Məhkəmə qərarları › İş №e-2(011)-78/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-78/2022

29.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-78/2022 29.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sağlamlığa dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “sağlamlığa dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, 7 saylı Birləşmiş şəhər Xəstəxanasının həkimi Cavabdeh tibbi müayinə və müalicə üçün müraciət etmişdir. Nəticədə Cavabdeh iddiaçının sağrı nahiyyəsində cərrahi üsulla müdaxilə edərək filling dolğunun çıxarılması proseduruna başlamışdır. Prosedurlar zamanı cavabdeh cərrahi sterilizasiyaya məsuliyyətli yanaşmamış və düzgün müalicə aparmadığı üçün onun səhhətində ciddi problemlər yaranmışdır. Belə ki, cavabdehin cərrahi müdaxilə etdiyi bədən hissəsində irinli yara əmələ gəlmiş və nəticədə onda 10 gündən çox müddətdə yüksək hərarət və halsızlıq müşahidə edilmişdir. Cavabdeh irinli yaranın-iltihabın ilk yaranması zamanı ilkin olaraq yalnız bir növ antibiotik yazsa da, həmin antibiotik orqanizmi qəbul etməmiş, bundan sonra isə həmin antibiotikdən istifadə etməmişdir. Lakin cavabdeh iltihab vermiş yaraya müalicəni düzgün və vaxtında həyata keçirməmiş, belə ki, iltihabın qarşısını almaq üçün uyğun olan digər antibiotikləri və effektiv müalicə üsulu tətbiq etməmişdir. Nəticədə onun bədəni üzərində iltihablanmış sahə daha da genişlənmiş və dərinləşərək əzələ qatı çürümüşdür. Məhz bu vəziyyətdə cavabdeh həkim düzgün tibbi müalicə aparmamışdır və bu səbəbdən də o, səhhəti çox pis vəziyyətdə (həyati-təhlükə vəziyyətində) bədən hərarəti 40-dan yuxarı vəziyyətdə iltihabın dərinləşməsi, əzələ qatının çürüməsi kimi ağır vəziyyətdə xx.xx.2020-ci il tarixdə “Bakı Medical Plaza” xəstəxanasına daxil olmuş və orada ona cərrahi müdaxilə olunaraq aquafilling dolğusundan və cərrahi manipulyasiyadan sonrakı geniş həcmli dəri effekti ilə müşahidə edilən irinli yara diaqnozu qoyulmuşdur. Həmin xəstəxanada ona xx.xx.2020-ci il tarixdə “yaranın sonasiyası deffekt sahəsinin bərpası boşluğun drenajı” əməliyyatı icra edilmişdir. “Bakı Medical Plaza” xəstəxanasında olunmuş əməliyyat üçün 3891 manat pul ödənilmişdir. Onun tərəfindən cavabdehə dolğunun çıxarılması üçün 1000 manat pul ödənilmişdir. Onun bu günə qədər səhhəti tam bərpa olunmamış, cavabdehin düzgün müalicə etməməsi səbəbindən onun sarğı hissəsində əzələ toxumalarının böyük hissəsi çürümüş, hələ də müalicə davam etdirilir. Cavabdeh isə vurduğu ziyanın aradan qaldırılmasında könüllü olaraq iştirak etməkdən imtina etmişdir. Qanunvericiliyə görə birbaşa və ya dolayı yolla hüquqa zidd əməl nəticəsində zərər vuran təqsirli şəxs, həmin zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır. Mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən, hər üç əlamətin birgə mövcud olması nəticəsində mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən dəymiş zərərin ödənilməsi tələb edilə bilər. Bunun üçün də o, cavabdehin onun səhhətinə zərər vurmasını və buna görə də sonuncunun əməlinin hüquqa zidd olması və məsuliyyət daşımasını sübut etməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, onun xeyrinə Cavabdeh ona ödənilmiş 1000 manat pulun geri qaytarılması, vurulmuş maddi ziyana görə 5000 manatın, mənəvi ziyana görə 10000 manatın, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 16030 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələblərini əməliyyat vaxtı ciddi həkim səhvinə yol verilməsi ilə əsaslandırmışdır. İddianın predmeti xüsusi bilik tələb edən məsələ ilə bağlı olduğundan məhkəmə qərarı əsasında mülki iş üzrə iki dəfə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X2 Şəxsi tərəfindən məhkəmə-tibbi ekspertizaları keçirilmiş, tərəflərin təqdim etdikləri çoxsaylı tibbi sənədlər ekspertlərə təqdim olunmuş və Birlik tərəfindən iş materialındakı məlumatlara, tibbi sənədlərdə yazılanlara və məhkəmə-tibbi ekspertizasına əsaslanmış iki ekspert rəyi məhkəməyə göndərilmişdir. Həmin rəylərdən ilkin rəy mübahisələndirildiyindən mülki iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Həmin ekspertizanın nəticəsində məhkəməyə təqdim edilmiş iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X2 Şəxsinin 726/KEŞ saylı ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:

1. İş materiallarına əlavə edilmiş məlumatlara əsasən, İddiaçı hər iki sağrı nahiyyəsinə “aquafiling” proseduru icra edilmişdir. “Aquafiling” prosedurunun icrası haqqında hər hansı bir sənəd olmadığı üçün gelin süni və ya təbii tərkibli olması haqqında fikir söylənilməsi mümkün olmadı. 2-4. Yad cism insan bədəninə yeridildikdən sonra onun əlavə təsirlərinin olub-olmaması və ya olduğu halda orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. Sözügedən işdə İddiaçı hər iki sağrı nahiyyəsinə yeridilmiş yad cismə qarşı orqanizmin əks reaksiyası baş vermiş və iltihabi prosesin inkişafına səbəb olmuşdur.

5. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2020-ci il tarixdə 7 saylı Birləşmiş şəhər xəstəxanasına hər iki sağrı nahiyyəsində qızartı, şişkinlik, dərinin assimetriyası və yerli hipertermiyası şikayətləri ilə müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona “Hər iki sağrı nahiyyəsində irinləmiş yad cismlər (Aquafiling)” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq və tibbi göstəriş əsasında operativ müalicə taktikası seçilmiş və icra edilmişdir. Daha sonra, İddiaçı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində 7 saylı Birləşmiş şəhər xəstəxanasında mövcud olan irinli proseslərlə əlaqədar tibbi müdaxilələrə məruz qalmışdır. Qeyd olunan tibbi müdaxilələrin etaplı şəkildə aparılması aquafiling proseduru zamanı yeridilmiş gelin toxumalara sirayət etməsi olə əlaqədar olmuşdur. Eyni zamanda xəstəyə adekvat müalicələrin stasionar şəraitdə davam etdirilməsi tövsiyyə olunsa da, bundan imtina etmişdir.

6. İddiaçı hər iki sağrı nahiyyəsində aparılmış operativ müdaxilələr taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir.

7. İddiaçı mütəxəssis müayinəsi zamanı hal-hazırda onda keçirilmiş operativ müdaxilələrdən sonra çapıq toxumaların olduğu müəyyən edilmişdir. Qeyd olunan çapıq toxumaları tibbi manipulyasiya ilə əlaqədar olduğundan sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X1” X3 tərəfindən verilmiş 700 saylı məhkəmə-tibb ekspert rəyindən görünür ki, 1981-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəyinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1.İddiaçı hər iki sağrı nahiyyəsinə tətbiq edilmiş “aquafiling” proseduru haqqında hər hansı bir sənəd olmadığı üçün gelin süni və ya təbii tərkibli olması barədə fikir söyləmək mümkün olmadı. 2-4. “Aquafiling” proseduru zamanı yad cismin yan təsirlərinin olması orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. İddiaçı hər iki sağrı nahiyyəsinə tətbiq edilmiş “Aquafiling” proseduru ilə əlaqədar orqanizmin əks reaksiyası baş vermişdir. (patoloji porsesin inkişaf müddəti və şəraiti müxtəlif ola bilər). Bu da sonradan iltihabi prosesin inkişafına gətirib çıxarmışdır. 5.7.9. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə əsasən, o, xx.xx.2020-ci il tarixdə 7 saylı Birləşmiş şəhər xəstəxanasına müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “Hər iki sağrı nahiyyəsində irinləmiş yad cismlər (Aquafiling)” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində mövcud olan irinli prosesin aradan qaldırılması üçün cərrahiyyə əməliyyatı icra edilmişdir. Aparılmış cərrahiyyə əməliyyatından sonra, İddiaçı həkim tərəfindən təyin olunmuş stasionar müalicədən imtina etmişdir. Yanaşı olaraq yeridilmiş yad cismlərin toxumalara sirayət etməsi səbəbindən irinli prosesin inkişafı dərinləşmiş və xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olmuşdur. Bu da, xəstənin xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə təkrar tibbi müdaxilələrin aparılmasına gətirib çıxarmışdır.

6. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatları texniki və taktiki cəhətdən düzgün yerinə yetirilmişdir.

8. İş materiallarına əlavə edilmiş tibbi sənədlərə əsasən, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 7 saylı Birləşmiş şəhər xəstəxanasında “Hər iki sağrı nahiyyəsinin yad cismi” diaqnozu ilə əlaqədar konsultasiya olunması və mütəmadi gəlişlərin zəruriliyi haqqında qeyd edilmişdir.

10. İddiaçı mütəxəssis müayinəsi zamanı onda sol sağrı nahiyyəsində müəyyən edilmiş fibroz toxuma (çapıq deformasiyası) “Aquafiling” prosedurunun sonradan iltihablaşması zamanı əmələ gəlmiş nekroz sahələri və bunun aradan qaldırılması üçün plastik və rekonstruktiv cərrahlarla konsiliumu tövsiyyə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qəranmn 1-ci hissəsinə əsasən, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsi müəyyən edir ki, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Eyni Məcəllənin 1099.2-ci maddəsinə görə bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Mənəvi zərərin odənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarında gostərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin odənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar kecirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri muəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, hər bir şəxsin hüququ qanunla muhafizə edilir. Qanunla mudafiə edilən sağlamlıq və digər hüquqa edilən birbaşa və ya dolayısı ilə hüquqa zidd əməl nəticəsində zərər vuran təqsirli şəxs, həmin zərərin əvəzinin odənilməsi üçün məsuliyyət daşıyır. Mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli torədən şəxsin təqsirli olması vacibdır. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən, hər üç əlamətin birgə mövcud olması nəticəsində mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən dəymiş zərərin odənilməsi tələb edilə bilər. Çünki delikt torətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna gorə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ gorə təqsirin olması ilə şərtləndirilmişdir. Bunun üçün də iddiaçı cavabdehin onun səhhətinə zərər vurmasını və buna gorə də sonuncunun əməlinin hüquqa zidd olması və məsuliyyət daşımasını sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, mülki işdə olan sübutlarla və ekspertizanın rəyləri ilə təsdiq edilir ki, İddiaçı üzərində cavabdeh tərəfindən aparılmış cərrahiyyə əməliyyatları texniki və taktiki cəhətdən düzgün yerinə yetirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, eyni zamanda cavabdehin təqsirli olmasını sübut edə bilmədiyindən onun Cavabdeh qarşı “sağlamlığa dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı “sağlamlığa dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar