Məhkəmə qərarları › İş №e-2(011)-974/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-974/2024

26.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-974/2024 26.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “sənədlərin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı “sənədlərin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı 16 saylı mənzili xx.xx.2014-cü il tarixli müqavilə əsasında almışdır və hal-hazırda ailəsi ilə birgə həmin mənzildə yaşayır. Cavabdeh MTK tərəfindən iddiaçıya mənzilin dəyərinin tam ödəməsi və borcunun olmaması barədə xx.xx.2014-cü il tarixdə maliyyə arayışı verilmişdir.

2. İddiaçı həmin mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Cavabdeh üzvlərinin ümumi yığıncağının qərarının surətini və binanın layihəsindən mənzilə dair hissədə plan-sxemini (çıxarışını) verilməsi barədə dəfələrlə kooperativin səlahiyyətli şəxslərinə yazılı və şifahi müraciətlər etsə də yazılı müraciətlərinin qəbulundan və tələb olunan sənədlərin verilməsindən imtina olunmuşdur. Belə ki, cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilərək müraciət ərizələrini qəbul etməkdən dolayısı ilə yayınmaqla həmin sənədləri iddiaçıya verməmişlər.

3. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpa olunması üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

İddiaçının tələbi:

4. Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı 16 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Cavabdeh üzvlərinin ümumi yığıncağının qərarının surətini və binanın layihəsindən mənzilə dair hissədə plan-sxemin (çıxarışın) iddiaçıya verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə X4 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış, reyestrdə 4Ə-517 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin yaratdığı hüquqi nəticələrin, yəni xx.xx.2022-ci il tarixdə hüquqlarının qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən “Arayış”, reyestr nömrəsi **********16-05301-093010, qeydiyyat nömrəsi: ********* olan “Çıxarış”ın ləğv edilməklə və Cavabdeh tərəfindən ünvan 2 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı 16 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Cavabdeh üzvlərinin ümumi yığıncağının qərarının surətinin, maliyyə arayışının və binanın layihəsindən mənzilə dair hissədə plan-sxemin (çıxarışın) iddiaçıya verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı 16 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Cavabdeh üzvlərinin ümumi yığıncağının qərarının surətinin, maliyyə arayışının və binanın layihəsindən mənzilə dair hissədə plansxemin (çıxarışın) iddiaçıya verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, cavabdeh qeyd etmişdir ki, 13 yanvar 2013-cü il tarixdə ünvan 3 ünvanında yerləşən yüksək mərtəbəli binanın 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı 22 saylı mənzil hazırki İddiaçı satılmışdır. 23 dekabr 2013-cü il tarixdə binanın 1 giriş (blok) 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı 16 saylı mənzil X1. İddiaçı məhkəmə qərarlarını icra edərək səhvliklə öz mənzilinə deyil, ünvan 3 ünvanında yerləşən yüksək mərtəbəli binanın 1 giriş (blok) 6-cı mərtəbəsində yerləşən X3 məxsus və onun tərəfindən təmir edilmiş 16 saylı, ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzilə qeyri-qanuni daxil olmuşdur. Hazırda cavabdeh iddiaçıya ümumi yığıncağın protokolunun verilməsinə etiraz etmir, lakin iddiaçı səhv mənzilə daxil olduğundan protokol mənzilin vicdanlı sahibinə təqdim edilmişdir. Bu səbəbdən də cavabdeh bir protokolun iki ayrı şəxsə təqdim edilməsini qeyri-mümkün hesab etmişdir. İşdə iştirak edən şəxslərin izahatları:

8. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı X9 öz izahatında bildirmişdir ki, icra məmurunun iştirakı ilə mənzilə daxil olmuşlar. Hal-hazırda onlar 6-cı mərtəbədə yaşayırlar. Mənzil 2022-ci ilin mart ayında ona təhvil verilmiş və iddiaçının istifadəsində ola-ola mənzil 2022-ci ilin may ayında cavabdeh MARS-A MTK tərəfindən Əhmədov Qoşqara satılmışdır. 8-ci mərtəbədə də hal-hazırda mənzillər iki ayrı şəxsə satılmışdır, mübahisələr davam etməkdədir. İddiaçının indiki vəziyyətdə tək istəyi öz yaşadığı mənzilə dair sənədləşdirmə işlərinin aparılması və çıxarışın əldə edilməsidir. Cavabdeh tərəflə aralarında məhkəmə mübahisələri olmuş, məhkəmə qərarları onun leyhinə qəbul edilmişdir.

9. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında qeyd etmişdir ki, mənzilə nömrənin verilməsi MARS-A MTK tərəfindən həyata keçirilir. Mənzilin nömrəsi ilə bağlı deyil, hazırki mülki iş iddiaçıya sənədlərin təqdim edilməsidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında qeyd etmişdir ki, iddiada dəqiqləşmə edilmiş, hazırda iddia tələbləri Cavabdeh üzvlərinin ümumi yığıncağının qərarının surətinin, maliyyə arayışının və binanın layihəsindən mənzilə dair hissədə plansxemin (çıxarışın) iddiaçıya verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasından ibarətdir. Faktiki olaraq iddiaçının istifadəsində olan mənzilin dövlət reyestrində qeydiyyata alınması üçün adıçəkilən sənədlərin iddiaçıya təhvil verilməsi olduqca vacibdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 öz izahatında qeyd etmişdir ki, ümumi yığıncağın protokolunun verilməsindən imtina etmir, lakin iddiaçı onun öz mənzilindən 2 mərtəbə aşağıda yerləşən başqa bir şəxsə məxsus mənzilə daxil olmuşdur. Əgər iddiaçı iddia tələbi ilə müraciət edərsə və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilərsə ümumi yığıncağın protokolu verilə bilər. Ümumi yığıncağın protokolu Mars-A MTK tərəfindən verilmir, bu prosedur olduqca çətindir, bina sakinlərindən 40-50 nəfərin imzası tələb edilir. Həmçinin, cavabdehin nümayəndəsi bildirmişdir ki, o, ümumi yığıncağın protokolunu Əhmədov Qoşqara təqdim etmişdir. Eyni mənzillə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur. Əhmədov Qoşqar 2022-ci ildə öz mənzilinə dair çıxarış əldə etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

11. İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqaviləyə əsasən Payçı - İddiaçı ona düşən 1-ci blok 8-ci mərtəbə 3 otaqlı tam sahəsi 140,3 kv.m olan mənzilin hər 1 kv.m üçün 750 manat olmaqla cəmi 105, 225 manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürmüşdür.

12. xx.xx.2014-cü il tarixli Kassa mədaxil orderinin qəbzinə əsasən İddiaçı 105, 225 ( yüş beş min iki yüz iyirmi beş) manat məbləğində pul vəsaitini Cavabdeh MTK-ya ödəmişdir.

13. xx.xx.2014-cü il tarixli Maliyyə arayışının surətinə əsasən ünvan 3 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş 8-ci mərtəbəsində yaşayış sahəsi 140,3 kv.m olan mənzilin dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir, onun MTK-ya heç bir borcu yoxdur.

14. 24 dekabr 2013-cü il tarixli 73P №li Cavabdeh MTK-nın Ümumi yığıncağının protokolundan çıxarışa əsasən, xx.xx.2013-cü il tarixdə X4 ərizə ilə müraciət edərək Cavabdeh MTK-nın ünvan 4 ünvanında inşa etdiyi 2 girişli 16 mərtəbəli yaşayış binasının 1 giriş(blok) 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, 16 saylı tam sahəsi 140,3 kv.m olan mənzilin dəyərini tam ödədiyindən Cavabdeh MTK-ya üzv və payçı kimi qəbul olunmağı xahiş etmişdir. Kooperativ üzvləri X4nun Cavabdeh MTK-ya üzv və payçı kimi qəbul olunmasına razılıq vermişlər.

15. MARS-A” MTK ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 140,3 kv.m, yaşayış sahəsi 83.15 kv.m, yardımçı sahəsi 57.15 kv.m olan 3 otaqlı mənzil Cavabdeh MTK tərəfindən X1.

16. xx.xx.2022-ci il tarixli Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışa əsasən, ünvan 6 ünvanında 6-cı mərtəbədə yerləşən 3 otaqlı ümumi sahəsi 140,3 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında X3 məxsusdur. Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 2706 nömrəli reyestr kitabının 252194 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır.

17. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1694/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh MTK-ya qarşı “əmlak” tələbi barədə iddiası təmin edilmiş, Cavabdeh MTK tərəfindən ünvan 3 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 giriş blok 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş və iddiaçının mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması qət edilmişdir.

18. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1545/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

19. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4132/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh MTK-ya və X6 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, ünvan 3 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 giriş blok 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzilə dair X7 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3867/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən hüquq və vəzifələrinə toxunan şəxs (üçüncü şəxs) X8 tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1694/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti, həmçinin iddiaçı Cavabdeh MTK tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1545/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1694/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1545/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-191/2023 nömrəli xx.xx.2023cü il tarixli qərarına əsasən Cavabdeh MTK-nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3867/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi Cavabdeh MTK-nın kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

22. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1389/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X4nun cavabdeh İddiaçı qarşı (MARS-A MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma və həmin mənzilə köçürülmə” tələbinə dair iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı ünvan 3 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 giriş blok yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı 16 saylı mənzildən çıxarılması, iddiaçı X4nun ünvan 3 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 giriş blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı 16 saylı mənzilə köçürülməsi qət edilmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2300/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1389/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X4nun cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı ona məxsus ünvan 3 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 blok giriş yaşayışının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı 16 saylı mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə iddia tələbi təmin edilməmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3333/2023 nömrəli xx.xx.2023cü il tarixli qərarına əsasən iddiaçı X4nun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2300/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

25. İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağın qərarının surəti və binanın layihəsindən mənzilə dair plan-sxemin (çıxarışın) ona verilməsi xahiş edilmişdir. (xx.xx.2023cü il tarixli poçt qəbzi)

26. xx.xx.2024-cü il tarixdə AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş sorğuya cavaba əsasən ünvan 6 ünvanında 6-cı mərtəbədə yerləşən 3 otaqlı ümumi sahəsi 140,3 kv.m olan mənzilin xüsusi mülkiyyət hüququ əsasında X3 məxsusluğunu təsdiq edən Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli Arayışın və xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin surəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir

Tətbiq edilən hüquq: 27.Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

28. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair İ Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsi (AR MM): 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsi Mənzil Məcəlləsi: 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənziltikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

31. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

32.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarı.

34. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir.

Məhkəmənin mövqeyi:

35. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

36. İşin qeyd edilən faktiki hallarından da göründüyü kimi, İddiaçı Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı 16 saylı mənzili xx.xx.2014cü il tarixli müqavilə əsasında almışdır və hal-hazırda ailəsi ilə birgə həmin mənzildə yaşayır. Cavabdeh MTK tərəfindən iddiaçıya mənzilin dəyərinin tam ödəməsi və borcunun olmaması barədə xx.xx.2014-cü il tarixdə maliyyə arayışı verilmişdir. Qeyd edilən hallar Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-191/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında (§21) da öz təsdiqini tapmışdır. Hazırda müqavilə üzrə tərəflər öhdəliklərini yerinə yetirmiş, Mənzil iddiaçıya təhvil verilmiş, Mənzilin dəyəri isə tam ödənilmişdir.

37. Tərəflər arasındakı mübahisə isə Mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün lazım olan sənədlərin ((Cavabdeh üzvlərinin ümumi yığıncağının qərarının surətinin, maliyyə arayışının və binanın layihəsindən mənzilə dair hissədə plansxemin (çıxarışın)) verilməsi ilə bağlıdır.

38. Cavabdeh həmin sənədlərin iddiaçıya verilməsindən imtina edir və imtinasının əsası kimi qeyd edir ki, 23 dekabr 2013-cü il tarixdə binanın 1 giriş (blok) 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı 16 saylı mənzil X2, iddiaçının tələb etdiyi sənədlər artıq həmin şəxsə verilmişdir.

39. Məhkəmə cavabdehin etirazının dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3333/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən , iddiaçı X4nun cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı ona məxsus ünvan 3 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 blok giriş yaşayışının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m olan 3 otaqlı 16 saylı mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə iddia tələbi təmin edilməmişdir. (§24) Cavabdehin istinad etdiyi hallarla bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və bu qərar məhkəmə üçün preyudisial əhəmiyyətə malikdir.

40. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən Cavabdeh üzvlərinin ümumi yığıncağının qərarının surətinin, maliyyə arayışının və binanın layihəsindən mənzilə dair hissədə plan-sxemin (çıxarışın) iddiaçıya verilməsini tələb etməkdə haqlıdır.

41. Belə ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

42. Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. (§32)

44. Qeyd edilən müddəadan və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən də aydın görünür ki, Mənzil Tikinti Kooperativlərinin payçılarının mənzilə dair sahiblik və istifadə hüquqlarının yaranması Kooperativ üzvünün pay haqqının tam ödənilməsi, sərəncam hüququnu yaranması üçün isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından asılıdır. Göründüyü kimi mənzildən istifadəyə görə ödənilməmiş kommunal borcun olması kooperativ üzvünün mənzillə bağlı hər hansı hüququnun məhdudlaşdırılmasına, yaxud hüququnun hayata keçirilməsinə hər hansı formada maneələr yaranması ilə nəticələnə bilməz.

45. İddiaçının isə mənzildən istifadə və sahiblik hüququnun yaranması işin mübahisəsiz halıdır.

46. Belə ki, AR MM-in 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Habelə, həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları hesab edilir.

47. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilə üzrə (§13) müəyyən edilmiş pay haqqını tam şəkildə ödədiyindən (§12), o cümlədən, yuxarıda qeyd edilən məhkəmə qərarlarına əsasən (§21, §24) mənzilə sahiblik və istifadə hüququ əldə etmişdir. O, qanunvericiliyin də müəyyən etdiyi (AR MM-in 157.8-ci maddəsi) mənada mənzilə dair əmlak hüquqlarına malik olduğundan faktiki olaraq mülkiyyətçi kimi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin 152.5-ci maddəsi).

48. Bundan başqa, Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.

49. Şərh edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbində göstərilən sənədləri cavabdeh iddiaçıya verməməklə iddiaçının Mənzilə dair mülkiyyət hüququnu əldə etmək üçün müəyyən hərəkətləri etmək (müvafiq sənədlərin dövlət orqanlarına təqdim etmək və s.) imkanını məhdudlaşdırmış olur ki, bu da nəticədə iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olur.

50. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır.

51. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbində göstərilən sənədlərin verilməsindən cavabdehin imtina etməsi iddiaçının Mənzilə dair mülkiyyət hüququnu əldə etməsini istisna edə biləcəyindən, eləcə də cavabdehin həmin hərəkətləri iddiaçının mülkiyyət hüquqularının pozulması ilə nətiəcələndiyindən iddia təmin edilməli, Cavabdeh tərəfindən ünvan 3 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı 16 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Cavabdeh üzvlərinin ümumi yığıncağının qərarının surəti, maliyyə arayışı və binanın layihəsindən mənzilə dair hissədə plan-sxemi (çıxarışı) Cavabdeh Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verməlidir.

Məhkəmə xərcləri:

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi tələbi olmadığından ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

1. İddia təmin edilsin. 2.Cavabdeh tərəfindən ünvan 3 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 giriş (blok) 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı 16 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Cavabdeh üzvlərinin ümumi yığıncağının qərarının surəti, maliyyə arayışı və binanın layihəsindən mənzilə dair hissədə plan-sxemi (çıxarışı) Cavabdeh Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilsin.

3. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar