Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-111/2023 19.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 542,47 manat sığorta ödənişinin, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** NN *** dövlət qeydiyyat nişanlı Lada 21214 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” üzrə sığortalanmış ** RP *** dövlət qeydiyyat nişanlı Hyundai i20 markalı avtonəqliyyat vasitəsilə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmış və sürücü Cavabdeh təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** RP *** dövlət qeydiyyat nişanlı Hyundai i20 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 4705,44 manat təmir edildiyindən əlavə xərc (ƏDV) 846,98 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 5 452,42 (beş min dörd yüz əlli iki manat qırx iki qəpik) manat məbləğində sığorta ödənişinin "xxxx" MMC -nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Sonradan sığortalı tərəfindən 100,00 manat şirkətə ödənilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 4909,95 (dörd min doqquz yüz doqquz manat doxsan beş qəpik) manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Sığorta tərəfindən cavabdehə qalıq məbləğ olan 542,47 (beş yüz qırx iki manat qırx yeddi qəpik) manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı "xxxx" ASC-nin məhkəmənin elektron sisteminə xx.xx.2023-cü il tarixdə ərizə ünvanlayaraq, məhkəmə iclasını onların iştirakı olmadan keçirib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizəyə qoşulmuş iddiaçı "xxxx" ASC tərəfindən verilmiş etirazdan görünür ki, iş üzrə verilmiş ekspert rəyi ilə razı deyildir. Belə ki, dəymiş zərərlə bağlı sığortalıya dəymiş zərərin məbləği barədə məlumat verilmiş, lakin zərərçəkən təyin olunan zərər məbləği ilə razı olmadığından sığortalı nəqliyyat vasitəsi təmirə yönəldilmişdir. Tərəflərindən sığortalı nəqliyyat vasitəsi təmir mərkəzində təmir olunmuşdur. İş materiallarından da göründüyü kimi təmir xərcləri "Auto Azərbaycan” MMC-yə elektron formada köçürülmüşdür. "Auto Azərbaycan” MMC-yə təmir xərclərinin köçürülməsi zamanı dövlət tərəfindən müəyyən olunmuş ƏDV (əlavə dəyər vergisi) tərəfimizdən ödənilmişdir. Lakin, bu hal rəydə qiymətləndirilməmişdir. Bundan başqa, ekspert dəqiq, hərtərəfli araşdırma aparmadan yalnız təmir mərkəzi tərəfindən verilmiş qiymətlərə köhnəlmə tətbiq edilməklə zərər müəyyən etmişdir, ancaq köhnəlmə tətbiq edilən detalların yenisinin hansı qiymətə olduğunu qeyd etməmişdir. Həmçinin rəyin qeyd hissəsində ekspert tərəfindən əlavə olaraq bildirilmişdir: “Avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir”. Burdan da görə bilərik ki, rəy dolğun deyildir və qeyri-müəyyənlik vardır. Bu halda ekspertizanın rəyi məhkəmə üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Odur ki, yekun məhkəmə aktı çıxarılan zaman ekspertizanın rəyini sübut kimi qiymətləndirmədən iddia ərizəsinə əlavə olunmuş sübutları qiymətləndirərək yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2019-cu il tarixli Təhvil-Təslim Aktından görünür ki, 25 yanvar 2019-cu il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış ** PR *** dövlət qeydiyyat nişanlı «Hyundai İ20» markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 5552,42 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmamazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır. - “Auto Azərbaycan MMC tərəfindən verilmiş Hesab-Fakturadan görünür ki, «Hyundai İ20» markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 5552,42 manat təşkil edir. -xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC-də C-MİC-3003/2018 saylı sığorta şəhadətnaməsinə əsasən, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək azadolma məbləği 100 manat çıxılmaqla 12000 manat dəyərində sığortalanmış «Hyundai İ20» markalı, ** PR *** dövlət qeydiyyat avtomobilə xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Hökməli-Qobu yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 5552,42 manat ziyan dəymiş, həmin məbləğ avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüş, sığortalı tərəfindən şərtsiz azadolma məbləği ödənilmişdir. - "xxxx" tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixdə göndərilmiş sığorta ödənişinin verilməsindən imtina olunmasına dair bildirişdən görünür ki, cəmiyyətdə sığortalı olan “Lada 21214” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh əməlində inzibati xətanın olmaması və nəticədə mülki məsuliyyətinin yaranmaması səbəbindən hər hansı bir sığorta ödənişinin verilməsi mümkün deyildir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Paşa Bank” ASC tərəfindən "xxxx" MMC-yə 5552.42 manat sığorta ödənişi edilmişdir. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Abşeron RPİ-nin TŞ-si bildirir ki, xx.xx.2020-ci il tarixdə saat 13:00-da Hökməli- Qobu yolunda yol-nəqliyyat hadisəsi baş vermiş, X2 mülkiyyətində olan, hadisə baş verən anda qüvvədə olan etibarnamə əsasında Cavabdeh tərəfindən idarə olunmuş «Lada 21214» minik markalı ** NN *** qeydiyyat nişanlı avtomobil “Auto Azərbaycan MMC”-nin mülkiyyətində olan, hadisə baş verən anda etibarnamə əsasında X3 tərəfindən idarə olunmuş «Hyundai İ20» markalı, ** PR *** qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncu avtomobilə zərər dəymişdir. - xx.xx.2021-ci il tarixli Sığorta ödənişi ilə bağlı aktdan görünür ki, X4 mülkiyyətində olan “Lada 21214” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018xx.xx.2019-cu il tarixlərdə "xxxx" ASC-də 55000 manat məbləğində sığorta edilmiş, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu Hökməli-Qobu yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xx.xx.2021-ci il tarixinə dəymiş zərər 4909.95 manat müəyyən edilmiş, zərər çəkən şəxs X1 "xxxx" ASC tərəfindən 4909.95 manat sığorta ödənişi edilmişdir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3815 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı “Hyundai İ20” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3906,0 manat müəyyən edilir. Qeyd edilir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, “Hyundai İ20” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı dartıcının bərpası məqsədiilə zədələnmiş hissələrin (dəyişməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(012)-111/2023 nömrəli mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli qüsur aktı əsasında hesablanır. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 34-cü maddəsinə əsasən, sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən idarə olunan ** NN *** dövlət qeydiyyat nişanlı Lada 21214 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” üzrə sığortalanmış ** RP *** dövlət qeydiyyat nişanlı Hyundai i20 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** RP *** dövlət qeydiyyat nişanlı Hyundai i20 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 4705,44 manat təmir edildiyindən əlavə xərc (ƏDV) 846,98 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 5 452,42 (beş min dörd yüz əlli iki manat qırx iki qəpik) manat məbləğində sığorta ödənişinin "xxxx" MMC -nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Sonradan sığortalı tərəfindən 100,00 manat şirkətə ödənilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 4909,95 (dörd min doqquz yüz doqquz manat doxsan beş qəpik) manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Sığorta tərəfindən cavabdehə qalıq məbləğ olan 542,47 (beş yüz qırx iki manat qırx yeddi qəpik) manat məbləğində vəsaitin "xxxx" ASCnin bank hesabına ödənilməsi barədə müvafiq bildiriş göndərilmiş lakin, cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Odur ki, hazırda iddiaçı sığorta ödənişi məbləğinin subroqasiya qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə ekspert rəyini iddia tələbi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, baş vermiş yol nəqliyyat hadisəsində 2009-cu il buraxılışlı “Hyundai İ20” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iddiaçı tərəfindən dəymiş zərər olaraq 5552,42 manat 100 manat azadolma məbləği çıxılmaqla 5452,42 manat hesablanmış və həmin sığorta ödənişi məbləğinin 4909,95 manat dəymiş zərər hissəsi cavabdehə məxsus nəqliyyat vasitəsinin icbari sığorta olunduğu "xxxx" ASC tərəfindən ödənilmişdir. Hazırda, iddiaçı qalıq qalmış 542,47 manat dəymiş ziyan məbləğini cavabdehdən tələb etsə də, məhkəmə həmin ödənişlə bağlı qeyd edir ki, cavabdehin iddiaçı qarşısında borc öhdəliyinin yaranmadığı müəyyən olunmuşdur. Belə ki, məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, qiymətləndirərək sübut növü kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, həmin ekspert rəyi əsasında ümumi ziyan məbləği sadə riyazi hesablama yolu ilə hesablandıqda 3906 manatın əlavə dəyər vergisi (3906x18:100=703.08) 703.08 manat məbləğində hesablanmaqla ziyan məbləği (3906+703,08=4609,08) 4609,08 manat edir ki, həmin məbləğdən də 100 manat azadolma çıxıldıqda 4509.08 manat ziyan məbləği olması müəyyən olunur. Göründüyü kimi, cavabdehin avtomobili sığortalı olunduğu üçün "xxxx" ASC tərəfindən 5452,42 manat dəymiş ziyan ödənişi ödənilmiş, mülki hüquq pozuntusunu törədən Cavabdeh sığortaçısı "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 4909,95 (dörd min doqquz yüz doqquz manat doxsan beş qəpik) manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir ki, həmin məbləğ ekspert rəyi ilə müəyyən edilmiş ziyan məbləği olan 4509.08 manat pul məbləğindən çox olduğundan iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu və mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:
İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti iddiaçı "xxxx" ASCdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov