Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-802/2024 11.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdehin vəkili və nümayəndəsi Vəkil3 iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi Bakı şəhər 1 saylı Ərazi İdarəsin maraqlı şəxs qismində cəlb edilməklə) “müqavilənin ləğv edilməsi və pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Bakı şəhər İH-nin xx.xx.2016-cı il tarixli, 548 nömrəli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, 1209-cu məhəllə, A.Cəlilov küçəsi, 69, 71, 73 və F.Qəmbərov küçəsi 76, 78, və 80 saylı ünvanlarda cavabdehin sifarişi ilə inşa olunmuş və tikintisi başa çatmış 6 girişli (9 blok) “Avtomobil dayanacağı, yaşayış binası, qeyri-yaşayış sahəsi və sinemasalon” kompleksinin (Baş plan üzrə 1-6-cı bloklar (yaşayış binası) 17 mərtəbəli + mansara (yaşayış təyinatlı), 7-ci blok 7 mərtəbəli, 8-ci blok 6 mərtəbəli və 9-cu blok 5 mərtəbəli qeyri-yaşayış blokları) istismarına icazə verilmiş və “Tikinti obyektlərinin istismarına icazənin vahid formasının təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 nömrəli qərarına uyğun qaydada müvafiq icazə sənədinin hazırlanması qərara alınmışdır.
2. Həmçinin, cavabdeh MTK-nın üzvlərinin 05 saylı protokolundan xx.xx.2019-cu il tarixdə verilmiş Çıxarışin surətindən görünür ki, ünvan 1 – yeni qaydalarla, A.Cəlilov 69, 71, 73, F.Qəmbərov 76,78,80 ünvanında inşa etdiyi çoxmərtəbəli binada 6-cı blok, 4-cü mərtəbədə (+15.80 səviyyədə), ümui sahəsi 10,35 kv.m. 114 saylı qeyri-yaşayış sahəsinin iddiaçıya veriməsi qərara alınmışdır.
3. Tərəflər arasında xx.xx.2016-cı il tarixdə qeyri-yaşayış sahəsi barədə 04/041 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında cavabdeh tərəfidən inşa edilən çoxmərtəbəli yaşayış və avtodayanacaq kompleksinin 4cü mərtəbəsində (1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş) 37 saylı qeyri-yaşayış sahəsini inşa etməyi, iddiaçı isə bunun qarşılığında müqavilədə razılaşdırılmış pul vəsatini ödəməyi və işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 20 000 manat müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixdə cavabdehin adından verilmiş 0052 nömrəli kassa mədaxil orderinə əsasən 20 000 manat pul eyni tarixdə iddiaçı tərəfindən ödənilmişdir.
4. Bundan sonra, iddiaçı tərəfindən sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı texniki pasportun verilməsi, dövlət reyestrindən çıxsrışın və daşınmaz əmlaka dair ünvan verilməsi barədə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə müraciət etsə də, bundan imtina edilmiş, imtinanın səbəbi kimi isə iddiaçı tərəfindən göstərilən hissədə yaşayış binasının 15.8 səviyyəsindəki mərtəbənin daxili planlaşdırılması ilə təqdim edilmiş layihədəki vəziyyət arasında uyğunsuzluğun olması və təqdim edilmiş sənədlərdə qeyri-yaşayış sahəsinin, həmçinin tikinti obyektinin istismara icazəsində 4-cü mərtəbənin qaraj sahəsinin olmasının qeyd edilməməsi göstərilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçı xx.xx.2016-cı il tarixli, 04/41 saylı müqavilənin ləğv edilməsi, cavabdehdən 20000 manat ödənilmiş pulun, başqa qarajın hazırda alınması üçün yaranmış fərq olaraq dəymiş 25000 manat maddi və 10000 manat mənəvi zərərin, ümumilikdə 55 000 manat pulun cavabdehdən tutularaq ona ödəniməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə iddiaçı arasında xx.xx.2016-cı il tarixdə, 04/41 saylı müqavilə bağlanmış və cavabdeh tərəfindən iddiaçıya Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 27 A ünvanında inşa edilmiş Cavabdeh Yaşayış binasında qaraj satılmışdır. Bir neçə ay əvvəl cavabdeh tərəfindən iddiaçıya müraciət edilmiş və onun qarajının yerləşdiyi 4-cü mərtəbənin təyinatının dəyişidirilməsi və qeyri-yaşayış sahəsi kimi ofis etmək niyyətlərinin olduğunu və iddiaçıya -1 mərtəbədə qaraj vermək niyyətlərinin olması bildirilmiş, iddiaçı qeyd olunan təkliflə razı olsa da, cavabdeh tərəfindən aldadılmışdır. İddiaçıya məxsus qaraj yerində avadanlıqlar yerləşdirilsə də, ona əvəzində başqa qaraj yeri verilməmişdir. Bundan başqa iddiaçı tərəfindən DƏDRX-ə çıxarış alınması üçün müraciət edilmiş, lakin binanın həmin mərtəbədə qaraj sahəsi mövcud olmadığından çıxarışın verilməsindən imtina edilmişdir. Hazırda həmin yaşayış binasında qaraj sahəsinin bazar dəyəri 45000 manatdır. Müqavilə bağlanan zaman qarajın qiyməti 20000 manat olmuşdur. İddiaçı həmin vaxt başqa mərtəbədən və ya qaraj sahibi olan digər sakinlərdən həmin qiymətə qaraj ala bilərdi. Lakin hazırda məcbur 45000 manat ödəməklə qaraj əldə edə bilər və buna görə də həmin məbləğ cavabdeh tərəfindən ödənilməlidir. Bundan başqa iddiaçı 1 ildir ki, ona məxsus qaraj sahəsindən istifadə edə bilmir və ancaq ödəniş etməklə nəqliyyat vasitəsinin ödənişli parkinqdən istifadə edir, bununla da əlavə maddi zərər çəkir.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazda qeyd etmişdir ki, müqaviləyə uyğun olaraq qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilsə də, o, həmin sahəni qəbul etməkdən imtina etmiş, əvəzində -1-ci mərtəbədə parking sahəsi verilməsini tələb etmişdir. İddiaçıya təqdim edilmiş sahə qaraj sahəsi kimi layihələndirilmiş və həmin layihə üzrə tikilərək təhvil verilmişdir. xx.xx.2019-cu il tarixdə DƏDRX 1 saylı Ərazi İdarəsi tərəfindən çıxarışın verilməsindən imtina edilməsi texniki səhvdir. Dəfələrlə iddiaçıya izah edilməsinə baxmayaraq o, 1-ci mərtəbədə qaraj verilməsini tələb etmişdir və əsassız olaraq qeyri-yaşayış sahəsini qəbul etməkdən imtina etmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir.
9. Cavabdehin vəkili və nümayəndəsi iddia ərizəsinə yazılı etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
12. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
13. Maddə 422.1 Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
14. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə cavabdehin vəkili və nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
21. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
22. İddiaçı cavabdeh tərəfindən müqavilə öhdəlyini pozmasını, yəni müqavilə ilə müəyyən edilmiş qarajın ona verilməməsi ilə səbəbilə müqavilənin ləğv edilməsini və nəticədə ona dəymiş zərərin ödənilməsini tələb edir. Odur ki, iddiaçının iddia tələbini şərti olaraq 3 hissəyə ayırmaq olar: birincisi, cavabdehlə aralarında bağlanmış müqavilənin ləğv edilməsi, ikincisi, müqavilə üzrə cavabehə ödənilmiş pul vəsaitinin geri qaytarılması, üçüncüsü, başqa qarajın satın alınması üçün çatışmaya pul vəsaitinin cavabdehdən tutulması.
23. Məhkəmə müqavilənin ləğvi barədə iddia tələbi ilə bağlı qeyd edir ki, Mülki Məcəllədə müqavilənin ləğvi üçün üç şərt tələb edilir: birinci şərt, müqavilə tərəflərinin könüllü razılaşmasıdır. Hazırki mübahisə üzrə bu hal, yəni müqavilənin ləğvi barədə tərəflərin razılaşması yoxdur.
24. İkinci şərt, müqavilənin bir tərəfin tələbi ilə pozulması ilə bağlıdır. Bu zaman müqavilənin ləğvini tələb edən tərəf sübut etməlidir ki, müqaviləni digər tərəf əhəmiyyətli dərəcədə pozmuşdur. Müqavilənin əhəmiyyətli dərəcədə pozulması elə bir həddə olmalıdır ki, bunun nəticəsində tərəf müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan, yəni müqavilənin bağlanması nəticəsində əldə edəcəyi gəlir, bəhər (xeyir), yaxud hər hansı üstünlüklərdən xeyli dərəcədə məhrum olmuş olsun.
25. İkinci şərtin mövcudluğu ilə bağlı iddiaçı bildirir ki, cavabdeh aralarında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ona qarajdan ibarət qeyri-yaşayış sahəsinin təhvil verilməsi ilə bağlı öhdəliyini icra etmir. Cavabdeh iddiaçının bu dəlilinə etiraz olaraq bildirmişdir ki, müqavilədə razılaşdırılmış qeyri-yaşayış sahəsi (avtomobilin saxlanması üçün nəzərdə tutulmuş qaraj) iddiaçıya təhvil verilsə də, iddiaçı qeyri-yaşayış sahəsini təhvil almaqdan imtina etmiş, əsas kimi isə -1-ci mərtəbədə yerləşən qarajı istədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik ikinci şərtin mövcudluğunu sübutetmə yükünü iddiaçının (müqavilənin ləğv edilməsini tələb edən tərəfin) üzərinə qoymuşdur, bu baxımdan indiki halda, iddiaçı cavabdeh tərəfindən üzərinə düşən öhdəliyin icra edilmədiyini sübut etməlidir. İddiaçının birinci dəlili ondan ibarətdir ki, cavabdeh sonradan ona 4-cü mərtəbədə deyil, -1-ci mərtəbədə yerləşən qarajı təhvil verməyi təklif etmiş, iddiaçı bu təkliflə razılaşmış, ancaq cavabdeh nə 4-cü, nə də -1-ci mərtəbədə yerləşən qarajı iddiaçıya verməməklə iddiaçını aldatmışdır. Lakin, iddiaçı bu dəlilini təsdiq edəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir.
26. İddiaçının digər bir dəlili ondan ibarətdir ki, o, müqavilədə nəzərdə tutulan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarını qeydiyyata almaq, çıxarış əldə etmək məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmiş, lakin, sözügedən qurum yaşayış binasının həmin mərtəbəsində qaraj sahəsi mövcud olmadığını əsas gətirərək, çıxarışı verməkdən imtina etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişdə qeyd edilmişdir ki, iddiaçı tərəfindən göstərilən hissədə yaşayış binasının 15.8 m səviyyəsindəki mərtəbənin daxili planlaşdırması ilə təqdim edilmiş layihədəki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Bundan başqa təqdim edilmiş sənədlərdə qeyri-yaşayış sahəsinin, həmçinin tikinti obyektinin istismara icazəsində 4-cü mərtəbənin qaraj sahəsi olması qeyd olunmamışdır.
27. Məhkəmə tərəfindən qeyd edilən halların aydınlaşdırılması məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki espertizasının xx.xx.2024-cü il tarixli, 10/2133 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, yaşayış binasında qeyri-yaşayış sahəsi kimi avto-dayanacaq mövcud olduğu, iddiaçıya məxsus olan 114 saylı qarajın faktiki olaraq 6-cı blokda, +15.80 səviyyədə və dördüncü mərtəbədə yerləşdiyi, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə iddiaçıya satılmış 114 saylı qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbənin ümumiliklə qaraj sahəsi olmasının sözügedən ünvanda tikilmiş çoxmərtəbəli binanın tikinti sənədlərində (eskiz və işçi layihəsində) göstərildiyi müəyyən edilmişdir.
28. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında izahatında ekspert rəyi ilə razı olduqlarını bildirmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
29. Digər bir tərəfdən, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş çıxarışlardan da göründüyü kimi iddiaçı ilə bərabər sözügedən binada eyni mərtəbədə qaraj almış digər sakinlərə qaraja dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə çıxarışlar əldə etmişlər.
30. Qeyd edilənlərdən də göründüyü kimi, tərəflər arasında yaşayış binasının 4-cü mərtəbəsində yerləşən avtomobil saxlama yeri olan qarajın cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən isə qarajın dəyəri olan 20 000 manat məbləğində pul vəsaitinin cavabdehə ödənilməsi barədə müqavilə imzalanmış, iddiaçı tərəfindən qarajın dəyəri cavabdehə ödənilərək, bu barədə xx.xx.2019-cu il tarixdə maliyyə arayışı verilmiş, cavabdeh tərəfindən müqavilədə göstərilən qaraj da iddiaçıya təhvil verilmişdir. Tərəflərin hər bir öz üzərinə düşən öhdəliyi icra etdiyindən, müqavilənin şərtlərinin pozulması halı mövcud olmadığından iddiaçının müqavilənin ləğv edilməsi barədə iddia tələbi təmin edilə bilməz.
31. Məhkəmə qeyd edir ki, iddia tələbi müqavilənin ləğv edilməsi hissəsində təmin edilmədiyindən müqavilə üzrə ödənilmiş pul vəsaitinin geri qaytarılması və yeni qarajın alınması üçün qalıq pul vəsaitinin cavabdehdən tutulması hissələrində də təmin edilə bilməz.
32. Məhkəmə hesab edir ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilməməlidir.
33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
34. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.
35. İddiaçı cavabdehin hərəkətləri nəticəsində hər hansı əzab və iztirab keçirməsini, sarsıntıya məruz qaldığı halları da sübut edə bilməmiş, ümumiyyətlə, ona mənəvi zərərin vurulduğunu göstərsə də, zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 100 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı