Məhkəmə qərarları › İş №e-2(012)-1256/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1256/2023

12.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1256/2023 12.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, ödənilməmiş icarə pulunun, kommunal haqlarının, əsassız götürürlmüş məişət əşyalarının dəyərinin məcburi alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 may 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, ödənilməmiş icarə pulunun, kommunal haqlarının, əsassız götürürlmüş məişət əşyalarının dəyərinin məcburi alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 fevral 2022-ci il tarixdə 51 saylı notariat ofisində reyestr 3M-223 nömrə ilə rəsmiləşdirilmiş icarə müqaviləsinin ləğv edilməsi və Cavabdeh üç aylıq icarə haqqı olan 1200 manat, istifadə edilmiş elektrik enerjisi pulu 50 manat, istilik sistemindən istifadə haqqı 112 manat 50 qəpik, icazəsiz apardığı kondisioner pultu 20 manat, icazəsiz apardığı 80 manatlıq çay dəcgahı “TEFAL”, qab-qaşıq, işıq lampaları 50 manat, reklam şiti 150 manat olmaqla cəmi 1662 manat 50 qəpik pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh 4 ay,18 günün aylıq icarə haqqı olan 1840 manat, istifadə edilmiş elektrik enerjisi pulu 50 manat, istilik sistemindən istifadə haqqı 112 manat 50 qəpik, icazəsiz apardığı kondisioner pultu 20 manat, icazəsiz apardığı 80 manatlıq çay dəcgahı “TEFAL”, qab-qaşıq, işıq lampaları 50 manat, reklam şiti 150 manat olmaqla cəmi 2302 manat 50 qəpik pulun alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi. B, 24 ünvanda yerləşən, ümumi sahəsi 131,7 kv.m. olan qeyri-yaşayış sahəsini xx.xx.2022-ci il tarixdə notarial qaydada rəsmi müqavilə bağlanılaraq Cavabdeh icarəyə vermişdir. Cavabdehin və şahidlərin iştirakı ilə qarşılıqlı akt tərtib olunmuş və icarə obyekti olan 131,7 kv.m. qeyriyaşayış sahəsi ləvazimatları ilə (məişət əşyaları, elektrik avadanlıqları və sairə) ilə birgə cavabdehə tam təhvil verilmişdir. Müqavilə bir il müddətinə bağlanılmışdır, cavabdeh müqaviləyə əsasən hər ayın əvvəlində icarə haqqını ödəməlidir. Eyni zamanda, müqaviləyə əsasən icarə obyektinin kommunal haqları – işıq, qaz, su, istilik, telefon, internet cavabdeh tərəfindən ödənilməlidir. Lakin aralarında müqavilə bağlanılmasına, cavabdeh icarə obyektindən istifadə etməsinə baxmayaraq müxtəlif bəhanələrlə icarə pulunu ödəməkdən yayınmış, sonralar isə iddiaçıya məxsus bəzi əşyaları da icazəsiz götürərək, ona məlumat vermədən obyektdən çıxıb getmiş, iddiaçıya qeyd edilən ziyanı vurmuşdur. Məhkəmə hazırlıq iclasında İddiaçı iş üzrə əsil iddiaçı kimi işə cəlb edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında cavabdeh iddianı qəbul etmədi və izahatında bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi. B, 24 ünvanda yerləşən, ümumi sahəsi 131,7 kv.m. olan qeyri-yaşayış sahəsini xx.xx.2022-ci il tarixdə notarial qaydada rəsmi icarə müqaviləsi bağlanaraq onun icarəsinə vermişdir. xx.xx.2022-ci tarixdə isə müqavilə ləğv olunmuşdur. Cəmisi iki ay həmin obyektdən faktiki istifadə etmişdir. Əslində icarə haqqı 1400 ödəyirdi, müqavilədə isə 400 manat yazdırmışdılar. Cəmisi 2800 manat icarə haqqı ödəyib, onun 1200 manatının çeki var, məhkəməyə verib, 1600 manatın daha əvvəl ödəyib. Elektrik enerjisindən istifadə üzrə ödəniş edib, qəbzi var, icarə haqqı borcu yoxdur, istilik sistemindən istifadə haqqı 112 manat 50 qəpik borcu var onu qəbul edir, kondisioner pultunu aparmayıb çay dəsgahı “TEFAL”, qab-qaşıq, işıq lampalarını qəbul etmir, aparmayıb, çaynik xarab olmuşdu, reklam şiti olub, çıxarıb kimsə aparıb. Cavabdeh məhkəmənin sonrakı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 51 saylı Notariat ofisində təsdiq olunmuş 01 fevral 2022-ci il tarixli İcarə müqaviləsindən müəyyən edilir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi. B, 24 ünvanda yerləşən, ümumi sahəsi 131,7 kv.m. olan qeyri-yaşayış sahəsini xx.xx.2027-ci il tarixədək aylıq 400 manat icarə haqqı ödəmək şərti ilə Cavabdeh icarəyə vermişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci tarixli müqavilədən görünür ki, Bakı şəhəri, 51 saylı Notariat ofisində təsdiq olunmuş ƏM-223 reyestr nömrəli 01 fevral 2022-ci il tarixli İcarə müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Nümayəndə tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, cavabdehdən icarə müqaviləsinin ləğv edilməsi və 1660 manat 50 qəpik pulun ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan Nümayəndə, X2 və Cavabdeh arasında tərtib olunmuş aktın surətindən görünür ki, Binəqədi rayonu, Əcəmi ünvan 2 ünvanında olan obyekti içindəki avadanlıqlarla birlikdə təhvil vermişdir. Cavabdeh obyektdən çıxanda təhvil verdiyi avadanlıqları olduğu kimi təhvil verəcək. Obyektdə olan əşyaların siyahısı: hamam aksesuarları- işlək, ariston işlək, şkaf güzgülü-3 əd (göy rəng 1, karişni 1 əd) ağ 1 əd), şkaf güzgüsüz 3 ədəd (ağ rəngdə 2 əd, qırmızı 1 əd), şkaf paltar üçün ( qırmızı 1 əd, sarı 1 əd), mətbəx mebeli (aşağı hissəsi, yuxarı hissəsi 1 əd göy rəng, qaz pilətəsi 1 əd, soyuducu 1 əd işlək, stul qırmızı 4 əd+3əd, 1 əd plastmas tabletka, qabaq stol 1 əd (qırmızı rəng) qaz balonu 1 əd, zibil qabı 3 əd tefal dəst 1 əd, çaynik 1 əd, 6 stəkan və nəlbəki xrustal, 3 əd çaşka, qənd qabı 3 əd, bıçaq və qaşıqlar, stul (qara) – 10 əd + 2 əd = 12 əd+3 ədsonra gətirdim, ofis stolu 8 əd (3 əd sarı balaca, 4 əd qırmızı böyük, 1 əd göy balaca), şüşə stol 1 əd+1 əd jurnalnı+ 1əd 2 güzgülü şüşə stol, resepşn stolu 1 əd (sarı rəng 2 tumbası ilə), kreslo 5 ədəd, kompüter dəsti 1əd dəst şəklində (kompüter, printer, klaviatura), sürətçıxartma printer 1 əd, kondisioner 4 əd (pultları ilə işlək), tumba 4 əd (1 əd qara, 2 əd göy, 1 əd qırmızı) yanğınsöndürən balon 1 əd, radiator 1 əd (yağ) telefon aparatı 1 əd (işlək) divan dəst (3 əd sarı qara qarışıq) kreslo 2 əd (örtüyü ilə (yumuşaq kreslo) saat 1 əd işlək, elektrik peçi 1 əd, şkaf balaca otaqda 3 əd (2-si sarı qırmızı 1 əd göy hündür) ünivalnik krantı ilə birgə 2 əd (1 əd şkafda) hamamda göy rəngdə tumba, havatəmizləyici 3 əd (balaca aparat) tablo 2 əd (1-i prezidentin, 1-i şəkil tablosu) gülqabı 3 əd (yolka 1 əd). İşin materiallarında olan cavabdeh tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən 400 man və 800 manat ödəniş icarə haqqı kimi ödənilmişdir. İşin materiallarında olan Azərişıq ASC-nin bildirişindən 94,6 manat xx.xx.2022-ci il tarixə elektrik enerjisinə görə borcun olduğu, eyni zamanda həmin borcdan xx.xx.2022-ci il tarixdə 50 manat və may 2022-ci il tarixdə isə 49,94 manat ödəniş aparılması barədə qəbz vardır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2022-ci il tarixli İcarə müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi. B, 24 ünvanda yerləşən, ümumi sahəsi 131,7 kv.m. olan qeyri-yaşayış sahəsi xx.xx.2027-ci il tarixədək aylıq 400 manat icarə haqqı ödəmək şərti ilə Cavabdeh icarəyə verilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci tarixli Müqavilənin ləğvinə dair müqaviləyə əsasən 01 fevral 2022-ci il tarixli İcarə müqaviləsinə xitam verilməmişdir. Lakin cavabdeh icarə obyektini faktiki olaraq istifadə etməsinə baxmayaraq müxtəlif bəhanələrlə icarə pulunu ödəməkdən yayınmış, təhvil aldığı aktda göstərilən əşyaları icarəyəverən təhvil vermədən obyektdən çıxıb getmişdir. Cavabdeh faktiki olaraq müqavilə öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin 4 ay, 18 günün aylıq icarə haqqı olan 1840 manat hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanan icarə müqaviləsinə əsasən obyekt 01 fevral 2022-ci il tarixdən 18 iyun 2022-ci il tarixədək aylıq icarə haqqı 400 manat olmaqla cavabdehin icarəsində olmuşdur. Lakin qeyri rəsmi olaraq icarə haqqı 1400 manata razılaşdırılmışdır. Cavabdeh iddiaçıya icarə haqqı olaraq cəmisi 1200 manat ödəniş etmişdir, bu tərəflərin izahatları və yuxarıda qeyd edilən ödəniş qəbzi ilə təsdiq olunur. Aylıq icarə haqqı 400 manat olmaqla 4 ay 18 günün icarə haqqı nəzərə hesabla 1800 manat təşkil edir ki, cavabdehin 1200 manat iki ay faktiki istifadə etdiyi müddət nəzərə alınaraq, 2022-ci ilin aprel, may, iyun ayının 18-dək olan müddət üçün aylıq 400 manatla, cəmisi 1000 manat icarə haqqına görə pul cavabdehdən tutulub iddiaçıya verilməli, bu hissədə iddia qismən təmin edilməlidir. İddia tələbinin istifadə edilmiş elektrik enerjisi pulu 50 manat hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, cavabdeh tərəfindən təqdim edilən qəbzlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə 50 manat və may 2022-ci il tarixdə isə 49,94 manat ödəniş aparılmışdır. Məhkəmə iddia tələbinin istilik sistemindən istifadə haqqı 112 manat 50 qəpik hissəsində əsaslı hesab edir, bunu cavabdeh də etiraf edir. Odur ki, bu hissədə iddia təmin edilməlidir. Məhkəmə iddia tələbinin icazəsiz apardığı kondisioner pultu 20 manat, icazəsiz apardığı 80 manatlıq çay dəsgahı “TEFAL” reklam şiti 150 manat hissəsində əsaslı hesab edir. Belə ki, obyekt cavabdehin icarəsinə verilərkən həmin əşyalar ona təhvil verilmiş, cavabdeh isə təhvil aldığı əşyaları iddiaçıya təhvil vermədən obyekti özbaşına tərk etmiş, həmin əşyaların obyektdə qalması barədə isə məhkəməyə hər hansı sübutu təqdim etməmişdir. Odur ki, bu hissədə iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 684-cü maddəsinə görə əmlak kirayəsi haqqı əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdeh tərəf tərəflər arasında bağlanan öhdəliyi vaxtında icra etmədiyindən, iddia tələbi qismən əsaslı olmaqla qismən təmin edilməli, Cavabdeh icarə haqqı ümumilikdə 1000 manat, istilik sistemindən istifadə haqqı 112 manat 50 qəpik, icazəsiz apardığı kondisioner pultu 20 manat və ya onun dəyəri, icazəsiz apardığı “TEFAL” çaydan - 80 manat və ya onun dəyəri, reklam şiti - 150 manat və ya onun dəyəri tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 36.62 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh icarə haqqı ümumilikdə 1000 manat, istilik sistemindən istifadə haqqı - 112 manat 50 qəpik, kondisioner pultu - 20 manat və ya onun dəyəri, “TEFAL” çaydan - 80 manat və ya onun dəyəri, reklam şiti - 150 manat və ya onun dəyəri, dövlət rüsumu kimi ödənilmiş 25 manat məbləğində pul vəsaiti tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apel lyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar