Məhkəmə qərarları › İş №e-2(011)-776/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-776/2022

04.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-776/2022 04.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, X2, iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 12.01.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda (Xəstəxana kodu **********25) doğulmuş uşağının atası olması faktının müəyyən edilərək doğum haqqında şəhadətnaməsində atası kimi Cavabdeh, uşağın adının isə X7 yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 11.11.2016-ci il tarixə qədər rəsmi nikahda olmuşdur. Bu nikahdan 2 azyaşlı övladları- 01.08.2009-cu il təvəllüdlü X5 və 09.10.2010-cu il təvəllüdlü X8 dünyaya gəlib. Hal-hazırda uşaqlar onunla birlikdə yaşayır. Nikahları rəsmi olaraq pozulduğuna baxmayaraq, münasibətləri davam etmiş, nəticədə cavabdehdən 12.01.2019-cu il tarixdə oğlan uşağı olmuşdur. Uşağın atası olmasına baxmayaraq, cavabdeh bu faktı etiraf etməkdən və atalığın müəyyən edilməsi haqqında müvafıq icra hakimiyyəti orqanına ərizə verməkdən boyun qaçırır. Onun uşağın atası olmasını aşağıdakı sübutlar təsdiq edir: 1. Uzun illər ərzində biz bir evdə yaşayaraq birgə təsərüffat aparırlar və qonşular da buna şahiddir. 2. Uşaga faktiki atalıq etdiyinə görə, 3 yaşında uşaq ata olaraq onu tanıyır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia tələbini etiraf etdiyini göstərdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 01.08.2009-cu il təvəllüdlü X5 və 09.10.2010-cu il təvəllüdlü X6 atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 11.11.2016-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 21.01.2019-cu il tarixli tibbi şəhadətnamənin surətindən görünür ki, İddiaçı 12.01.2019-cu il tarixdə xəstəxanada bir oğlan uşağı doğmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, 12.01.2019-cu il tarixdə anadan olmuş oğlan uşağının İddiaçı ilə faktiki nikah münasibətində olan Cavabdeh törəməsi işin araşdırılmış halları ilə, o cümlədən cavabdehin etirafı ilə təsdiq edildiyindən, iddia tələbi həmin təmin edilməli, Cavabdeh 12.01.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda (Xəstəxana kodu **********25) doğulmuş oğlan uşağının atası olması müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12.01.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda (Xəstəxana kodu **********25) doğulmuş oğlan uşağının atası olması faktı müəyyən edilsin. Atası qrafasında “Cavabdeh”, anası qrafasında “İddiaçı”, uşaq qrafasında doğum tarixi “12.01.2019-cu il”, doğum yeri “Bakı şəhəri”, adı “David”, soyadı “Kabayev”, ata adı “Romanoviç” göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar