüstü qaz xəttinə baxış keçirməklə kifayətlənib işinə vicdansız və laqeyd münasibət göstərməklə, təlimatla üzərinə düşən xidməti vəzifələrini yerinə yetirməyərək və lazımi qaydada yerinə yetirməyərək, Ərəstun Əliyev və Mədinə Əliyevanın yaşadığı evə küçədəki yerüstü qaz xəttindən yerin altı ilə qazın nəql olunduğu 57 mm-lik yeraltı polad qaz xəttinin üzərində olan mexaniki zədəni vaxtında aşkar etməmiş, xarici qaz kəmərlərinə gəzmə üsulu ilə dövrü baxış keçirilməsi və profilaktik xidmət işlərinin keçirilməsi barədə raportda və jurnalda hər hansı nöqsan aşkar edilmədiyini qeyd etmiş, nəticədə 26 yanvar 2015-ci il tarixdə yerin altı ilə evdən 8 m aralıda yerləşən 57 mm-lik yeraltı polad qaz xəttinin üzərində olan mexaniki zədə yerindən təbii qazın sızması nəticəsində zərərçəkmişlərin yaşadığı evin birinci mərtəbəsində qaz sızmasından baş vermiş partlayış zamanı əmələ gələn yüksək hərarətli alovun təsirindən ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1, hər iki saidin və əllərin İİ-İİİ dərəcəli yanıqları (bədən səthinin 20-25 %-ni əhatə edən) ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid, X5 isə üzün, hər iki said, əllərinin, hər iki aşağı ətraflarının dairəvi, bədənin 50-52 %-ni tutan İİİ dərəcəli termiki yanığı ilə nəticələnən canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almasına və 01 fevral 2015-ci il tarixdə saat 03:50-də yanıq xəsarətləri nəticəsində inkişaf edən yanıq xəstəliyi orqanizmin ümumi intoksikasiyasından Bakı şəhərinin 5 saylı kliniki xəstəxanasında ölməsinə, X7 evdə partlayış nəticəsində yaranmış qüsurların aradan qaldırılmasına görə 3519 manat və 22 adda olan əmlakın yararsız hala düşməsi nəticəsində 2279 manat, ümumilikdə 5798 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, hökmə əsasən Yadulla Ağakişiyev Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 il, 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hal-hazıra kimi ona qızının vəfat etməsilə və evdə olan əmlakların məhv olması ilə bağlı vurulmuş zərərə görə heç kimsə hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən ona heç bir müraciət belə edilməmişdir. Həmin cinayət işi üzrə evə maddi ziyan dəydiyindən X8 zərərşəkmiş şəxs qismində tanınmışdır. Həyat yoldaşım X8 xx.xx.2020-də vəfat etdiyindən və onlar ər arvad olduqlarından bu barədə vurulmuş maddi ziyanı tələb etmək hüququ ona keçir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir.

8. Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

18. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

22. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

İşə baxan məhkəmənin mövqeyi:

23. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

24. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün ilk növbədə cavabdehin işçisinin iddiaçının ərinin ölümündə təqsirli olub-olmaması, habelə cavabdehin öz işçisinin hərəkətinə görə məsuliyyət daşıyıb-daşımaması araşdırılaraq hüquqi qiymət verilməlidir.

25. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır (§ 15 və 16).

26. İddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdehin işçisi olmuş Yadulla Ağakişiyevin əməlinin qanuna zidd olması, cinayətin baş verməsində onun təqsirli olması, habelə onun əməli nəticəsində iddiaçının qızının ölməsi iş materialları ilə öz təsdiqini tapır.

27. Belə ki, iş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə cavabdehin işçisi olmuş Yadulla Ağakişieyv Azərbaycan Respublikası CMnin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Yadulla Ağakişiyev ona görə təqsirləndərilmişdir ki, onun öz vəzifələrini düzgün icra etməməsi nəticəsində Ərəstun Əliyev və Mədinə Əliyevanın yaşadığı evə küçədəki yerüstü qaz xətindən yerin altı ilə qazın nəql olunduğu 57 mm-lik yeraltı polad qaz xəttinin üzərində olan mexaniki zədəni vaxtında aşkar etməmiş, xarici qaz kəmərlərinə gəzmə üsulu ilə dövrü baxış keçirilməsi və profilaktik xidmət işlərinin keçirilməsi barədə raportda və jurnalda hər hansı nöqsan aşkar edilmədiyini qeyd etmiş, yerin altı ilə evdən 8 m aralıda yerləşən 57 mm-lik yeraltı polad qaz xəttinin üzərində olan mexaniki zədə yerindən təbii qazın sızması nəticəsində zərərçəkmişlərin yaşadığı evin birinci mərtəbəsində qaz sızmasından baş vermiş partlayış nəticəsində X5 ölümünə, X6 az ağır xəsarət almasına və X4 şəxsi mülkiyyətinə ümumilikdə 5798 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur.

28. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçının qızının ölməsində cavabdehin işçisinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilir.

29. Mülki hüquq pozuntusu törətmiş Yadulla Ağakişiyevin hərəkətlərinə görə cavabdehin məsuluyyət daşıması məsələsi ilə bağlı qanuni əsaslar isə Mülki Məcəllənin qeyd edilən 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəaya əsasən hüquqi və ya fiziki şəxsin öz işçsinin törətdiyi deliktə görə məsuliyyət daşıması üçün əsasən iki şərt tələb olunur: birinci, deilikt törətmiş şəxs hüquqi və ya fiziki şəxsin işçisi olmalıdır. Mülki Məcəllənin 1099.1-ci maddəsinin mənası baxımından işçinin dairəsi Mülki Məcəllənin 1099.2-ci maddəsində (işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun) göstərilmişdir. İkincisi, delikt işçinin əmək (qullu, mənsəb) vəzifələrinin icrası zamanı törədilməlidir.

30. Yadulla Ağakişiyevin cavabdehin işçiləri olması işin mübahisəsiz halıdır. O ki qaldı deliktin Yadulla Ağakişiyevin əmək vəzifələrinin icrası zamanı törtməsinə, bu hal qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmiş və Yadlla Ağakişiyevə ittiham onların əmək funksiyalarının pozulmasına görə verilmişdir.

31. Beləliklə, cavabdehin işçisi Yadulla Ağakişiyevin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıması işdə olan sübutlar əsasında təsdiqini tapır.

32. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.

33. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçisinin təqsirindən iddiaçının qızı ölmüşdür. Şübhəsiz ki, iddiaçının övladını itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır.

34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

35. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

36. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin işçilərinin təqsirli hərəkətəri ilə iddiaçının ərinin ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir.

37. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 25 000 manat pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

38. Məhkəmə iddia tələbini 5798 manat məbləğində dəymiş maddi ziyanın cavabdeh tutulması hissəsində də əsaslı hesab edir.

39. Belə ki, iş materiallarında olan Cəlilabad rayon Məhkəməsinin 1(073)- 109/2015 saylı xx.xx.2015-ci il tarixli hökmünə əsasən müəyyən olunur ki, cavabdehin işçisinin səhlənkarlığı nəticəsində iddiaçının əri X7 evdə partlayış nəticəsində yaranmış qüsurların aradan qaldırılmasına görə 3519 manat və 22 adda olan əmlakın yararsız hala düşməsi nəticəsində 2279 manat, ümumilikdə 5798 manat maddi ziyan vurulmuşdur.

40. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəməklə əlavə xərc çəkdiyindən iddia tələbi ödənilmiş 182,39 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də əsaslı olduğundan iddia tələbi o hissədə də təmin edilməlidir.

41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Maddi zərərə görə 5798 manat, mənəvi zərərə görə 25 000 manat pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş 182,39 manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar