Məhkəmə qərarları › İş №e-2(011)-817/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-817/2024

16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-817/2024 16.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı qarşı təqsirli hərəkətləri nəticəsində dəymiş 8.607,37 manat məbləğində maddi, 10.700 manat məbləğində mənəvi zərərin əvəzinin, eyni zamanda hüquqi xidmət xərclərinə görə çəkdiyi 1.000 manatın, ümumilikdə 20.307,37 manat məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 151 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 30 aprel 2021-ci ildə Cavabdeh idarə etdiyi avtomobil tərəfindən vurulub. Nəticədə bir aydan çox hospitalda qalıb və müalicə olunub. İddiaçı uzun müddət komada olub. Aldığı xəsarət nəticəsində qıcolmalar keçirib. İddiaçı bu günə kimi müalicə olunur və həkimlərin dediyinə əsasən, artıq ömür boyu müalicə olunmalıdır. Xəsarətlər nəticəsində ciddi yaddaş pozğunluğu, əsəb xəstəliyi meydana gəlib. Cavabdeh hadisədən sonra bu günə kimi ailədən üzr istəməyib və onlara heç bir maddi dəstək göstərməyib. Üstəlik, xəstəxanaya gələrək zərərçəkmiş şəxsin atasına deyib ki, üzr istəmək üçün gəlməyib. İddiaçının ailəsi bildirir ki, onlar Vaqifin xəstəxanaya düşdüyünü də dərhal bilməyiblər. Polislər xəbər verib. Onlar Sabunçu rayon 3 saylı Klinik Xəstəxanasına gedəndən sonra görüblər ki, Vaqifin həyatı təhlükədədir. Dəhşətli qəza keçirib. Üstəlik də, yaxınları gələnə kimi Vaqifə baxan həkim olmayıb. Valideynləri gəldikdən sonra həkimlər Vaqiflə maraqlanıblar. Vaqifin ailəsi bildirir ki, onu vuran Cavabdeh Vaqifi vursa da, ona kömək etməyib, xəstəxanaya aparmayıb. Bundan başqa cavabdeh iddiaçıya hadisə nəticəsində əşyalarının itməsinə və zədələnməsinə, bununla da maddi ziyan vurulmasına səbəb olub. Polis uzun müddət hadisəni araşdırmaq istəməyib. Vaqifin ailəsi dəfələrlə polislə əlaqə saxlayıb ki, araşdırmanın gedişatını soruşsun. X3 hərdəfə bir bəhanə ilə araşdırmanı dayandırıb. İddiaçının qardaşı üzləşdikləri qanunsuzluqları özünün sosial şəbəkəsindəki səhifəsində yazıb. Bundan sonra iddiaçının işinə ciddi yanaşıblar. Cavabdeh barəsində cinayət işi başlanılıb. Yəni hadisə aprel ayında olsa da, 16 iyun 2021-ci ildə CM-nin 263.1-cimaddəsi ilə cinayət işi açıldı. Baxmayaraq ki, Cavabdeh hadisə günü izahat alınmışdı və Kamil Vaqifi vurduğunu etiraf etmişdi. 16 iyul 2021-ci ildə müstəntiq Xəlil Allahverdiyev cinayət işi üzrə icraatı dayandırıb. Bəhanə kimi isə təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən edə bilmədiyini qeyd edib. Baxmayaraq ki, 30 aprel 2021-ci ildə X1 Elşəni dindirib, 01 may 2021-ci ildə isə Elşənin bacısını dindirib. Xəlil Allahverdiyev 09 noyabr 2021-ci ildə nəhayət cinayət işi üzrə icraatı yenilədi. Yenilədikdən sonra 27 noyabr 2021-ci ildə şahid kimi Cavabdeh dindirdi və 01 dekabr 2021-ci ildə isə bacısını dindirdi. 04 dekabr 2021-ci ildə cinayət əməli CM-nin 263.1-1-ci maddəsinə tövsif edildi. 07 dekabr 2021-ci ildə, hadisəni törətdikdən 7 aydan sonra Cavabdeh təqsirləndirilən şəxs kimi tanındı. Cavabdeh, idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq iddiaçıya ağır bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törədib. Hadisə nəticəsində iddiaçı qapalı kəllə-beyin travması, baş-beyinin orta dərəcəli əzilməsi, hər iki alın payında hemorragik əzilmə, ənsə sümüyünün xətti sınığı, ənsə və sol baldır nahiyəsinin əzilmiş-cırılmış yarası ilə nəticələnən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa dair bədən xəsarətləri alıb. Xəsarətlər nəticəsində ciddi yaddaş pozğunluğu, əsəb xəstəliyi meydana gəlib. Bundan başqa yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının əşyaları itib və zədələnib. Bununla da ona xeyli maddi zərər dəyib. Cavabdeh iddiaçını vursa da, ona kömək etməyib, xəstəxanaya aparmayıb, heç bir maddi və mənəvi zərərinin əvəzini ödəməyib. İddiaçı bu müddət ərzində müxtəlif dərmanlar alıb, müalicə olunub, Cavabdeh təqsirli hərəkəti nəticəsində əşyaları avadanlığı sıradan çıxıb. Bütün bu zərər cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verib. Bu əməl hüquqazidd olub, təqsirli törədilib, bu əməl nəticəsində iddiaçıya zərər dəyib, cavabdehin əməli ilə iddiaçıya dəyən zərər arasında səbəbli əlaqə olub. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinə uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, Cavabdeh 30 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ilə F.X.Xoyski küçəsinin kəsişməsində idarə etdiyi “Chevrolet Cruze” markalı **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobillə velosipedlə yolu sağdan sola keçmək istəyən İddiaçı ehtiyatsızlıqdan vuraraq ona sağlamlığın uzun müddət pozulmasına əsbəb olan ziyan vurmuşdur. Cavabdeh törətdiyi əməldə təqsirli bilinmişdir. Cavabdehə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham elan edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 1(005)-131/2022 saylı qərarına əsasən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. İddiaçı keçirdiyi nəqliyyat hadisəsi nəticəsində uzun müddət xəstəxanada müalicə almış, onun əmlakına ziyan dəymişdir. Hazırkı iddianı verməklə iddiaçı ona dəymiş həm maddi, həm mənəvi ziyanı tələb etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1119.1-ci maddəsinə əsasən, zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1119.3-cü maddəsinə əsasən, zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə aparılmış araşdırma nəticəsində belə qənaətə gəlir ki, baş vermiş, cavabdehin təqsirli bilindiyi yol nəqliyyat hadisəsi zamanı iddiaçının həm səhhətinə, həm də əmlakına ziyan dəymişdir. İddiaçının məhkəməyə təqdim etdiyi siyahıdan görünür ki, iddiaçı cavabdehdən dərman xərcləri, xəstəxana xərcləri, əşyalarına dəyən ziyan, vəkil, notarius və s. xərclər və xəstəxana dönəmi dəyən maddi zərərin əvəzini tələb etmişdir. Məhkəmə bu tələblərin hər birinə ayrı-ayrılıqda qiymət verməyi zəruri hesab edir. Məhkəməyə təqdim edilmiş Səhiyyə Nazirliyi tövsiyə vərəqəsindən həkim Abbasov Anarın 21 may 2021-ci il, 17 noyabr 2021-ci il, 13 iyul 2021-ci il, 24 iyul 2022-ci il tarixlərdə İddiaçı yazdığı reseptlərdən görünür ki, iddiaçının müalicəsi üçün ona dəyəri 7.15 manat olan 16 qutu (114.40 manat) “Finlipsal 200 ml.” adlı dərman vasitəsi, qiyməti 10.30 manat olan 20 qutu (206 manat) “Depakin xrono 500 ml” adlı dərman vasitəsi, qiyməti 49.24 manat olan 2 qutu (98.48 manat) “Korteksin” adlı dərman vasitəsi, qiyməti 14 manat olan 2 qutu (28 manat) “Pantoqam” adlı dərman vasitəsi, qiyməti 12.44 manat olan 1 qutu “Nitop” adlı dərman vasitəsi, qiyməti 8.76 manat olan 1 qutu “Betaserk” adlı dərman vasitəsi, qiyməti 6.46 manat olan 1 qutu “Trental” adlı dərman vasitəsi, qiyməti 4.04 manat olan 1 qutu “Veroşpiron” adlı dərman vasitəsi, qiyməti 1.09 olan 2 qutu (2.18 manat) “Novokain” adlı dərman vasitəsi yazılmışdır. İddiaçı təqdim etdiyi siyahıda “Zevitsel” adlı dərmanın olduğunu da qeyd etmiş və dərmanın qiymətinin 40 manat olduğunu göstərmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda adı çəkilən bütün dərmanların Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının internet saytında qiymətləri qeyd edilmiş, bir tək “Zevitsel” adlı dərmanın dəyəri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda “Finlipsal 200 ml.” adlı dərmanın da növbəti 2 il ərzində 30 qutu miqdarında içməli olduğunu qeyd etmiş və bunun da dəyəri olaraq 214.50 manat məbləğində vəsait tələb etmişdir. Məhkəmə buna münasibətdə qeyd edir ki, iddiaçının növbəti 2 il ərzində bu dərmanı qəbul etməsinin zəruri olması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, sözügedən qəbzlərin tarixinin baş vermiş yol nəqliyyat hadisəsindən sonraya, hadisənin iddiaçının sağlamlığına vurduğu zərərin mövcud olduğu müddətə aid olması, həmçinin hadisə nəticəsində iddiaçının sağlamlığının pozulması nəticəsində sonuncunun bədənində başqa kənar fəsadların da törənə biləcəyi ehtimalı məhkəmədə bu qəbzlərin məhz sözügedən hadisə ilə bağlı alınmış dərmanlara sərf edilmiş pul məbləği olması qənaətini formalaşdırır. Odur ki, yuxarıda istinad olunanlara əsasən iddia tələbinin dərman xərclərinə aid hissəsi qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə “Finlipsal 200 ml.”, “Depakin xrono 500 ml”, “Korteksin”, “Pantoqam”, “Nitop”, “Betaserk”, “Trental”, “Veroşpiron”, “Novokain” adlı dərmanların dəyəri olan 475.36 manat tutulmalıdır. Digər dərmanlar - “Zevitsel” və “Finlipsal 200 ml.” dərmanının 30 qutusuna münasibətdə iddia tələbi rədd edilməlidir. Xəstəxana xərcləri kimi iddiaçı cavabdehdən ümumilikdə 1.660 manat vəsait tələb etmişdir. Bu xərclərin siyahısında gündəlik palata xərcləri üçün 525 manat, neyrocərrah əməliyyatı üçün 400 manat, gündəlik yemək xərcləri üçün 315 manat, gündəlik nəqliyyat xərcləri üçün 210 manat, kompüter tomoqrafiyasının 3 dəfəsi üçün 180 manat, ensefaloqramma üçün 30 manat tələb edilmişdir. Məhkəmə istinad olunan xərclərə münasibətdə qeyd edir ki, iddiaçının xəstəxanada qalması və orada müalicə olunması işin təkzib edilməyən hallarından olsa da, iddiaçı çəkdiyini iddia etdiyi xərcləri təsdiq edəcək sübutları məhkməyə təqdim etməmişdir. Eyni zamanda da məhkəmə qeyd edir ki, 01 aprel 2021-ci il tarixdən icbari tibbi sığorta bütün ölkə ərazisini əhatə edir və istifadə olunan tibbi xidmətlərin xidmətlər zərfinə daxil olmaması ilə bağlı məhkəməyə hər hansı sübutlar təqdim olunmamışdır. Odur ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə iddiaçının əşyalarına dəymiş ziyanın əvəzi olan ümumilikdə 2.171 manat məbləğə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. İddiaçı ona dəyən zərəri əsaslandırarkən nəqliyyat hadisəsi baş verən zaman onun üstündə daşıdığı “X5 2020” markalı notbukun displeyinin (ekran) zədələndiyini və bunun üçün 1.035 manat xərc çəkdiyini, üzərində olan digər əşyaların qiymətinin - 1x3 planetar sürət sistemi ilə “Mercury Foldable 24” velosipedi üçün 640 manat, “X6 5” markalı smart bilərziyi üçün 99 manat, “Kerry” markalı velospied sürmək üçün dəbilqə üçün 60 manat, 2 cüt (ön və arxa təkərlər üçün) “Shimano Dura-Ace” əyləc yastıqları üçün 60 manat, 3x7 sürət ötürücüsü “Shimano ST-EF5007” üçün 45 manat, “KMC X8” markalı 8 sürətli sistem üçün zəncirə görə 33 manat, “Shimano Acera” ön sürət ötürücüsü (derailleur) üçün 30 manat, ön fənər işığı və səs siqnalı üçün 26 manat, “Prowheel” ön ulduz dəsti üçün 25 manat, “Shimano” 7 sürət ötürücüsü üçün kasetə görə 25 manat, “X6 5” smart bilərziyi üçün metallik qolbağa görə 20 manat, “Shimano Tourney” arxa sürət ötürücüsü (derailleur) üçün 18 manat, “ProMax” əyləc trostu dəsti üçün 16 manat, “Soldier” 500 ml. həcmli termos su qabı üçün 16 manat, “Shimano” sürət keçiricisi üçün trosta görə 10 manat, su qabı saxlayıcısı (termos tutacağı) üçün 8 manat, velosiped sükanı üçün tutacağa görə 5 manat olduğunu qeyd etmişdir. İş materiallarına əlavə edilmiş “Kontakt Home” tərəfindən verilmiş arayışdan görünür ki, “Xiaomi Mİ band 5” markalı smart bilərzik 25 iyul 2020-ci il tarixdə 99.99 manat alınmışdır. Hazırda iddiaçı bilərziyə görə 99 manat tələb edir. “Alma Store” mağazasının verdiyi qəbzdən görünür ki, 27 sentyabr 2021-ci il tarixdə “X5 2020” markalı notbukun displeyi dəyişdirilmiş və buna görə iddiaçı 1.035 manat ödəmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, nəqliyyat hadisəsi baş verərkən iddiaçının idarə etdiyi velosipedin markası “Mercury Foldable 24” olmuşdur. Hadisə nəticəsində velosiped və velosiped sürmək üçün dəbilqə 2 yerə bölünmüş və yararsız vəziyyətə düşmüşdür. İddiaçının təqdim etdiyi “İnstagram” sosial şəbəkəsində yerləşdirilmiş qiymətlərdən görünür ki, velosipedin qiyməti 640 manat, dəbilqənin qiyməti 60 manat təşkil edir. İş materillarında olan “Tap.az” elanlar saytından çıxarışdan görünür ki, “X6 5” smart bilərziyi üçün metallik qolbağın qiyməti 20 manat təşkil edir. İddiaçının digər tələb etdiyi 2 cüt (ön və arxa təkərlər üçün) “Shimano Dura-Ace” əyləc yastıqları, 3x7 sürət ötürücüsü “Shimano ST-EF5007”, “KMC X8” markalı 8 sürətli sistem üçün zəncir, “Shimano Acera” ön sürət ötürücüsü (derailleur), ön fənər işığı və səs siqnalı, “Prowheel” ön ulduz dəsti, “Shimano” 7 sürət ötürücüsü üçün kaset, “Shimano Tourney” arxa sürət ötürücüsü (derailleur), “ProMax” əyləc trostu dəsti, “Shimano” sürət keçiricisi üçün trost, velosiped sükanı üçün tutacaq, “Soldier” 500 ml. həcmli termos su qabı və su qabı saxlayıcısına münasibətdə məhkəmə qeyd edir ki, adıçəkilən əşyalar velosipedin əlavə avadanlıqlarını təşkil edir. İddiaçı ərizəsində istinad olunan avadanlıqların velosipedin daha əvvəl velosipedə quraşdırılmasını və nəqliyyat hadisəsi nəticəsində avadanlıqların yararsız vəziyyətə düşməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia bu hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin hüquqi xidmət xərclərinə görə ödənilmiş vəsaitin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, hər bir şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilir. Belə ki, Mülki-Prosessual Məcəlləsi məhkəmə məsrəflərinə dövlət rüsumu və işə baxılması ilə bağlı digər məsrəfləri aid etmişdir. Belə olan halda işə baxılması ilə bağlı məsrəflər özündə hüquqi məsləhətlər, iddia ərizəsinin tərtibi, məhkəmədə təmsil olunmaq və sair geniş prizmadan hərəkətləri ehtiva edir. İddiaçı həm Nərimanov Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə təmsil olunmaq üçün əlavə xərc çəkmişdir. Belə ki, məhkəmə vəkil, notarius və s. xərclərin ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə 1.000 manat ödəniş edilmiş və iş materiallarında olan qəbz və müqavilə ilə bu məbləğin ödənilməsi təsdiq edilir. Odur ki, iddia 1.000 manat hüquqi xidmət xərcinin ödənilməsinə münasibətdə təmin edilməlidir. Digər vəkil Rəşad Əliyev tərəfindən hüquqi xidmətin göstərilməsinə görə iddiaçı 300 manat tələb etsə də, qəbzdən görünür ki, iddiaçı sonuncunun göstərdiyi xidmətlərə görə 150 manat ödəmişdir. Odur ki, iddia bu hissədə qismən təmin edilərək cavabdehdən 150 manat tutularaq iddiaçıya ödənilməlidir. Digər vəkil Musa Əliyev tərəfindən hüquqi xidmətin göstərilməsinə görə iddiaçı 400 manat tələb etsə də, həmin məbləğin ödənilməsinə dair iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin notarius, dövlət rüsumları, məktublar (4 ədəd – 1.60 + 3 ədəd – 1.37) üçün müvafiq olaraq 50 manat və 10.51 manatın ödənilməsinə münasibətdə qeyd edir ki, iddiaçının təqdim etdiyi qaimə və qəbzlərlə həmin ödənişlərin ödənilməsi öz təsdiqini tapdığından, iddia bu hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin xəstəxana dönəmi iddiaçının özünün, atası İsgəndər Kazımovun və qardaşı Kamran Kazımovun işə getməməsi və bununla da onlara maddi ziyan dəyməsini qeyd edərək, ümumilikdə 2.300 manat pul tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı nə özünün, nə də ailə üzvlərinin iş yeri və əmək haqqısı, iddiaçının xəstəxanada qaldığı müddətdə qazana bilmədiyi gəliri barədə, həmçinin ailə üzvlərinin ona qulluq etməsinə görə işə gedə bilməməsinə və bununla da onlara maddi ziyan dəyməsinə dəlalət edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, baş vermiş hadisə nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsi, bu halın onun şüurunda mənfi psixi reaksiyaya səbəb olması mübahisəsizdir. Odur ki, mənəvi zərərin məbləği 3.000 manat məbləğində müəyyən olunmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi zərərə görə 3.539,87 manat, mənəvi zərərə görə 3.000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 151 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq iddiaçının ödədiyi 151 manat dövlət rüsumunun 65.60 manatı iddiaçının özünə aid edilməli, qalan 85.40 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 3.539,87 (üç min beş yüz otuz doqquz manat səksən yeddi qəpik) manat, mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı ödədiyi 151 manat dövlət rüsumunun 65.60 (altmış beş manat altmış qəpik) manatı iddiaçının özünə aid edilsin, qalan 85.40 (səksən beş manat qırx qəpik) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar