Məhkəmə qərarları › İş №e-2(011)-990/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-990/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-990/2022 16.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı cavabdehlərdən müştərək olaraq 5565,00 manat məbləğində sığorta ödənişinin əvəzi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75,65 manat məbləğində pul vəsaitini iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ASC-yə məxsus Cavabdeh1 tərəfindən idarə olunan ** PB *** dövlət qeydiyyat nişanlı “Lada Vesta GFL33 X75” markalı avtonəqliyyat vasitəsi 16.09.2019-cu il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 08.02.2020-ci il tarixində Cavabdeh1 idarə etdiyi ** PB *** dövlət qeydiyyat nişanlı “Lada Vesta GFL33 X75” markalı avtonəqliyyat vasitəsi ilə ** UN *** dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Bundan başqa, qeyd edilən hadisə nəticəsində **-UN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C180” markalı avtonəqliyyat vasitəsinin sürücüsü X6 yüngül xəsarət almışdır. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş 27.02.2020-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata” əsasən, **- UN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C180” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 4 815,00 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 13.03.2020-ci il tarixli sığorta aktlarına əsasən 4 815,00 manat məbləğində sığorta ödənişinin zərərçəkənlərə ödənilməsi qərara alınmış və köçürmə yolu ilə həyata keçirilmişdir. Həmçinin **-UN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C180” markalı avtonəqliyyat vasitəsinin sürücüsü X2 yüngül xəsarət alması ilə bağlı 13.03.2020ci il tarixli sığorta aktına əsasən 750,00 manat məbləğində sığorta ödənişi zərər çəkən şəxsə ödənilmişdir. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuniəsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh1 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirilmişdi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi məhkəmə iclasında iddianı etiraf edərək, məhkəmədən dəymiş zərərin hissə-hissə ödənilməsi ilə bağlı qətnamənin qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 ASC-yə məxsus Cavabdeh1 idarə etdiyi **-BP-*** dövlət qeydiyyat nişanlı “LADA VESTA CFL33” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. 08.02.2020-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində X5 məxsus avtomobilə dəymiş ziyana görə 4815 manat və sağlamlığına dəymiş ziyana görə isə 750 manat məbləğində ziyan dəymişdir. Həmin ziyan "xxxx" ASC tərəfindən ödənilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətiin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilə halın təfərrüatları barədə Arayış”a əsasən 08.02.2020-ci il tarixində Cavabdeh1 idarə etdiyi **-PB-*** dövlət qeydiyyat nişanlı “LADA VESTA” markalı avtonəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və nəticədə toqquşma baş vermişdir. Bu hadisənin nəticəsində X1 yüngül zərər dəymişdir. Həmin şəxsə məxsus olan **-UN-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz” markalı avtonəqliyyat vasitəsinə də zərər vurulmuşdur. Hadisə baş verdiyi zaman Cavabdeh1 sərxoş olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Cavabdeh1oğlu tərəfindən **-PB-*** dövlət qeydiyyat nişanlı “LADA VESTA” markalı avtonəqliyyat vasitəsi ilə törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə 5565 manat iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş tələb etmə hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir. Hazırkı mülki işin hüquqi əsasını təşkil edən “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etdiyindəsığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: Həmin Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yuxarıda istinad edilən qanunvericilik aktı normalarının tələblərini nəzərə alaraq əsasən məhkəmə hesab edir ki, sığorta hadisəsi baş verdiyi zaman Cavabdeh1 sərxoş olduğuna görə, həmçinin sığorta hadisəsi nəticəsində 5565,00 manat məbləğində dəymiş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından "xxxx" ASC-nin Cavabdeh1ns qarşı subroqasiya hüququ yaranmışdır. Beləliklə də "xxxx" ASC-nin iddiası Cavabdeh1 münasibətdə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərclərə görə 75,65 manat və bank xidmət haqqında görə 0,40 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı Cavabdeh2 ASC-yə qarşı iddia qaldıraraq cavabdehdən sığorta ödənişinin subroqasiya qaydasında tutulmasını tələb etsə də, cavabdehin baş vermiş sığorta hadisəsində hər hansı təqsiri müəyyən edilmədiyindən, iddia Cavabdeh2 ASC-yə münasibətdə təmin edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 5565,00 (beş min beş yüz altmış beş) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75,65 (yetmiş beş manat altmış beş qəpik), bank xidmət haqqının əvəzi olaraq 0,40 (qırx qəpik) qəpik məbləğində pul vəsait tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar