Məhkəmə qərarları › İş №e-2(011)-84/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-84/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-84/2023 17.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh1 1140 manat və ödənilmiş dövlət rüsumuna görə 31,40 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2nun iş üzrə cavabdeh qismində cəlb edilməsini, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehlər Cavabdeh1 və “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutun”dan müştərək qaydada 1140 manat və ödənilmiş dövlət rüsumuna görə 31,40 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi G.Z.Məmmədli iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, "xxxx"ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsiəsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** JS *** dövlət qeydiyyat nişanlı, “Qaz 310231” markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində, Bakı şəhəri, Şamaxı-Bakı yolu ərazisində Cavabdeh1 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində“Mercedes Benz 220” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur, baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Merecdes Benz 220” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 1140 (bir min bir yüz qırx) manat sığorta ödənişi həyata keçirilmişdir, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarda müəyyən edilmişdir ki, ** JS *** dövlət qeydiyyat nişanlı, “Qaz 310231” markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 hadisə yerindən yayınmışdır, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir, həmçinin cavabdeh polis orqanında verdiyi izahatında da hadisə yerindən yayındığını etiraf etmişdir. Sonda iddiaçının nümayəndəsi G.Z.Məmmədli iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdır. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişlər, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, 2021-08-15 tarixdə saat 21:00-da Binəqədi rayonunda yol nəqliyyat hadisəsi baş vermişdir, yol nəqliyyat hadisəsinin növü toqquşmadır, hadisənin baş verməsində təqsiri olan şəxsin idarə etdiyi avtonəqliyyat vasitəsi “Qaz 310231 110 Təcili Yardım” markalı 10JS837 dövlət qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi Cavabdeh2, hadisə zamanı sürücüsü Cavabdeh1 olmuşdur. İş materiallarında olan ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə saat 21:00-da “Qaz 310231 110 Təcili Yardım” markalı 10JS837 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan 1289 saylı xx.xx.2021-ci il tarixli ödəniş tağşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 CM1465/21 saylı akta əsasən 1140 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli CML-2177/2020-AKT2845 saylı “Sığorta aktı”-ından görünür ki, sığortalı Cavabdeh2, avtomobilin markası QAZ 310231, dövlət nömrə nişanı 10JS837, avtomobilin buraxılış ili 2005, sığorta məbləğinin miqdarı 5000 manatdır. Sığorta hadisəsinin tarixi xx.xx.2021-ci il, saatı 21:00-dır, baş vermə yeri Bakı şəhəri, Şamaxı-Bakı yolu, yol nəqliyyat hadisəsinin növü toqquşma, sığortalanmış avtomobili yol vərəqəsi əsasında idarə edən şəxs Cavabdeh1dur, zərərçəkən əmlak “Mercedes Benz 220”, ** MC *** qeydiyyat nömrəli avtomobil, əmlakın sahibi X2r, əmlaka dəymiş zərərin yekun məbləği 1140 manatdır. İş materiallarında olan 1774/21 saylı qiymətləndirmə aktının surətindən görünür ki, “Mercedes Benz 220” markalı ** MC *** qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın yekun məbləği cəmi 1140 manatdır. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh1 12 oktyabr 2021-ci il tarixli 1288/21 №-li məktubla müraciət edərək, ondan subroqasiya hüququna əsasən 1140 manat məbləğdə vəsaiti 10 iş günü ərzində "xxxx" ASC-nin bank hesabına köçürülməsini xahiş etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2022-ci il tarixli 9/7050 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaq 1999-cu il buraxılışlı “Mercedes Benz E220D” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1140 manat müəyyən edilir. Həmin Rəyə əlavə edilmiş bildirişdən görünür ki, tədqiqatın dəyəri 100 manatdır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə 31,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna məxsus “Qaz 310231 110 Təcili Yardım” markalı 10JS837 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır, digər Cavabdeh1 xx.xx.2021-ci il tarixdə həmin avtomobili yol vərəqəsi əsasında idarə edərkən B.S.Həmidova məxsus “Mercedes Benz E220D” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur, sürücü Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş, barəsində inzibati tənbeh vermə haqqında qərar ilə 100 manat cərimə olunmuşdur, sığortaçı "xxxx" ASC tərəfindən zərərçəkmiş B.S.Həmidova 1140 manat məbləğində sığorta ödənişi edilmişdir. Bununla belə, cavabdehlərin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, avtomobilə dəymiş zərərə görə məsuliyyət daşıyan şəxs tərəfindən zərərin əvəzi ödənilmədiyindən və həmin zərər sığorta müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən ödənildiyindən, iddiaçı vurulmuş ziyana görə zərərçəkmiş şəxsə ödədiyi məbləğə dair subroqasiya qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, ödənilməli olan məbləği müəyyən edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, avtomobilə dəymiş zərərə görə 1140 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il Qərarına əsasən, İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən, sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 1140 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2ndən alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin təmin edilmiş həddi və onun 1000 manatdan çox olması nəzərə alınmaqla dövlət rüsumu qismində ödənilmiş 31,40 manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya, ekspertiza tədqiqatının dəyərini təşkil 100 manat isə dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada subroqasiya qaydasında sığorta ödənişinin əvəzi olaraq 1140 (min yüz qırx) manat və dövlət rüsumun qismində ödənilmiş 31 (otuz bir) manat 40 (qırx) qəpik məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar