Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-935/2024 17.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Cavabdeh və digər Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx"ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində ƏDV daxil olmaqla 17930,20 (on yeddi min doqquz yüz otuz manat, iyirmi qəpik) manat məbləğində vəsaitin 143.79 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 tərəfindən idarə olunan ** BO *** dövlət qeydiyyat nişanlı Mercedes Benz ML350 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** GE ***dövlət qeydiyyat nişanlı X3 Rover markalı avtonəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh1 təqsirli bilinmişdir. Sığortalı ** GE *** dövlət qeydiyyat nişanlı X3 Rover markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı"xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** GE *** dövlət qeydiyyat nişanlı X3 Rover markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 32930,20 (otuz iki min doqquz yüz otuz manat, iyirmi qəpik) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASCninxx.xx.2023-cü il tarixli “Sığorta aktı”na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 32930,20 (5023,25 ƏDV+27906,95 manat təmir bərpa xərcləri olmaqla) manat sığorta ödənişi "xxxx"xxxx"xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 15000,00 (on beş min) manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2023-cü il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 17930,20 (on yeddi min doqquz yüz otuz manat, iyirmi qəpik) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və digər Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, şifahi və yazılı izahatında bildirmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-935/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) X3 Rover markalı nəqliyyat vasitəsinə nə qədər zərər dəymişdir? 2) Həmin nəqliyyat vasitəsinin hansı hissələrinin təmirə, hansı hissələrinin isə dəyişdirilməsinə ehtiyac olması və hər birinin dəyərinin ayrı-ayrılıqda göstərilməsi bildirilmişdir. Məlumat üçün qeyd etmişdir ki, nəqliyyat vasitələrinin toqquşmasının onların çox aşağı sürətdə olduğu (təxminən 10-20 km/saat) halda baş verdiyini nəzərə alsaq hansı hissələrin zərər aldığı və dəyişdirilməsinə və ya təmirə ehtiyac olması kimi məsələlərə aydınlıq gətirilməsi işin zəruri olaraq araşdırılması tələb edən hallardır. Ekspert rəyində yalnız iddiaçının təqdim etdiyi qüsur aktı əsas götürülərək nəqliyyat vasitəsinin zərər gördüyü hissələrə qiymət verilmişdir. İddiaçı isə öz maraqlarına uyğun olaraq şişirdilmiş və zərər almamış nəqliyyat hissələrini siyahıya daxil etmişdir. Əgər kompleks ekspertiza aparılmış olsaydı baş vermiş nəqliyyat hadisəsi zamanı həqiqətən hansı hissələrə zərər vurulması ortaya çıxmış olardı. Lakin hazırkı ekspert rəyində bunu müəyyən etmək mümkün olmur. Misal olaraq bir məqamı diqqətə çatdırmaq istərdi ki, nəqliyyat vasitəsinin ön sol farasına yüngül toxunduğu (toqquşduğu) halda necə ola bilər ki, ön sağ fara da zədələnmiş olsun? Bu cür halın baş verməsi qeyri-mümkündür. Bu cür misalları artırmaq olar. İddiaçı tərəfindən yol verilən ən böyük pozuntulardan biri də qüsur aktının hazırlanması prosesində onların iştirakının təmin olunmaması, o cümlədən zədələnmiş hissələr barədə, yəni həqiqi zədələnmənin nədən ibarət olması barədə heç bir məlumatın olmamasıdır. Əgər proses şəffaf və onların iştirakı ilə aparılmış olsaydı nəqliyyat vasitəsinə dəymiş real zərərin nədən ibarət olmasını müəyyən etmiş olardıq. Lakin bunların heç biri edilməmişdir. Ümumiyyətlə, aparılan ekspertiza və ekspertiza qarşısına qoyulan suallar işin tam, ətraflı və obyektiv araşdırmasına imkan vermir. Çoxsaylı pozuntular onların aparılmış təmirin real olmamasına əsaslı şübhələr yaradır. Nəqliyyat vasitələrinin zəif toqquşmasından (nəzərə almaq lazımdır ki, nəqliyyat vasitələrinin arxa və ön buferləri yüngül toqquşmuşdur) iddiaçının öz maraqlarına uyğun olaraq tərtib etdiyi qüsur aktında göstərilən hissələr zədələnə və yaxud sıradan çıxa bilməzdi. Ekspertizanın sırf iddiaçının hazırladığı qüsur aktı üzərindən aparılması da real vəziyyəti müəyyən etməyə imkan verməyəcəkdir. İddia ərizəsində qeyd olunanları iddiaçı sübuta yetirməlidir. Lakin iddiaçı baş vermiş sığorta hadisəsinə uyğun real vəziyyəti ortaya qoya bilmir, daha doğrusu sübut edə bilmir. Təqdim etdikləri şəkillərdə və video çəkilişdə hadisənin baş vermə və nəqliyyat vasitələrinin zədələnmə vəziyyətini görmək mümkündü. Bu cür hadisədə iddiaçının iddia etdiyi həcmdə zərər ola bilməzdi, bu qeyri-mümkündü. Adi bir misal olaraq qeyd etdikləri kimi sol faranın zədələnməsi sağ faraya necə təsir edə bilər və yaxud onu zədələyə bilər. Bu hal mümkün deyil. Bu səbəbdən də aparılmış ekspertizanın sırf iddiaçının təqdim etdiyi qüsur aktı üzərindən aparılması obyektiv şəraiti müəyyən etməyə imkan verməyəcəkdir. Qüsur aktında göstərilən guya zədələnmiş hissələr bəzi şəxslərin fantaziyalarının məhsulu olaraq ortaya çıxmışdır. Məhkəmədə bu cür əsassız iddia qaldırmaqla əlavə gəlir qazanmaq kimi niyyət yol verilməzdir. Əgər iddiaçı ərizəsini əsaslandıra və sübut edə bilmirsə, iddia məhkəmə tərəfindən əsassız hesab edilərək rədd edilməlidir. Bütün qeyd edilən xüsusatlar iddianın uydurma faktlara əsaslanmaqla tərtib edildiyini və real vəziyyəti əks etdirmədiyini sübut edir. Şablon faktlara, yəni qüsur aktında göstərilən hallara, qiymətlərə əsaslanmaqla qanunsuz qərarın qəbul edilməsi onlarda ancaq təəssüf hissi doğura bilər. Baş vermiş hadisə hər kəsin başına gələ bilər və həqiqətən də vurulmuş zərər ödənilməlidir. Amma həqiqəti əks etdirməyən, yalan faktlara əsaslanaraq, kimlərinsə hesabdan pul silmək məqsədilə etdiyi hərəkətlərin qarşısı ədalət mühakiməsi tərəfindən cəsarətlə alınmalıdır. Bu cür sığorta hadisələri nəticəsində zərəri şişirtməklə bunu özlərinin gəlir mənbəyinə çevirməməlidilər. İş materiallarından da görmək mümkündür ki, zərərin həcmi qeyri-peşəkar üsullarla artırılmışdır. Proses əvvəldən yanlış aparılmış və qeyri- şəffaf olmuşdur. Və bunun nəticəsi olaraq bu cür şişirdilmiş məbləğ ortaya çıxmışdır. Bütün qeyd olunanları, iddiada göstərilən halların sübuta yetirilmədiyini əsas götürərək iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş sığorta aktının surətindən görünür ki, sığorta predmeti olan X3 Rover Vogu (10GE123k/n) (99EE444 y/n) markalı avtomobilə 32.930,20 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, **-BO-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz ML350” minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 olmuş, xx.xx.2023-cü ildə nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh1 etibarnamə əsasında nəqliyyat vasitəsini idarə etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, 32.930,2 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli hesab-fakturadan görünür ki, **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir bərpası üçün servis xidmətlərin və ehtiyat hissələr və materialların qiyməti 27906,95 manat, ƏDV (18%) 5023,25 manat olmaqla, cəmi məbləğ 32.930,20 manat müəyyən edilmişdir. İş materiallarında olan İXP 517282 nömrəli xx.xx.2023-cü il tarixli İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, “Mercedes Benz ML350” minik markalı **-BO- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsində nəzərdə tutulan xətanı törətmişdir. İş materiallarında olan sığorta şəhadətnaməsindən görünür ki, “X3 Rover Vogu” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortaçı "xxxx" ASC-də avtomobillərin tam sığortası növündə sığortalanmış, sığortalı X1 olmuş, sığorta müddəti xx.xx.2022-xx.xx.2023-cü il olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 54426562 saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 59.30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-935/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 8/1355 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspert rəyindən görünür ki, yol nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla mümkün olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrinin zədələnmiş hissələrinin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığındna qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları yədqiqatı aparılmır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/3395 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 2019-cu il buraxılışlı “X3 Rover” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci aşağıdakı kimi müəyyən edilir.
1. Dəyişdirilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 31.833,40 manat. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 5380.00 manat; təmir-bərpa işlərinin qiyməti – 28313,40 manat; ƏDV – 3.520,00 manat.
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 27.568,00 manat. O cümlədən:dəyişilməli hissələrin qiyməti -24.048,00 manat; təmir-bərpa işlərinin qiyməti -3520 manat;
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin və həmçinin digər cavabdehin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan iddia qismən təmin edilməməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:40-da toqquşma baş verərək, yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh1 “Mercedes Benz ML350” minik markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən toqquşma nəticəsində “X3 Rover” minik markalı, 10-GE -123 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsinə əsasən Cavabdeh1 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanundan görünür ki, “mülkiyyət hüququ ilə” və “digər qanuni əsasla” ifadələri arasında “və” deyil, “və ya” bağlayıcısından istifadə olunmuşdur. Ona görə də həm mülkiyyətçi, həm də digər qanuni sahib birgə məsuliyyət daşıya bilməzlər. Buna görə də məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan avtomobilin vurduğu zərər üçün məsuliyyəti, onu qanuni əsaslarla idarə etmiş olan Cavabdeh1 daşımalı, Cavabdeh2 münasibətdə isə iddia əsaslı hesab edilməməlidir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) yalnız Cavabdeh1 tərəfindən törədildiyindən vurulmuş ziyan yalnız Cavabdeh1 alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Lakin iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, məhkəmə hesab edir ki, həcminə görə qismən əsaslıdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizasının rəyindən də aydın olur ki, “X3 Rover” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün dəyişdirilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 31.833,40 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 27.568,00 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “X3 Rover” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 27.568,00 manat müəyyən edilməlidir. Belə ki, hazırkı iddia delikt nəticəsində vurulmuş ziyanın reqres qaydada tələbi ilə bağlı olduğundan, burada tutulmalı olan zərərin miqdarı iddiaçının müvafiq ödəniş tapşırığı ilə ödədiyi məbləğə münasibətdə deyil, ziyanın vurulduğu şəxsə real vurulmuş zərərin məbləği ilə müəyyənləşdirilməlidir. Belə olan halda dəymiş zərərin məbləği olan 27.568,00 manatdan "xxxx" ASC tərəfindən ödənilmiş 15.000 manat ödəniş çıxıldıqda sığorta ödənişi 12.568 (27.568,00- 15.000= 12.568) manat təşkil edir. Odur ki, iddia qismən təmin edilməli və Cavabdeh1 12.568 manat sığorta ödənişi məbləği alınaraq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, sığorta ödənişi Cavabdeh1 alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də yalnız iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, yəni 127.70 manat iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iddia qismən təmin edildiyindən işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100 (50+50) manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.
Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220- ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh1 12.568 (on iki min beş yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 127.70 (yüz iyirmi yeddi manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə, o cümlədən Cavabdeh2 münasibətdə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Sahibə Hacıyeva