Məhkəmə qərarları › İş №e-2(011)-943/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-943/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-943/2022 15.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1320 manat məbləğində pul vəsaitinin və ödənilmiş 33,60 manat dövlət rüsumunun, cəmi 1.353,60 manat pul məbləğinin Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 dekabr 2020-ci il tarixdə saat 15:50 radələrində Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi ərazisində Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış “Tofaş Doğan” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunarkən “Xəzər SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq nəticədə sonuncu avtomobilə və sürücüsü X1 zərər dəymişdir. Suraxanı rayon DYPŞ-nin 30 yanvar 2021-ci il tarixli İXP3755664 nömrəli protokoluna əsasən baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh qanunvericiliyin tələbini pozaraq AR İnzibati-Xətalar Məcəlləsinin 327.6 (hadisə yerindən yayınma) və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 3(010)-272/2021 saylı qərarı ilə 327.8-ci (zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi) maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Xəzər SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 570 manat maddi zərər vurulmuşdur. Tibbi ekspert rəyində göstərilmişdir ki, X1 yüngül dərəcəli bədən xəsarəti dəymişdir. Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkən X1 dəyən zərərə görə 750 və “Xəzər SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 570 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, 25 dekabr 2020-ci il tarixdə saat 15:50 radələrində Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi ərazisində Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış “Tofaş Doğan” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunarkən “KHAZAR SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq nəticədə sonuncu avtomobilə və sürücüsü X1 zərər dəymişdir. Hadisə nəticəsində X1 yüngül dərəcəli bədən xəsarəti dəymişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “KHAZAR SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 570 manat maddi zərər vurulmuşdur. Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkən X1 dəyən zərərə görə 750 və “Xəzər SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 570 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Belə ki, Dövlət Sığorta Kommersiya Şirkəti iddianın hüquqi əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə, faktiki əsası kimi Cavabdeh sığorta hadisəsi zamanı hadisə yerindən yayınmasına istinad etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materiallarında olan Suraxanı rayon DYPŞ-nin 30 yanvar 2021-ci il tarixli İXP3755664 nömrəli protokoluna əsasən baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh qanunvericiliyin tələbini pozaraq AR İnzibati-Xətalar Məcəlləsinin 327.6 (hadisə yerindən yayınma) və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 3(010)- 272/2021 saylı qərarı ilə 327.8-ci (zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi) maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh sığorta hadisəsi zamanı zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirdiyinə və hadisə yerindən yayındığına görə iddiaçının sonuncuya qarşı suboqrasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən olundu ki, 25 dekabr 2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “KHAZAR SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilə və avtomobilin sürücüsü X3 dəymiş zərərə görə iddiaçı tərəfindən 1320 manat ödənilmiş, sığorta hadisəsi baş verərkən Cavabdeh törətdiyi nəqliyyat hadisəsindən sonra toqquşma yerindən yayındığından, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzini ödəməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 33.60 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, 33.60 manat dövlət rüsumu da Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə 1.320 manat məbləğində sığorta ödənişi və ödənilmiş 33.60 manat dövlət rüsumu alınaraq iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 1.320 (min üç yüz iyirmi) manat məbləğində sığorta ödənişi, ödənilmiş 33.60 (otuz üç manat altmış qəpik) manat dövlət rüsumu, cəmi 1.353,60 (min üç yüz əlli üç manat altmış qəpik) manat pul vəsaiti alınaraq iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar