Məhkəmə qərarları › İş №e-2(012)-1021/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1021/2024

02.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1021/2024 02.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İlk iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı borcun tutulması barədə ilkin, Cavabdeh İddiaçı İB-yə qarşı borcun silinməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 669,60 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 699,60 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Hökməli kəndində cavabdehin yaşadığı ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00457 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qaz sayğacından kənar, qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında İddiaçı İB-yə 669,60 manat məbləğində maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında İddiaçı İB MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəməyə ərizə ilə müraciət etmiş, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 669,60 manat məbləğində zərərin əvəzinin, 200,85 manat debitor borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 900,45 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı İB-yə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı İB tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 669,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Hökməli kəndində yaşayır. Uzun vaxtdır ki, yaşadığı ünvan təbii qazla təmin olunmuşdur. 2023-cü ilin oktyabr ayının qaz sərfiyyatı haqqında bildirişi ona verildikdə istifadə etdiyi qaz sərfiyyatından daha artıq 669,60 manat borc yarandığı məlum olmuşdur. Bakı Regional Qazın Satışı Departamentinə müraciət edərək qaz borcunun haradan və necə yarandığını soruşmuş, Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2023-cü il məktubu ilə borcun xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında yarandığı bildirilmişdir. Guya xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə dəymiş ziyanın hesablanmasına əsasən, 6696 m3 qeyri-qanuni şəkildə təbii qazın talanması faktı müəyyən olunmuşdur. Aktla yanaşı, abonent saldosu və maddi sübut kimi fotoşəkil göndərilmişdir. ******* nömrəli akt xx.xx.2020-ci ildə tərtib edilməsinə baxmayaraq ona bu haqda heç bir bildiriş gəlməmiş, akt onun tərəfindən imzalanmamışdır. Onun qaz sayğacına müdaxilə etməsi öz təsdiqini tapmır. İddiaçı müraciətə cavab olaraq göndərdiyi, aktın tərtib edilmə sahəsi kimi göstərilən fotoşəkil isə onun ünvanı deyil. Ümumiyyətlə elə bir ərazi haqqında heç bir təsəvvürə malik deyildir. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin olunmalıdır. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. O, ilkin iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı İB-nin nümayəndəsi iştirak etməmişdir. Bununla belə, Birliyin nümayəndəsi məhkəməyə ərizə göndərərək, onların iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, hər iki iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hər iki iddia qismən təmin edilməlidir. İş materiallarında olan istehlakçı Cavabdeh adına tərtib edilmiş Abşeron rayonu, Hökməli kəndində yerləşən evə aid abonent kodu **********00457 olan abonentin saldosundan görünür ki, 2023-cü ilin oktyabr ayına ümumi borc 870,45 manat təşkil edir, o cümlədən 2020-ci ilin iyun ayında akt üzrə 669,60 manat, sərfiyyat borcu 163,60 manat, ödəniş 144,70 manat, 2021-ci il üzrə sərfiyyat borcu 776,95 manat, yeni tarifə keçid 36,50 manat, ödəniş 641 manat, 2022-ci il üzrə sərfiyyat borcu 374,84 manat, yeni tarifə keçid 7,36 manat, ödəniş 243,50 manat, 2023-cü il oktyabr ayınadək olan müddət üzrə sərfiyyat borcu 40,80 manat, ödəniş 170 manat. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, abonent Cavabdeh yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evə (abonent kodu: **********00457) baxış keçirilən zaman sayğacdan kənar qaz xəttinə qoşulma faktının olduğu müəyyən olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamələrdən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən abonent Cavabdeh 6696 kub metr təbii qazı dəyəri ödənilmədən istehlak etmişdir. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən 2020-ci il ərzində 1 dəfə qaz xəttinə qeyri-qanuni qoşulma faktı olmuş və bu fakt xx.xx.2020-ci il tarixdə "Azəriqaz" İB əməkdaşları tərəfindən ******* saylı akt tərtib edilərək qeydə alınmışdır. Məhkəmə hesab edir ki, bu akt qanuni əsaslarla tərtib edilmişdir. Bununla belə, itirilmiş qazın həcmi hesablanarkən müəyyən qüsurlara yol verilmişdir. Belə ki, tərtib edilmiş tələbnamədə abonentin gün ərzində 24 saat ərzində qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, Cavabdeh Birliyə xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə 37,2 manat (3,1 x 4 x 30 = 372 kub.metr) məbləğində ziyan vurması məlum olur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evdə (abonent kodu: **********00457) sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə İddiaçı tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından, lakin buna baxmayaraq borc məbləğinin artmasına şərait yaradıldığından, eyni zamanda göstərilən dövr ərzində sayğacdan keçən və dəyəri ödənilməyən təbii qaz istehlak edildiyindən 37,2 manat borc abonent Cavabdeh düzgün tətbiq edilmişdir. İlkin iddianın bu hissədə 669,60 manat məbləğində qaldırılması nəzərə alındığında onun qismən, yəni 37,2 manat hissəsində təmin edilməsi məhkəmənin qənaətinə görə məqbuldur. Eləcə də, qarşılıqlı iddia 632,40 (669,60-37,2) manat hissədə əsaslıdır və bu məbləğdə təmin edilməlidir. Bundan başqa, işdə olan mötəbər sübutlardan görünür ki, abonentin qaz sərfiyyatına görə cəmi 200,85 manat debitor borcu mövcuddur. Bu borc istehlak edilmiş təbii qazın dəyəri olduğundan həmin vəsait Cavabdeh tutulub İddiaçı İB-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi ilkin iddia üzrə cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh (abonent kodu: **********00457) təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 37,2 manat, debitor borca görə 200,85 manat və dövlət rüsumu üçün 15 manat pul tutularaq İddiaçı hesabına ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evə aid qaz sayğacına (abonent kodu: **********00457) dair hesablanmış 632,40 manat borc silinsin. İlkin iddia və qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar