Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1114/2022 25.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin təmir edilməsi üçün çəkilmiş xərcin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin təmir edilməsi üçün çəkilmiş xərcin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, ev 2, 27 nömrəli mənzilin təmir edilməsi üçün onun tərəfindən sərf edilmiş 25.000 manat məbləğində pulun, ona hədiyyə edilmiş dəyəri 500 manat təşkil edən bir ədəd nişan üzüyü və dəyəri 500 manat təşkil edən bir ədəd 3 qaşlı üzüyün, eləcədə məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 168 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi və pulun ödənilməsi ilə onun həmin mənzildən çıxarılması barədə Abşeron rayon Məhkəməsinin 2(012)-5776/2021 saylı 10.11.2021-ci il tarixli qətnaməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə etdi və izahat verərək bildirdi ki, İddiaçı Cavabdeh oğlu X2 ilə 24.05.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikahları Rusiya Federasiyasında qeydə alınmışdır. Birgə nikahlarından 13.09.2011-ci il tarixdə X7 adlı övladları dünyaya gəlmişdir. Nikaha daxil olduqdan sonra onlar bir müddət Rusiya Federasiyasında yaşamışlar. Rusiya Federasiyasında yaşadıqları dövr, yəni 2010-2013-cü illər ərzində iddiaçı cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, ev 2, 27 nömrəli mənzilin təmir edilməsi üçün ümumilikdə 25.000 manat məbləğində pul sərf etmişdir. Belə ki, onların arasında gəlin-qaynana münasibəti olduğundan həmin evdə yataq otağı və qonaq otağı iddiaçı tərəfindən tam təmir edilmiş, digər otaqlarda qırmızı kərpiclə hörgü işləri aparılmış, suvaq işləri gördürülmüş, mətbəxin pəncərəsi plastik materialdan yenidən düzəldilmiş, eyvanda yer örtüyü metlaxla əvəz olunmuş və kombi sistemi quraşdırılmışdır. 2019-cu ildə iddiaçı ilə cavabdehin arasında olan qohumluq münasibətləri pozulmağa başlamış və aralarında mübahisələr yaranmışdır. Bundan sonra cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanından məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-5776/2021 saylı 10.11.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ünvan 1 ünvanından məcburi çıxarılması qət edilmişdir. Hazırda həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bundan başqa, iddiaçıya hədiyyə edilmiş bir ədəd nişan üzüyü və bir ədəd qaşlı üzük cavabdeh tərəfindən götürülmüş və iddiaçıya geri qaytarılmamışdır. Həmin üzüklərin qiyməti cəmi olaraq 1.000 manat təşkil edir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdeh tərəf iddiaçının mövqeyi ilə razı deyildir. İddia tələbi əsassız olduğu və görülən təmir işlərinin cavabdeh tərəfindən edildiyini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, fəhlə işləyir. İddiaçı ilə qohumluq əlaqələri var. İddiaçın əri Moskvada olanda ona evi təmir etməsini tapşırmışdır. Ona haqqıını, materialların pulunu iddiaçının qaynı verirdi ki, həmin pulu Rusiyadan iddiaçı ilə əri göndərirdi. Həmin mənzildə alçipan işi, 2 otaq 1 mətbəx malyar işi qapı pəncərə işi görmüşdür. Həmin vaxtlar iddiaçının cavabdeh ilə münasibətləri yaxşı idi. Mənzilin təmirində iddiaçı ilə məsləhətləşib edirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, qonşudurlar. Yaxın qonşuluq münasibətləri var. İddiaçı telefonla danışarkən evi təmir etdirdiklərini bildirmişdi. Təmir xərclərin iddiaçı və əri Rusiyadan göndərirdi. İddiaçının qaynı pulu götürüb təmirə xərcləyirdi. Cavabdeh ona mənzilin hansı hissələrin təmir etdiklərini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, hər iki tərəfi tanıyır. Mənzilin təmir olunmasının şahidi olmuşdur. Qeyd etdi ki, iddiaçı gəlin gələndə mənzil təmirli olmamış, sonradan təmir etdirmişlər. Amma kimin təmir etdiyi ona məlum deyil. Məhkəmə, iddiaçının vəkili və nümayəndəsinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Abşeron rayonu Ceyranbatan qəsəbəsi 10.11.2021-ci il tarixli 500 nömrəli arayışdan görünür ki, İddiaçı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, ev 2, 27 nömrəli mənzildə yaşayır. Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25.10.2014-cü il tarixli AZ-İİİ № 419657 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 13.09.2011-ci il tarixdə doğulmuş, atası X2, anası İddiaçıdır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə İddiaçı arasında 24.05.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Abşeron rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli, 2(012)-5776/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı ünvan 1 ünvanından məcburi çıxarılması qət edilmişdir. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 22.12.2021-ci il tarixli arayışdan görünür ki, Ağayeva X4 rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, ev 2, mənzil 27 ünvanında qeydiyyatdadır. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh oğlu X2 ilə 24.05.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 13.09.2011-ci il tarixdə Yusif adlı övladları dünyaya gəlmişdir. Nikaha daxil olduqdan sonra onlar bir müddət Rusiya Federasiyasında yaşamışlar. Rusiya Federasiyasında yaşadıqları dövr, yəni 2010-2013-cü illər ərzində iddiaçı cavabdehə mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsi, ev 2, 27 nömrəli mənzilin təmir edilməsi üçün ümumilikdə 25.000 manat məbləğində pul sərf etmişdir. Sonradan İddiaçı ilə cavabdeh arasında olan qohumluq münasibətləri pozulmağa başlamış və aralarında mübahisələr yaranmışdır. Abşeron rayon Məhkəməsinin 2(012)- 5776/2021 saylı 10.11.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ünvan 1 ünvanından məcburi çıxarılması qət edilmişdir. Bundan başqa, iddiaçıya hədiyyə edilmiş qiyməti cəmi 1.000 manat təşkil edən bir ədəd nişan üzüyü və bir ədəd qaşlı üzük cavabdeh tərəfindən götürülmüş və iddiaçıya geri qaytarılmamışdır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin təklif etməsinə və cavabdeh tərəfin mübahisələndirməsinə baxmayaraq, sübutetmə yükü üzərinə düşən iddiaçı iddia tələbi ilə əlaqədar sübutları nə məhkəmənin hazırlıq iclasında, nə də məhkəmə baxışında belə məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilin təmir edilməsi üçün çəkilmiş xərcin ödənilməsinə dair iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyinə görə məhkəmə iddiaçı tərəfindən ödənilmiş 168 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilin təmir edilməsi üçün çəkilmiş xərcin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 168 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-1114/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1114/2022
25.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver