Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7735/2023 18.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı “İcbari Sığorta Bürosu” Hüquqi şəxslərin ittifaqının Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “İcbari Sığorta Bürosu” Hüquqi şəxslərin ittifaqı Cavabdeh qarşı cavabdehdən 1.896 manat pul vəsaitinin və 38,96 manat dövlət rüsumunun, ümumilikdə 1.934,96 manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki mülkiyyətinin icbari sığortası növü üzrə Cavabdeh adına sığortalanmış “Mercedes Benz E200” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Nobel prospekti ünvanında Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-nin və vətəndaş X1 əmlaklarına maddi ziyan vurulmuşdur. Nəticədə “İcbari Sığorta Bürosu” Hüquqi şəxslərin ittifaqı tərəfindən zərərçəkən "xxxx" MMC-nə 1550 manat, X2 346,5 manat sığorta ödənişi verilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olmamışdır. İddiaçı “İcbari Sığorta Bürosu” Hüquqi şəxslərin ittifaqı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdehlər Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə o, məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında sığortaçı "xxxx" ASC ilə sığortalı Cavabdeh arasında bağlanmış icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “Mercedes Benz E200” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı tərəfindən sığortalanmışdır. İş materiallarında olan İC AA 4340/20 saylı işə dair sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Ford Fusion” markalı **-RO-*** dövlət nömrə nişanlı minik avtomobilinə dəymiş zərərə görə X2 350 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan İC AA 4340/20 saylı işə dair sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota prius” minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərə görə "xxxx" MMC-nə 1.550 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərüfatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mercedes Benz E200” markalı ** FR *** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh tərəfindən idarə edilmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatdan görünür ki, yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-nə məxsus “Toyota prius” minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş izahatın surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə saat 18:02 radələrində etibarnamə olmadan idarə etdiyi “Mercedes Benz E200” markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobillə Nobel prospekti ilə S.Əjmədov küçəsi tərəfdən şəhər istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan “Toyota prius” minik markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. Sonuncu də zərbənin gücündən qarşısında duran “Ford Fusion” markalı **-RO-*** dövlət nömrə nişanlı minik avtomobilinə arxadan dəymişdir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC - “Mercedes Benz E200” markalı ** FR *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 332.1, və 327 maddələrində nəzərdə tutulan xətanı törətmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçı iddia tələblərini “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsi ilə əsaslandırır. Məhkəmə iddiaçının subroqasiya hüququ ilə bağlı qeyd edir ki, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Bu baxımdan məhkəmə hesab edir ki, sözügedən maddədə “qanuni əsaslar” dedikdə etibarnamə yox, avtomobili idarə etmək hüququnu verən sürücülük vəsiqəsi başa düşülür. Odur ki, şəxsin avtomobili etibarnamə olmadan idarə etməsi, onun avtomobili idarə etmək hüququnun olmaması kimi qəbul edilməməmlidir. Belə ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunverciliyi müəyyən etmişdir. Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunverciliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, Cavabdeh “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” hesab edilmir və bu səbəbdən də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Odur ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddianın 38,96 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia isə təmin edilmədiyindən, məhkəmə xərci olan 38,96 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Buna görə də iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı “İcbari Sığorta Bürosu” Hüquqi şəxslərin ittifaqının Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-7735/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7735/2023
18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver