Məhkəmə qərarları › İş №e-2(011)-942/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-942/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-942/2024 09.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı “İcbari Sığorta Bürosu” X3 Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı “İcbari Sığorta Bürosu” X7 Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 640 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 670 manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X2 adına sığortalanmış “Mitsubishi Pajero” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 01 oktyabr 2020-ci il tarixində Bakı şəhəri, Nargilə dairəsi ərazisində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 avtomobilinə maddi ziyan dəymişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir”. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş “inzibati tənbeh vermə haqqında” 01 oktyabr 2020-ci il tarixli, TP ******* nömrəli qərardan məlum olur ki, yolnəqliyyat hadisəsi baş verərkən Cavabdeh tərəfindən “Mitsubishi Pajero” markalı, **-TC- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onu istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmadan istismar edilmiş və bu səbəbdən Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinə uyğun olaraq barəsində cərimə tətbiq olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, 01 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nargilə dairəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobillə X4 mülkiyyətində olan və X1 etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə X1 idarə etdiyi “Toyota Prius” markalı avtomobilə ziyan dəymişdir. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş 01 oktyabr 2020-ci il tarixli TP ******* saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.2-ci (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə) maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək barəsində 60 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan sığorta aktına əsasən dəymiş zərərin 640 manat olduğu müəyyən edilmiş, 13 noyabr 2020-ci il tarixli ödəniş tapşırığına əsasən 640 manat sığorta ödənişi iddiaçı tərəfindən “Toyota Prius” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 hesabına ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 25.4-cü maddəsinə əsasən, bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən olundu ki, 01 oktyabr 2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı cavabdehin etibarnamə olmadan idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi qəza nəticəsində X1 idarə etdiyi, X4 mülkiyyətində olan “Toyota Prius” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. İddiaçı “İcbari Sığorta Bürosu” X7 tərəfindən “Toyota Prius” minik markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X6 640 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh inzibati qaydada məsuliyyətə cəlb edildiyindən və tərtib edilmiş qərarla sığorta hadisəsi baş verərkən Cavabdeh təqsiri müəyyən edildiyindən, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzini ödəməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən həmin məbləğ də Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 640 (altı yüz qırx) manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı “İcbari Sığorta Bürosu” X5 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar