Məhkəmə qərarları › İş №e-2(011)-8124/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8124/2025

16.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8124/2025 16.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikililərin sökülməsi, istifadə və sahiblik hüquqlarına maneələrin qadağan edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Cavabdeh iddiaçının qardaşıdır. ünvan 1 ünvanı doğulub böyüdüyü atasından qalmış evdir.Sonradan, yəni 2000-ci il tarixdə həmin fərdi yaşayış evinə bitişik bələdiyyə sənədləri əsasında özünə 268 kvadratlıq ev tikdirmişdir, lakin Cavabdeh qanunsuz və özbaşına tikinti işi apararaq iddiaçının fərdi yaşayış evinin 1-ci mərtəbəsində olan giriş qapısını qanunsuz olaraq qeyri-qanuni yol ilə bağlayaraq, öz evinə bitişdirmişdir. Bununla da cavabdeh iddiaçıya məxsus olan evinin altını təşkil edən 9x6,60 kv. metr hissəsini zəbt etmişdir ki, nəticədə əmlaka sahiblik və manesiz istifadə hüquqları kobudcasına pozulmuşdur.

2. Əlavə olaraq qeyd etmişdir ki, cavabdeh atalarından onlara miras qalan fərdi yaşayış evini qanunsuz olaraq bir neçə kvadrat qarşıya çəkərək, otaq sayını çoxaltmışdır. Bu hərəkət, heç bir icazə və hüquqi əsas olmadan yerinə yetirilmiş və iddiaçının evinin mülkiyyət hüquqlarını pozmuşdur. Göstərilənlərdən savayı Cavabdeh iddiaçının faktiki olaraq qəbul etdiyi atadan qalan miras payını da verməkdən imtina edir, halbuki qanunvericiliyə əsasən birinci növbəli vərəsələr bərabər hüquqlara malikdir və miras açıldığı gündən vərəsənin mülkiyyət hüququnu təşkil edir.

3. Eyni zamanda iddiaçı cavabdehin bu qanunsuz hərəkətləri barədə Xətai Rayon Polis İdarəsinə müraciət etmiş, lakin Xətai Rayon Pİ-nin 34-cü Polis Şöbəsi tərəfindən aparılmış təhqiqat araşdırılması və toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, mübahisənin mülki xarakter daşıması müəyyən olunaraq mülki icraat qaydasında məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

4. Beləliklə, cavabdeh qanunsuz hərəkətləri (özbaşına zəbt) ilə iddiaçının mülkiyyət hüququnu təşkil edən sahiblik və istifadə hüquqlarını həyata keçirməyə, evini zəbt etməklə ümumi istifadədə olan sahələrdən istifadəsinə mane olur. Bu səbəbdən pozulmuş hüquqlarımın bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

İddiaçının tələbi:

5. ünvan 1 ünvanında yerləşən 268 kv.m. yaşayış sahəsi olan evdən maneəsiz istifadəsinin məhdudlaşdırması ilə bağlı Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya məxsus olan evin altını 9x6,60 kv. metr hissəsini təşkil edən zəbt edilərək özbaşına aparılmış tikintinin sökülməsi, evin 1-ci mərtəbəsində yerləşən giriş qapısının qanunsuz şəkildə bağlanması və onun öz evinə bitişdirilməsi kimi qeyri-qanuni müdaxilələr nəticəsində, cavabdehin gələcəkdə mülkiyyət sahəsindən istifadə ilə bağlı iddiaçının hüquqlarına və sahiblik hüquqlarına hər hansı şəkildə maneələrin törədilməsinin qadağan olunması, habelə miras hüququnu təşkil edən miras payının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. xx.xx.2025-ci il tarixli iddiada dəqiqləşmə ərizəsinə əsasən, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 268 kv.m. yaşayış sahəsi olan evin 1-ci mərtəsinin 9x6,60 kv. metr ölçüdə (ümumilikdə 62.7 kv.m) olan hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi və orada aparılan özbaşına tikinti işlərinin sökülməsi cavabdehin öhdəsinə qoyulmasını və evin birinci mərtəbəsində yerləşən giriş qapısının cavabdeh tərəfindən qanunsuz bağlanmasının aradan qaldırılması və girişin bərpasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

6. Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

7. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, bu evin atasından miras qaldığını, evin təmir-tikinti işlərini özünün həyata keçirdiyini, lakin cavabdeh tərəfindən onun mükiyyətində olan evə giriş çıxışına menaə yaradıldığını qeyd etmişdir. Son olaraq məhkəmədən onun evinin altında tikilən qanunsuz tikilinin sökülməsini eyni zamanda evə giriş çıxışına yəni sahiblik və istifadə hüquqlarına menəçiliklərin aradan qaldırılmasını xahiş etmişdir.

8. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iştirak Cavabdeh məhkəmə iclasında öz izahatında bildirmişdir ki, bu evin atalarından miras qaldığını, iddiaçının qanunsuz tikinti dediyi hissəni əgər sökərsə iddiaçının yaşaığı üst hissənin yerlə yeksan olacağını bildirmişdir. Son olaraq məhkəmədən iddianın əsasız hesab edilərək, rədd edilməsini xahiş etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

9. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Xətai Rayon Pİ-nin 34-cü Polis Şöbəsinin qərarına əsasən, tərəflər arasındakı mübahisənin mülki xarakter daşıması müəyyən olunaraq mülki icraat qaydasında məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur

10. xx.xx.2023-cü il tarixli AR Əhmədli bələdiyyəsi Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnaməyə əsasən, ünvan 1 ünvanında yerləşən əmlak üzrə vergi ödəyicisi İddiaçıdur.

11. xx.xx.2023-cü il tarixli tədiyyə bildirişinə əsasən, ünvan 1 ünvanında yerləşən əmlak üzrə İddiaçı 89.27 manat məbləğində vergi borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

12. xx.xx.2007-cü il tarixli AR Əhmədli bələdiyyəsinin fiziki şəxslərin mülkiyyətində olan binaların (onların hissələri) və qurğuların qiymətləndirilməsinə dair hesabata əsasən, 2 mərtəbəli fərdi yaşayış evidir, 2000-ci ildə tikilmişdir və mülkiyyətçi İddiaçıdur.

13. 2023 ili üçün yerli (bələdiyyə) vergilər üzrə fiziki səxsin şəxsi hesab vərəqəsinə əsasən, vergi ödəyicisi İddiaçı ümumi vergi borcu sıfır manat təşkil edir.

14. Mülki iş materiallarına əlavə edilmiş fotoşəkillər və digər sənədlər.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikasının Konstitusiyası:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. 1964-cü il 11 sentyabr tarixdə qüvəyə minmiş və 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR-nin Mülki Məcəlləsi:

73. hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiəetmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir;

76. iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tədbiq olunur;

77. iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə,arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur;

78. iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir;

82. iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rəddetmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir;

105. müəyyən icazə və ya lazımi şəkildə təsdiq edilmiş layihə olmadan,yaxud əsas inşaat normaları və qaydalarını kobudcasına pozmaqla ev və ya onun bir hissəsini (evin yanında əlavə bina) tikən vətəndaş, bu evdən və ya yandan tikilmiş əlavə bina üzərində sərəncam verməyə (satmağa, bağışlamağa, kirayəyə verməyə və s.) haqlı deyildir. Belə ev və ya evin yanında tikilmiş əlavə bina məhkəmənin qətnaməsinə əsasən əvəzsiz olaraq alınıb yerli xalq deputatları Sovetinin fonduna verilə bilər, yaxud rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarına əsasən, həmin bina onu özbaşına tikdirən şəxs tərəfindən və ya onun hesabına sökülə bilər;

147. pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə bilər;

148. bu Məcəllənin 142-147-ci maddələrində nəzərdə tutulmuşhüquqlar həmçinin, mülkiyyətçi olmasa da, qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edənə də məxsusdur.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

21. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

22. İddiaçı ünvan 1 ünvanında yerləşən 268 kv.m. yaşayış sahəsi olan evdən maneəsiz istifadəsinin məhdudlaşdırması ilə bağlı Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya məxsus olan evin altını 9x6,60 kv. metr hissəsini təşkil edən zəbt edilərək özbaşına aparılmış tikintinin sökülməsi, evin 1-ci mərtəbəsində yerləşən giriş qapısının qanunsuz şəkildə bağlanması və onun öz evinə bitişdirilməsi kimi qeyri-qanuni müdaxilələr nəticəsində, cavabdehin gələcəkdə mülkiyyət sahəsindən istifadə ilə bağlı iddiaçının hüquqlarına və sahiblik hüquqlarına hər hansı şəkildə maneələrin törədilməsinin qadağan olunması, habelə miras hüququnu təşkil edən miras payının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Mülki iş materiallarından görünür ki, tərəflər doğma qardaşdırlar, mübahisəli evlər iddiaçı və cavabdehin atalarının sağlığında inşa edilmiş və tərəflər uzunmüddət həmin evlərdə mübahisələndirilən qaydada yaşamışdırlar. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həmin evin və evin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasını təsdiq edən hüquq müəyyənedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-ə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. MM-in 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-in 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Göründüyü kimi, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmalı olması mülki qanunvericiliyin imperativ tələbidir. Eyni zamanda AR Torpaq Məcəlləsində də oxşar müddəalar nəzərdə tutulmuş, dövlət qeydiyyatına alınmamış torpaq sahələri ilə bağlı dövlətin təminat vermədiyi qeyd edilmişdir.

25. Məhkəmə hesab edir ki, hər hansı tələbin irəli sürülməsi üçün şəxsin subyektiv hüquqa malik olub olmaması müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı nə iddiaçının, nə də cavabdehin qeyd edilən mənzilə mülkiyyət müəyyən edici sənədinin mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı mövcudluğu (hər hansı qeydiyyatı) müəyyən edilməyən daşınmaz əmlaka və bu əmlaka hər hansı hüquqları müəyyən edilməyən tərəflərə münasibətdə maddi hüquq normalarının tətbiqi hüquqlardan (dispozitiv imkandan və diskresion səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hallara gətirib çıxarar və prosessual qanunvericiliyin tələbləri baxımından tərəflər öz tələbinin və tələbi qəbul etmənin və ya etiraz etmənin əsaslarını (subyektiv hüquqlarını) sübuta yetirməmişlər.

26. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

27. Həmçinin, məhkəmə tərəfindən aparılmış araşdırma zamanı iddiaçıya məxsus evin 2000-ci ilin ortalarında inşa edildiyi, cavabdehə məxsus evin isə daha əvvəl iddiaçı və cavabdehin ataları tərəfindən inşa edildiyi müəyyən edilmiş, yerli baxış zamanı da iddiaçı və cavabdeh oxşar izah vermişdirlər. Tərəflər qardaşdırlar, iddiaçı atasının sağlığında halhazırda cavabdehin istifadəsində və sahibliyində olan evin qarşısında ev inşa etmiş, evin tikilişi elə qurulmuşdur ki, cavabdehin evinə əsas yoldan giriş iddiaçıya məxsus evin altında yerləşən darvazadan mümkündür. İddiaçı darvazanın əvvəllərdə mövcud olduğunu lakin yerinin qabağa şəkildiyini iddia etsə də darvazanın əvvəlki vəziyyəti ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Darvazanın ümumiyyətlə bağlanması isə cavadehin öz evinə girişinə mane yaradar (qanun analogiyasına uyğun olaraq servitut hüququnun mövcudluğu istisna edilmir).

28. Məhkəmə araşdırması zamanı tərəflərin uzun müddətdir bir yerdə, evlərin bu cür tikililməsinə razılıq iradəsi nümayiş etdirərək yaşadıqları məlum olmuşdur. Buna görə də, özbaşına tikilinin inşa olunmasına, darvazanın qoyulmasına, 1-ci mərtədəki 9x6,60 kv. metr ölçüdə (ümumilikdə 62.7 kv.m) olan hissəsinin, o cümlədən orada aparılan özbaşına tikinti işlərinin aparılmasına tərəflərin razılığının olması güman ediləndir. Eyni zamanda cavabdehin istifadəsində və sahibliyində olan evin daha əvvəl tikilməsi də tərəflərin izahı ilə öz təsdiqini tapır. İddiaçı cavabdehin onun evinə girişə maneə olmasını qeyd etsə də, yerli baxış zamanı iddiaçının evinə girişin qeyd edilən darvazadan deyil, evin yan hissəsindən olması müəyyən edilmişdir.

29. İddiaçının münasibətlər normal olarkən iddia tələbində qeyd etdiyi özbaşına tikilinin inşasına, darvazanın mövcudluğuna razı olması, sonradan münasibətlər pozulduqdan sonra hazırkı iddia tələbini irəli sürməsi məhkəmə araşdırması zamanı da müəyyən olunmuşdur.

30. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlə münasibətlərinin yaxşı olmaması səbəbindən hazırkı iddia tələbini irəli sürməsi MM-in 560-cı maddəsi nəzərə alınmaqla qiymətləndirilməlidir. Həmin normanın tələblərinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

31. Məhkəmə tərəfindən aparılmış araşdırılma ilə cavabdehin istifadəsində və sahibliyində olan tikililərin 2000-ci ildən əvvəl də mövcdu olması, iddiaçınını yaşadığı evi 2000-ci ildə tikməsi, darvazanın hər zaman iddiaçının evinin altında olması halı öz təsdiqini tapmış, iddiaçının qeyd etdiyi birinci mərtəbədəki tikilinin daha əvvəllər onun sahibliyində olması isə öz təsdiqini tapmır.

32. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan digər rədd edilməlidir.

Məhkəmə xərcləri:

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

1. İddia rədd edilsin.

2. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar