Məhkəmə qərarları › İş №e-2(011)-879/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-879/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-879/2023 26.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X2 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 360 manat məbləğində vəsaitin, 30 manat dövlət rüsumunun, 0.40 manat bank xidmət xərcinin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz E320” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 05 noyabr 2021-ci il tarixdə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 17 dekabr 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Cavabdeh idarə etdiyi “Mercedes Benz E320” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı sığortalı avtonəqliyyat vasitəsi ilə **-FN-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Airtirek” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Tərtib olunmuş TP4770354 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən məlum olmuşdur ki, Cavabdeh yolnəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilindiyi üçün **-FN-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Airtirek” markalı nəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, zərər 360 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 10 yanvar 2022-ci il tarixli sığorta aktına əsasən, 360 manat məbləğində sığorta ödənişi zərərçəkən X1 təqdim etdiyi hesaba köçürülmüşdür. 18 may 2022-ci il tarixdə ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. O, izahatında bildirdi ki, hadisə baş verən gün uşağı xəstə olduğundan avtomobili hadisə törətdiyi yerdən biraz irəlidə saxlayıb uşağı taksiyə mindirib xəstəxanaya aparmış, hadisə yerinə atasını dəvət etmişdir. Sığorta şirkəti ilə atası əlaqə saxlamış və bütün sənədləşmədə atası iştirak etmişdir, bu halı isə hadisə yerindən yayınma kimi qəbul etmək olmaz. İşin faktiki halları: “Mercedes Benz E320” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 05 noyabr 2021-ci il tarixdə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 17 dekabr 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Cavabdeh idarə etdiyi “Mercedes Benz E320” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı sığortalı avtonəqliyyat vasitəsi ilə **-FN-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Airtirek” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Tərtib olunmuş TP4770354 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən məlum olmuşdur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilindiyi üçün **-FN-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Airtirek” markalı nəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, zərər 360 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən 360 manat məbləğində sığorta ödənişi zərərçəkən X1 təqdim etdiyi hesaba köçürülmüşdür. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İşə baxan məhkəmənin mövqeyi: "xxxx" ASC iddianın hüquqi əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə, faktiki əsası kimi Cavabdeh sığorta hadisəsi zamanı hadisə yerindən yayınmasına istinad etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 17 dekabr 2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati xəta törətmiş və AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən təqsirli bilinmişdir. Məhkəmə iclasında cavabdeh hadisə yerindən yayınmadığını bildirsə də, iş materiallarına əlavə olunmuş protokoldan görünür ki, o, İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş, cərimələnmiş və cəriməni də ödəmişdir. Bu hal belə qənaətə gəlməyə əsas verir ki, o, cəriməni ödəməklə hadisə yerindən yayındığını təsdiq etmişdir. Odur ki, Cavabdeh sığorta hadisəsi zamanı hadisə yerindən yayındığına görə iddiaçının sonuncuya qarşı suboqrasiya hüququ yaranmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, 17 dekabr 2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Mitsubishi Airtirek” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə iddiaçı tərəfindən 360 manat ödənilmiş, sığorta hadisəsi baş verərkən Cavabdeh törətdiyi nəqliyyat hadisəsindən sonra toqquşma yerindən yayındığından, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən, belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 360 manat məbləğində sığorta ödənişi tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti xərci ödənilmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti xərci alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 360 (üç yüz altmış) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidməti xərci alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar