Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8620/2023 25.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Cavabdehin istifadəsində olan “VAZ 2106” markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobil (Bundan sonra – Sığortalı Avtomobil) xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçı tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış və bu barədə PPA ********** saylı sığorta şəhadətnaməsi verilmişdir.
2. xx.xx.2022-ci il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdeh Sığortalı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X1 məxsus “Kia Rio” markalı, ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur.
3. 03.09.2022-ci il tarixdə ******* saylı inzibati tənbeh vermə haqqında qərarla cavabdeh İXM-nin 327.2-ci (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə) və 327.6-cı maddəsi ilə (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasın) təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur.
4. Ziyan dəymiş avtomobilə (“Kia Rio” markalı, ** HY *** dövlət qeydiyyat nişanlı) görə 580 manat məbləğində zərərin dəyməsi müəyyən edilərək, iddiaçı tərəfindən bu barədə sığorta aktı tərtib edilmiş və 580 manat sığorta ödənişi faydalanan şəxsə ödənilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçı cavabdehən onun xeyrinə 580 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən idarə olunan avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə “Kia Rio” markalı, ** HY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat asitəsitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərara əsasən məlum olmuşdur ki, cavabdeh yol nəqliyyat adisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. ** HY *** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkən tərəfindən iddiaçıya müraciət etmişdir. Yolnəqliyyat hadisəsində cavabdeh təqsirli bilindiyi üçün “Kia Rio” markalı, ** HY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 580 manat məbləğində müəyyən edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 580 manat məbləğində sığorta ödənişi zərərçəkən şəxsin hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
8. Maddə 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
9. Maddə 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
10. Maddə 1108.2 Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
11. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
12. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Azərbaycan Respublikasının “İcbari Sığortalar haqqında” Qanunu
15. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmənin mövqeyi:
16. Məhkəmə ərizənin dəlillərini və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
17. AR MM-nin 936.1 və 936.2-ci maddələrinin mənasından görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi əsas şərtdir. İddiaçının subroqasiya hüququnun yaranması isə iş materialları ilə müəyyən edilir.
18. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin icbari sığortası növü üzrə Sığortalanmış avtomobilin sığorta müqaviləsi qüvvədə olduğu vaxt sığorta hadisəsi baş vermiş və Sığortalanmış avtomobili idarə edən cavabdeh yol hərəkəti qaydalarını pozmuş, onun təqsiri nəticəsində “Kia Rio” markalı, ** HY *** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. İddiaçı tərəfindən zərər dəymiş avtomobilin təmiri üçün hesablanmış 580 manat məbləğində sığorta ödənişi köçürülmüşdür.
19. Həmçinin, Bakı şəhər DYPİ-nin TP ******* saylı qərarı ilə cavabdeh İXM-nin 327.2-ci və 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. İXM-nin 327.6-cı maddəsi isə yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə məsuliyyəti nəzərdə tutur.
20. Məhkəmə hesab edir ki, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə zədələnmiş avtomobilin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, hadisəni törətmiş cavabdeh isə hadisə yerindən yayındığından əmlaka (avtomobilə) zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçıya keçmişdir. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
21. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, sığorta ödənişi cavabdehdən alınmaqla yanaşı ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də onlardan alınaraq iddiaçıya ödənilməlidir.
22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. 580 manat məbləğində sığorta ödənişi və 30 manat məbləğində dövlət rüsumu, 0,40 manat məbləğində bank xidmət xərci olmaqla, cəmi 610,40 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı