Məhkəmə qərarları › İş №e-2(011)-783/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-783/2024

23.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-783/2024 23.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı –Cavabdeh ünvan 1 ünvanına dair istifadə hüququnun və qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili sonradan məhkəməyə ərizə ilə müraciət edərək, istifadə hüququna xitam verilməsi şəxsin qeydiyyatdan çıxarılması üçün əsas olduğu üçün iddia ərizəsində "qeydiyyatın ləğv edilməsi" hissəsinin nəzərə alınmamasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan və hal-hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2010-ci il tarixli “Mənzil bağışlama müqaviləsi”nə əsasən ona bağışlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********60-05101-093033 reyestr nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi,ev 32, mənzil 22 İddiaçı tam mülkiyyətimdədir. Sözügedən mənzildə əvvəllər qeydiyyatda olan Cavabdeh, qeydiyyatdan çıxacağını bildirsə də əsassız olaraq qeydiyyatdan bu günə kimi çıxmamışdır ki, bu da İddiaçı mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə edərək, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından, o məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin həmin mənzilin yerləşdiyi əraziyə xidmət edən poçt xidməti tərəfindən “bu ünvanda yaşamır” qeydi yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının cavabdehlərin həmin mənzildə yaşamamalarına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai Rayonu, Zığ yolu küçəsi, 32 saylı evin, 22 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir,daşınmaz əmlakın qeydiyyat tarixi xx.xx.2011-ci ildir. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2018-ci ildə nikaha girmişlər. İş materiallarına əlavə edilmiş boşanma haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.2019-cu ildə pozulmuşdur. İş materiallarına əlavə edilmiş “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemi vasitəsi ilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, X1 ünvan 1 ünvanında yerləşən 5 otaqlı mənzili oğlu İddiaçı bağışlamışdır. Tətbiq edilən hüquq: Şərh olunan işin hallarına və ifadə olunmuş hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2018-ci il tarixdən əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə həll olunmalıdır. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq ünstitutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünun həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İlk olaraq qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçəsi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirlməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Həmçinin qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (yaşayış sahəsi mülkiyyətçisinin) keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ nəzərdə tutulduğu halda, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun olmaması aydın şəkildə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd edilən Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum Qərarına əsasən müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 iddiaçının xüsusi mülkiyyətindir. İddiaçı ilə Cavabdeh xx.xx.2018-ci ildə nikaha girmişlər və onlar arasında olan nikah xx.xx.2019-cu ildə pozulmuşdur. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünun həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, cavabdehlə iddiaçı arasında razılaşma olmadığından və cavabdehin qeyd edilən evdən istifadə hüququ nikah pozulan zaman itirildiyindən, iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilməz. Buna görə də, iddia əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı –Cavabdeh ünvan 1 ünvanına dair istifadə hüququnun itirilməsi barədə iddiası təmin edilməsin. Bu qətnamə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 32, 22 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar