Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-9949/2024 17.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı Cəmşid Naxçıvanski adına Hərbi Liseyinə qarşı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisinin 2-ci Kursant Taborunun kursantı 5-ci kursant bölüyünün kursantı İddiaçı Hərbi litseydən xaric olunması barədə həmin Liseyin rəisinin 23 oktyabr 2024-cü il tarixli 260 nömrəli əmrinin ləğv olunması İddiaçı Cəmşid Naxçıvanski adına Hərbi Liseyə bərpa olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul olunmasından imtina olunmalıdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisinin 23 oktyabr 2024-cü il tarixli 260 nömrəli əmrinin ləğv olunmasını tələb edir. AR MPM-yə görə mülki icraat qaydasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan, mülki, ailə əmək və s., habelə MPM-nin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə, eləcə də qanunla ümumi məhkəmələrin səlahiyyətlərinə aid edilən digər işlərə baxılır. İnzibati icraat qaydasında işlərə isə İPM-nin 2.2-ci maddəsində göstərilən mübahisələrə, həmin Məcəllənin 8-ci maddəsinin aidiyyətə dair tələbləri nəzərə alınmaqla, inzibati məhkəmələr tərəfindən baxılır. Odur ki, hazırki mübahisəyə mülki, yaxud inzibati icraat qaydasında baxılmasının daha dəqiq müəyyən edilməsi üçün mübahisənin tərəflərinin subyektiv tərkibinə və xarakterinə diqqət yetirilməlidir. Mübahsənin birinci tərəfi olan iddiaçı - hərbi qulluqçudur, o, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş və xx.xx.2024-cü il tarixədək 2-ci kursant taborunun 5-ci kursant bölüyünün 255-ci taqımın kursantı olmuşdur. İddiaçının hərbi qulluqçu statusu isə qanunvericilkdə təsbit edilmişdir. Belə ki, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 3cü bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Habelə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.9-cü bəndinə görə həqiqi hərbi xidmətdə olan şəxslər hərbi qulluqçular hesab oldunurlar. Həmin Qanunun 24-cü maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Yenə də həmin Qanunun 28.1.2-ci bəndinə əsasən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları həqiqi hərbi xidmət hərbi qulluqçuları hesab edilirlər. Mübahisənin ikinci tərəfi, cavabdeh isə AR Müdafiə Nazirliyinin sturukturuna daxil olan və onun tabeliyində olan xüsusi təhsil müəssisəsidir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarında inzibati orqanların təsnifatının 4.1.1-ci bəndində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin idarə, şöbə və xidmətlərinin inzibati orqanlar olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 avqust 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin 1.1-ci bəndində qeyd edilir ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı tam orta ümumtəhsil müəssisəsidir. Şərh edilənlərdən də göründüyü kimi, mübahisənin subyektləri hərbi qulluqçu və inzibati orqan statusuna malik olan Cəmşid Naxçıvanski adına Hərbi Liseydir. Məhkəmə qeyd edir ki, cavabdehin “İnzibati orqanların Təsnifatı”nda birbaşa göstərilməməsi, həm AR Müdafiə Nazirliyinin sturukturnda (tabeliyində) olması, həm də həmin inzibati orqanın hərbi təhsil siyasətinin yerinə yetirilməsi baxımından onu inzibati orqan statusundan kənarda saxlamır. Mübahisənin xarakterini düzgün müəyyən etmək üçün isə cavabdehin icra etdiyi fəaliyyətə diqqət yetirmək gərəkdir. Nizamnaməsinə əsasən cavabdehin fəaliyyətinin əsas məqsədi xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil almaq üçün namizədləri hazırlamaqdan ibarətdir. Sözü gedən əmr də, məhz cavabdehin yerinə yetirdiyi fəaliyyətin nizama salınması istiqamətlərindən biridir. Bundan başqa, həmin əmr, eyni zamanda cavabdehin diskresion səlahiyyətindən də irəli gəlir. Odur ki, iddiaçının ləğvini tələb etdiyi xx.xx.2024-cü il tarixli əmr xarakterinə görə, eləcə də inzibati orqanın fəaliyyətinin icrası xüsusiyyətindən irəli gələrək qəbul edilmiş inzibati aktdır. Qanun müəyyən edir ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (“İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi”). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. AR İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarında məhkəmə aidiyyəti ilə bağlı aşağıdakılar göstərilmişdir: “Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidi”. Həmin Qərarın 13 və 14-cü bəndlərində qeyd edilir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, ərizənin yolverilməzliyinə görə onun qəbul edilməsindən imtina olunmalı, ərizəçiyə mübahisəsinin həll olunması üçün inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1.-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cəmşid Naxçıvanski adına Hərbi Liseyinə qarşı “əmrin ləğv edilməsi” barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-9949/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-9949/2024
17.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver