Məhkəmə qərarları › İş №e-2(012)-101/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-101/2024

05.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-101/2024 05.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X1 iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçünü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə qanunsuz müdaxilələrin dayandırılması, maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılması və torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə qanunsuz müdaxilələrinin dayandırılması vəzifəsinin qoyulması, Cavabdeh maddi ziyana görə 1000 manat məbləğində, mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində, o cümlədən vəkillə bağlanmış müqaviləyə əsasən ödənilmiş 150 manat məbləğində pulun və ödənilmiş 37 manat məbləğində dövlət rüsumunun, cəmi 1687 manat pulun tutularaq ona ödənilməsi və eyni zamanda məhkəmənin gedişində yarana biləcək istənilən xərcin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı 19 iyun 2009-cu il tarixli, AN-İ №0187366 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X3 (xx.xx.1965) Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli, reyestri nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.16028 ha olan torpaqdan 0.03138959 ha torpağı əvəzi ödənilməklə almışdır. Qeyd olunan müqavilə Abşeron rayonu 1 saylı dövlət notariat kontorunda 19 iyun 2009-cu il tarixdə, 4Ə/864 nömrəsiylə reyestrdə qeydiyyata alınmışdır. Daha sonra iddiaçı həmin müqavilə əsasında qeyd olunan torpağa AR DƏDMH-nın Abşeron rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli, reyestri nömrəsi **********80, qeydiyyat nömrəsi ********** olan Çıxarış əldə etmişdir. Lakin bəzi səbəblərdən bir müddət iddiaçı həmin torpaq sahəsindən faktiki istifadə edə bilməmişdir. Hazırda isə qeyd etdiyi torpaq sahəsindən istifadəyə Cavabdeh adlı şəxs qanunsuz olaraq mane olur və əsassız olaraq bildirir ki, həmin ərazi cavabdehə məxsusdur. Yəni həmin torpaq sahəsinə qanunla müəyyən edilmiş heçbir mülkiyyət hüququ olmadan torpaq sahəsini müxtəlif üsullarla özbaşına tutaraq iddiaçıya mane olaraq istifadəsin imkan vermir. Dəfələrlə iddiaçı həmin ərazidə olmuş və hər dəfəsində də Cavabdeh və yanındaki şəxslərin müqaviməti ilə üzləşmişdir. Həmin ərazidə divarda iddiaçı özünə məxsus telefon nömrələrini yazmağına baxmayaraq Cavabdeh qanunsuz olaraq həmin nömrələrinin üzərini rəngləmiş və görünməyinə mane olmuşdur. Nəhayət məcbur qalıb bununla bağlı öncə “102” çağrı mərkəzinə, daha sonra Abşeron rayonu X8 müraciət etmişdir. Onlar da işi araşdırılması üçün aidiyyəti üzrə Saray qəsəbəsinin sahə rəisi Bədrəddin Fərzəliyevə göndərmişdirlər. Lakin təəssüf ki, X6 aparılan araşdırma da, heç bir hüquqi nəticə verməmiş və faktiki olaraq pozulmuş hüquqları bərpa olunmamışdır. Belə ki, hazırda iddiaçıya məxsus olan daşınmaz əmlakın dövlət reyestrindən reyestri nömrəsi **********80, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.03138959 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət üzrə iddiaçıya məxsus olmağına baxmayaraq, həmin torpaq sahəsindən faktiki olaraq istifadəsinə Cavabdeh tərəfindən imkan verilmir və özbaşına qadağa qoyulmuşdur. Onu da məhkəmənin nəzərinə çatdırır ki, torpaq sahəsinin plan ölçüdə göstərilən koordinatlar üzrə sərhədlərinin naturada dəqiq müəyyən edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək torpaq sahəsinə baxış zamanı həmin torpaq sahəsinin faktiki olaraq sərhədləri məlum olmuşdur. Həmçinin, həmin torpaq sahəsi açıq ərazidə yerləşir, yalnız iki tərəfdən qonşu hasarları ilə əhatə olunmuşdur, digər iki tərəfdən isə hasarsızdır. Üzərində hazırda heç bir təsərrüfat fəaliyyəti aparılmamışdır. Göründüyü kimi bu qanunsuz davranış Konstitusiyanın əsas prinsipi olan mülkiyyətin toxunulmazlığının kobud pozulmasıdır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən, mülkiyyət toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Cavabdeh məhkəməyə təqdim etdiyi çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi Cavabdeh 3/15 hissədə pay hüququ ilə məxsusdur. Əgər mübahisə torpaqla bağlı olsaydı, gərək həmin çıxarış əsasında sözügedən torpağa pay hüququ olan digər şəxsləri də cavabdeh qismində cəlb etməli idilər. Lakin iddia tələbinin əsası, yəni əsas mübahisə torpağa müdaxilə ilə bağlıdır. Cavabdeh müdaxilə etdiyi torpaq sahəsi ilə onun faktiki istifadə etdiyi torpaq sahəsi qonşu torpaqlar olsa da aralarında 50 metr məsafə vardır. Hazırki mübahisənin obyektiv həllinə nail olmaq üçün mülki iş üzrə təkrarən ekspertiza təyin edilməsinə baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının ekspertləri tərəfindən yenə də iş ilə bağlı rəy verilməmişdir. Belə ki, ekspertlər mübahisəli məsələ barədə araşdırma aparmamışlar. Bu səbəbdən onlar mütəxəssisə müraciət etmişlər və həmin mütəxəssis tərəfindən verilmiş rəyə əsasən iddiaçıya məxsus torpaq sahəsinin koordinatları ilə cavabdehə məxsus torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyü müəyyən edilmişdir. Hesab edir ki, mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrin qarşısının alınması Dövlətin əsas məqsədlərindən olduğundan cavabdehin qanunsuz və özbaşına hərəkətlərinə son qoyulmalıdır. Cavabdehin qanunsuz əməlləri nəticəsində, uzun müddətdir ki, iddiaçı özünə məxsus olan torpaqdan faktiki olaraq istifadə edə bilmir, yəni iddiaçı həmin əmlak üzərində sahiblikdən məhrum olmasaydı, bu müddət ərzində torpaq üzərində təsərrüfat işləri aparmaqla və ya torpağı icarəyə verməklə və yaxud digər hər hansı bir formada həmin torpaqdan gəlir əldə edə bilərdi. Buna görə də cavabdehdən iddiaçıya dəymiş maddi ziyana görə 1000 manat məbləğində kompensasiya tutularaq ödənilməlidir. Cavabdehin öhdəliklərinin icrasından yayınması nəticəsində iddiaçı faktiki olaraq maddi zərərə məruz qalmaqla yanaşı, eyni zamanda bunun nəticəsində daim əsəb və sarsıntı keçirmişdir və bu, iddiaçıda gərginliyin yaranmasına səbəb olmuşdur. Buna görə də, səhhətində problemlər əmələ gəlmişdir. Odur ki, cavabdehdən iddiaçıya dəymiş mənəvi ziyana görə 500 manat məbləğində kompensasiya tutularaq ödənilməlidir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etmədiyini, onun mülkiyyətində olan torpaq sahəsi ilə bağlı Dövlət Aktının mövcud olduğunu, Ərəstun adlı maklerin vaxtilə 1 torpaq sahəsini 3 şəxsə satdığını, makler və torpağı satmış şəxsin də işə cəlb edilməli olduğunu bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X4 xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş və ifadəsində bildirmişdir ki, hər iki tərəfə verilmiş çıxarışlar kənd təsərrüfatlı torpaqlara verilmiş çıxarışlardır. Pay torpaqlarında olan sürüşmələr dövlət akivləri koordinatları faktiki istifadə ilə verilmiş koordinatla üst-üstə düşmüşdür. “Pulkov 42” koordinat sistemindən VCS koordinat sisteminə keçilmişdir. Torpaq Komitəsinin vaxtında xəritə hazırlanırdı. İslahat gedən pay torpaqları bölünəcəkdir. 2006-cı ildən sonra alqı-satqılar olmuş və həmin yerdə 20 metr, 30 metr sürüşmələr əmələ gəlmişdir. Daha sonra növbəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH Seriyalı, ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,0313 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi, xx.xx.2009-cu il qeydiyyat tarixi ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,4274 ha torpaq sahəsi hüquq sahibi olan Cavabdeh adına **********13 reyestr nömrəsi, xx.xx.2022-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır və həmin əmlaka payı 3/15 hissədə müəyyən edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi, iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3-cü, 152.1-ci, 152.5-ci, 157.2-ci ,157.4-cü və 1115-ci maddələri təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: Mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İddiaçı tərəf mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə olunduğunu təsdiq edən mötəbər sübut təqdim etməmişdir, halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Məhkəmədə süburların tədqiqatı zamanı hal-hazırda iş materialları ilə cavabdehin mübahisə predmeti olan daşınmaz əmlaka müdaxilə etməklə mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüququnun məhdudlaşdırılmasına dəlalət edən hallar müəyyən edilməmiş,torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, obyektiv həqiqətə nail olmaqdan ötrü məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli, 2(012)-1910/2023 saylı qərardad ilə tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/8566 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-332/2-9258/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, AA 017563 saylı, xx.xx.2009-cu il tarixli, **********80 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli çıxarış əsasında) göstərilən torpaq sahəsinin koordinatları ilə Cavabdeh 3/15 hissədə pay hüququ ilə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********13 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış əsasında) göstərilən torpaq sahəsinin koordinatları elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi "Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-101/2024 saylı qərardadı ilə yenidən tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/4044 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 32/332/2-5616/24 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı tarixli, 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Saray qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddiaçı ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, Cavabdeh tərəfindən ona 1000 manat məbləğində maddi ziyan və 500 manat məbləğində mənəvi ziyan dəydiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında iddianın mənəvi ziyan hissəsi də əsaslandırılmamış, iddiaçının mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bundan əlavə iddia tələbinin vəkillə bağlanmış müqaviləyə əsasən ödənilmiş 150 manat məbləğində pulun, 37 manat məbləğində dövlət rüsumunun və eyni zamanda məhkəmənin gedişində yarana biləcək istənilən xərcin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən qeyd edilən xərclər iddiaçıya aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 29 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/8566 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat və 30 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/4044 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod- 210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılması və torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə qanunsuz müdaxilələrinin dayandırılması vəzifəsinin qoyulması, Cavabdeh maddi ziyana görə 1000 manat məbləğində, mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində, o cümlədən vəkillə bağlanmış müqaviləyə əsasən ödənilmiş 150 manat məbləğində pulun və ödənilmiş 37 manat məbləğində dövlət rüsumunun, cəmi 1687 manat pulun tutularaq ona ödənilməsi və eyni zamanda məhkəmənin gedişində yarana biləcək istənilən xərcin cavabdehdən tutulması barədə iddiası rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 29 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/8566 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat və 30 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/4044 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Vəkil ilə bağlanmış müqaviləyə əsasən ödənilmiş 150 manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 37 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar