Məhkəmə qərarları › İş №e-2(012)-1108/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1108/2022

18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1108/2022 18.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Günay sığorta ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Günay sığorta ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 230 manat sığorta ödənişi və 30.40 manat ödənilmiş dövlət rüsumu əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 24 oktyabr 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “İsuzu Saz NP37” markalı ** TK *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 13 sentyabr 2021-ci il tarixdə Abşeron rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Daewoo Gentra” markalı ** LC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Abşeron rayon X15 Şöbəsinin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh hadisə yerindən qaçmışdır. Zərərçəkənə avtomobilin zədələnməsi ilə bağlı 230 manat sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə ödənilmiş sığorta ödənişi məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı Günay sığorta ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəyə əsasən iddiaçı bütün məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilib işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək, mülki iş üzrə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1745 saylı rəyi ilə razı olduğunu göstərmişdir. Məhkəmə cavabdehin izahatını dilnəyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2017-ci il tarixli ƏN-İV 121539 saylı etibarnamənin surətindən görünür ki, X11 ona məxsus olan Daewoo Gentra markalı, ** LC *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsini X2 xx.xx.2023-cü il tarixədək etibar etmişdir. -xx.xx.2021-ci il tarixli PGU-213665 saylı sığorta ödənişi aktından görünür ki, Günay sığorta ASC-də PGU********** saylı sığorta şəhadətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 55000 manat dəyərində sığortalanmış X4 məxsus Saz NP37 markalı, ** TK *** qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs X5 tərəfindən idarə olunmuş Daewoo Gentra ** LC *** markalı, ** LC *** qeydiyyat nişanlı avtomobilə 230 manat ziyan dəymiş və sığorta ödənişi məbləği olaraq 230 manat pul vəsaitinin X1 yolu ilə ödənilməsi qərara alınmışdır. -xx.xx.2021-ci il tarixli 106769 saylı ödəniş tapşırığından görünür ki, Günay sığorta ASC tərəfindən X6 hesabına PGU-3393/021 saylı sığorta ödənişi olaraq 230 manat köçürülmüşdür. -İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, Günay sığorta ASC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək standart növündə sığortalanmış sığortalı X4 məxsus Saz NP37 markalı, ** TK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta haqqı 150 manat, bonus-malus əmsalı 0.75 olmaqla yekun sığorta haqqı 112.5 manat dəyərində sığortalanmışdır. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Abşeron DYP bildirir ki, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, X9 mülkiyyətində olan, hadisə baş verən anda ayıq vəziyyətində olmuş Cavabdeh tərəfindən idarə olunmuş Saz NP37 markalı, ** TK *** qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətində olan və etibarnamə əsasında sürücü X5 tərəfindən idarə olunmuş Daewoo Gentra ** LC *** markalı, ** LC *** minik markalı avtomobillə toqquşmuş və avtomobilə zərər dəymişdir. -İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində Saz NP37 markalı, ** TK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkət qaydalarını pozmuş və hadisə yerindən yayındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək 100 manat dəyərində cərimə olunmuşdur. -xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, Daewoo Gentra markalı ** LC *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 230 manat hesablanmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Əliyev X12 rayonu Saray qəsəbə ərazi dairəsi Saray qəsəbəsi 40 saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1745 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Daewoo” markalı, ** LC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 230,0 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 70,0 manat; təmir-bərpa işlərinin qiyməti - 160,0 manat. Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi”nə dair metodik vəsaitdən istifadə edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 34-cü maddəsinə əsasən, sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Günay sığorta ASC-də icbari sığorta növündə sığortalanmış X3 mülkiyyətində olan, hadisə baş verən anda Saz NP37 markalı ** TK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş Cavabdeh tərəfindən nəqliyyat vasitəsi idarə edilən zaman xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X6 mülkiyyətində olan, hadisə baş verən zaman etibarnamə əsasında X5 tərəfindən idarə olunmuş Daewoo Gentra markalı ** LC *** qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və sonuncu avtomobilə 230 manat zərər dəymişdir. İddiaçı tərəfindən təqdim olunmuş qüsur aktından göründüyü kimi, avtomobilə dəymiş zərərin məbləği 230 manat müəyyən edilmişdir ki, iddiaçı Günay sığorta ASC qeyd olunan sığorta ödənişinin subroqasiya qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Cavabdeh yol hərəkət qaydalarını pozması nəticəsində X6 mülkiyyətində olan, hadisə baş verən zaman etibarnamə əsasında X5 tərəfindən idarə olunmuş Daewoo Gentra markalı ** LC *** qeydiyyat nişanlı avtomobilə maddi ziyanın dəyməsi və cavabdehin hadisə yerindən yayınması müəyyən edilmiş, nəticədə, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinin tələblərinə əsasən, təqsirli bilinmişdir. İcbari Sığortalar haqqında Qanunun: 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 63.1. maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Ona görə də iddiaçının subroqasiya hüququ əsasında sığorta ödənişini cavabdehdən tələb etməsi əsaslıdır və haqlıdır. Məhkəmə ekspert rəyini iddia tələbi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, baş vermiş yol nəqliyyat hadisəsində Daewoo Gentra markalı ** LC *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iddiaçı tərəfindən dəymiş zərər olaraq 230 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirib, əsas sübut növü kimi qəbul edir, cavabdehin ekspert rəyini qəbul etməsinə dair etirafını nəzərə alaraq cəmi 230 manat pul vəsaitinin tutulmasını daha ədalətli, qanunauyğun hesab edir və cavabdehdən subroqasiya qaydasında sığorta ödənişini tələb etmək hüququna malik olan iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər olaraq 230 manat sığorta ödənişi Cavabdeh subroqasiya qaydasında tutularaq iddiaçı Günay sığorta ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat pul vəsaiti isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 230 (iki yüz otuz) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 30.40 (otuz manat qırx qəpik) manat olmaqla cəmi 260.40 (iki yüz altmış manat qırx qəpik) manat pul vəsaiti subroqasiya qaydasında tutularaq iddiaçı Günay sığorta ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat pul vəsaiti Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar