Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-794/2024 18.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı – Cavabdeh MMC nin üzərinə Philips XC7043/01 modelli tozsoranı iddiaçıya verilməsi öhdəliyini qoyulması, həmin öhdəlik cavabdeh tərəfindən icra edilmədiyi halda Cavabdeh MMC-dən 1200 (bir min iki yüz) manat məbləğinin xeyrinə tutulması; vəkilə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqının Cavabdeh MMC-dən xeyrimə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Philips XC7043/01 modelli tozsoranın başlığı (qoşulduğu zaman) öz-özünə fırlandığı üçün xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-yə müraciət edərək əvəzli şəkildə həmin nasazlığın aradan qaldırmasını xahiş etmişdir. Həmin mal servis tərəfindən xx.xx.2022-ci il tarixində aktla qəbul edilmişdir. Lakin 10 (on) aydan çoxdur ki, həmin servis işçiləri tozsoranı düzəldə bilməmişdir və əlavə olaraq mala zədə vurmuşdur. Dəfələrlə həmin şirkətə şikayətlə şifahi olaraq müraciət etmişdir. Buna baxmayaraq Cavabdeh MMC nə düzəldilmiş malı, nə də kompensasiya iddiaçıya ödənməsinə razılıq bildirməmişdir. Hüquqlarını müdafiə etmək üçün xx.xx.2023cü il tarixindən istehlakçı hüquqlarının bərpa edilməsi məqsədi ilə Antiinhisar və İstehlak Bazarına Dövlət Xidmətinə (bundan sonra Qurum) müraciət etmişədir və həmin orqanın təsiri nəticəsində Cavabdeh MMC iddiaçının şikayətinin təmin edilməsi üçün iki təklifdən birini seçməyi təklif etmişdir: 250 (iki yüzəlli) manatlıq tozsoran və ya 250 (iki yüzəlli) manat. Qeyd etmək istəyir ki, Philips XC7043/01 modelli tozsoranın qiyməti 1200 (bir min iki yüz) manatdır. Bu səbəbdən həmin təklifdən imtina edərək iddiaçıya Philips XC7043/01 modelli tozsoranı və ya həmin tozsoranın dəyərini ( 1200 manat) iddiaçının xeyrinə ödənilməsini tələb etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanan məktubun surətindən görünür ki, “Music Gallery” adlı servis mərkəzi tərəfindən göstərilən xidmətin qüsurlu olması haqqında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin elektron poçtuna daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətinə aidiyyəti üzrə baxılmışdır. Müraciət ilə əlaqədar aparılmış araşdırma zamanı “Music Gallery” adlı servis mərkəzinin məxsus olduğu Cavabdeh MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarda təmir üçün nəzərdə tutulan detalların “Philips” şirkəti tərəfindən qarşılandığı və həmin detalların şirkətə sifariş edildiyi, lakin hazırda davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindən şirkət tərəfindən sifarişlərlə bağlı müraciətlərə baxılmadığı, həmçinin bu barədə iddiaçıya məlumat verildiyi bildirilmişdir. Eyni zamanda, müraciətdə qeyd edilən məhsulun “Music Gallery” mağazasından alınmadığı, yalnız təmir məqsədilə “Music Gallery”-nin servis mərkəzinə təqdim edildiyi barədə məlumat verilmişdir. Bundan əlavə, servis mərkəzinə təqdim edilən zaman məhsulda mövcud olan qüsurun aradan qaldırılması və təmir prosesində sıradan çıxarılan led lampaların təmiri üçün lazım olan hissələr “Philips” şirkəti tərəfindən təmin edildikdən sonra müraciət üzrə təmirin həyata keçiriləcəyi məktubda əks edilmişdir. Qeyd olunanlarla yanaşı, məhsulun ehtiyat hissələrinin dəyərinin MMC tərəfindən ödənilməsi şərti ilə Türkiyə Respublikasından sifariş etmək barədə iddiaçının təklifi MMC tərəfindən qəbul edilməsinə baxmayaraq, iddiaçı tərəfindən lazımi hissələri sifariş edə bilmədiyi qeyd edilmişdir. Bundan sonra isə məhsulun təyinatına uyğun yeni məhsulun verilməsini və ya məhsulun dəyərinin ödənilməsini iddiaçının tələb etdiyi məktubda qeyd edilmişdir. Lakin sözügedən məhsulu “Music Gallery” mağazasından alınmadığı üçün bu tələbin təmin olunmasından imtina edildiyi, yalnız şirkətin öz ehtiyatsızlığı ucbatından sıradan çıxarılmış lampaların dəyərinin kompensasiya edilə biləcəyi barədə iddiaçıya məlumat verilsə də, bunu iddiaçının qəbul etmədiyi məktubda qeyd edilmişdir. Cavabdeh MMC-nin mövqeyi ilə razılaşmadığı təqdirdə iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı hüquqi yardım üçün 120 manat məbləğində pul vəsaitini hüquq məsləhətxanasına ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixili 1464 nömrəli məhkəmə qəbzinin surətindən görünür ki, İddiaçı Philips XC7043/01 markalı tozsoranı “Music Gallery” servis xidmətinə təhvil vermiş, təhvil verilən zaman məhsulun əmtəə görünüşü işlənmiş, cızıqlı, tozlu, təmir səbəbi isə başlıq qoşulduğu zaman öz-özünə fırlanması qeyd edilmişdir. Tətbiq edilən hüquq: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən icraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi (xidməti) pisləşdirmişsə, yaxud işdə (xidmətdə) başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya işin (xidmətin) qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud işin (xidmətin) haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var. Həmin Qanunun 9.4-cü maddəsinə əsaəsn istehlakçının materiallarından görülmüş işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli kənaraçıxma və ya digər mühüm qüsurlar aşkar edilərsə, istehlakçının istəyinə uyğun olaraq, bu işlərin icraçının eyni cinsli və keyfiyyətli materialından hazırlanmasını, yaxud müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən icraçı istehlakçıdan qəbul etdiyi əşyanı (materialı) itirdikdə, korladıqda, zədələdikdə istehlakçıya özünün keyfiyyətcə və qiymətcə oxşar əşyasını qaytarmalı (iş görməli və xidmət göstərməli), bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın (materialın) dəyərini və dəymiş itkiləri ona bir aydan gec olmamaq şərti ilə ödəməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin araşdırması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçına ona məxsus olan Philips XC7043/01 markalı tozsoranı təmir edilməsi məqsədi ilə Cavabdeh (Music Gallery) MMC-yə xx.xx.2022-ci ildə təhvil vermiş, servisdə olan zaman tozsoranın qüsurları aradan qaldırılmamış, həmçinin led lampaları sıradan çıxarılmışdır. Məhsulun ehtiyat hissələrinin MMC tərəfindən ödənilməsi şərti ilə aralarında ilkin olaraq razılıq əldə edilsə də, sonra da razılıq icra edilməmişdir. Bu müddət ərzində tozsoran iddiaçıya qaytarılmamışdır. Buna görə də iddiaçı tozsoranın qaytarılması və ya onun dəyərinin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən icraçı istehlakçıdan qəbul etdiyi əşyanı (materialı) itirdikdə, korladıqda, zədələdikdə istehlakçıya özünün keyfiyyətcə və qiymətcə oxşar əşyasını qaytarmalı (iş görməli və xidmət göstərməli), bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın (materialın) dəyərini və dəymiş itkiləri ona bir aydan gec olmamaq şərti ilə ödəməlidir. Qeyd edilən maddədən görünür ki, icraçı istehlakçıdan qəbul etdiyi əşyanının keyfiyyətcə və qiymətcə oxşar əşyasını, bu mümkün olmadıqda isə dəyərini ödəməlidir. Lakin məhkəmə iclasında tərəfin izahatı və iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh həmin malın onlardan alınmadığını əsas gətirərək, cavabdeh tərəfindən iddiaçıya 250 manatlıq tozsoran və ya 250 manat pul təklif edilmişdir. Halbuki, iddiaçı tərəfindən təmir üçün verilmiş tozsoran bir ildən artıq müddətdir ki, servisdə saxlanmışdır. Buna görə də Cavabdeh MMC-yə Philips XC7043/01 markalı tozsoranın verilməsi öhdəliyi qoyulmalı, bu mümkün olmadıqda isə əşyanın dəyəri ödənilməlidir. Məhkəmə iddianın “əşyanın dəyəri olaraq cavabdehdən 1200 manat pulun tutulması”nı hissəsini ağlabatan hesab etmir. Belə ki, “Kontakthome” və “Baku electronics” mağazalar şəbəkəsinin rəsmi internet səhifəsindən görünür ki, Philips XC7043/01 markalı tozsoranın hazırkı qiyməti 999.99 manatdır. Buna görə də iddia həmin hissədə qismən təmin edilməli və 999.99 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsaəsn məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia “120 manat məbləğində hüquqi xidmət haqqının ödənilməsi” hissəsində əsaslıdır. Belə ki, cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində iddiaçıya ödənilməmiş zərərin əvəzinin cavabdehlərdən tutulmasının təmin edilməsi üçün iddiaçının hüquqi yardımdan istifadə etməsi nəticəsində ona qeyd edilən zərər də dəymişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manata qədər olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin üzərinə İddiaçı Philips XC7043/01 modelli tozsoranın verilməsi öhdəliyi qoyulsun. Philips XC7043/01 modelli tozsoranın verilməsi mümkün olmadıqda, əşyanın dəyəri olaraq 999.99 (doqquz yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat pul vəsaiti Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilsin. Hüquqi xidmətin əvəzi olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh MMC-dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-794/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-794/2024
18.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver