Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1261/2023 16.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qənbərov Əli Əfqan oğlunun katibliyi ilə, İddiaçı Nadir Özçelebinin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Nadir Özçelebinin Cavabdeh qarşı əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Nadir Özçelebi Cavabdeh qarşı əmlakın açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, **********83-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 206.9 kv.m-lik fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin açıq hərracda satılması, satışdan iddiaçının 2/5 hissə payına uyğun pulun iddiaçıya ödənilməsi və 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı Nadir Özçelebinin nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, paylı mülkiyyət hesab olunan daşınmaz əmlakın tərəflərin paylarına uyğun, yəni, iddiaçının payına uyğun 2/5 hissədə, cavabdehin payına uyğun şəkildə isə 3/5 hissədə olmaqla açıq hərracdan satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 206.9 kv.m-lik fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi üzrə 3/5 hissə pay Cavabdeh, 2/5 hissə pay isə iddiaçı Nadir Özçelebinin xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehə qarşı əmlaka dair payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, həmin mülki iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/217 saylı ekspert rəyinə əsasən, daşınmaz əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün olmamışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-139/2022 saylı qətnaməsinə əsasən, daşınmaz əmlakın paylara uyğun naturada ayrılması təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini xx.xx.2022-ci il tarixdə almışdır. Bundan sonra Nadir Özçelebinin Cavabdeh göndərdiyi xx.xx.2022-ci il tarixli təklifə əsasən, daşınmaz əmlak üzrə iddiaçının xüsusi mülkiyyətində olan 2/5 hissə payı 150000 manata satın almağı cavabdehə təklif etmişdir. Cavabdehin göndərdiyi xx.xx.2022-ci il tarixli qarşılıqlı təklifə əsasən isə iddiaçının təklifini cavabdeh qəbul etməmiş, cavabdeh isə 225000 manata satın almaq barədə qarşılıqlı təklif göndərmişdir. Tərəflər arasında qarşılıqlı razılıq əldə olunmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı Nadir Özçelebinin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, mülki iş üzrə məhkəməyə daxil olmuş mütəxəssis rəyinə əsasən, daşınmaz əmlakın dəyəri ilə razıdır. xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərmişdir ki, mütəxəssis rəyi ilə razı deyildir. Rəy verilən zaman daşınmaz əmlaka baxış keçirilməsi məqsədəmüvafiqdir. Belə ki, 400 000 manata Abşeron rayonu, Masazır kəndində yerləşən daşınmaz əmlaka qiymət verilməsi mümkün deyildir. Əks təqdirdə, cavabdeh daşınmaz əmlakın satılmasına etiraz etmir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbi ilə bağlı münasibətini araşdırıb, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu, Masazır kəndi, X.R.Ulutürk küçəsində yerləşən, 0.06 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 206.9 kv.m olan 42 saylı fərdi yaşayış evinin 3/5 hissəsi Cavabdeh, 2/5 hissəsi isə Nadir Özçelebinin adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********83-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-139/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Özçelebi Nadirin Cavabdeh qarşı **********83-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, onun və Cavabdeh paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 206.9 kv.m-lik fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsindən onun xüsusi mülkiyyətində olan 2/5 hissə payın naturada ayrılması barədə iddia ərizəsi təmin edilməmişdir. -Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/217 saylı rəyindən görünür ki, Nadir Özçelebiyə mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) və Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 206.9 kv.m olan fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin tərəflərin paylarına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. -Nadir Özçelebi və Cavabdeh tərəfindən təqdim edilmiş təkliflərdən görünür ki, mülki iş üzrə tərəflər digər tərəfə daşınmaz əmlakın onların payına uyğun satın alınmasına dair təklif irəli sürmüş və irəli sürülmüş təklifə münasibət bildirilməsini xahiş etmişlər. -Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2019-cu il tarixli, 01/33414 saylı arayışdan görünür ki, Abşeron rayonu, Masazır kəndi, X.R.Ulutürk küçəsi, 42 saylı fərdi yaşayış evinin həmin tarixə olan bazar dəyəri 84000 manat müəyyən edilmiş, qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji yaşayış evi sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -"xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 206.9 kv.m fərdi yaşayış evinin dəyəri 2023-cü ilin aprel ayına olan qiyməti 295000 manat, 0.06 ha torpaq sahəsinin dəyəri isə həmin tarixə 100000 manat olmaqla, cəmi 395000 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Abşeron rayonu, Masazır kəndi, X.R.Ulutürk küçəsində yerləşən, 0.06 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 206.9 kv.m olan 42 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə tərəflərə məxsus olmaqla daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən xx.xx.2019-cu il tarixli çıxarış əsasında sözügedən əmlakın 2/5 hissəsi iddiaçının, 3/5 hissəsi isə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********83-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. Paylı mülkiyyət hüququ əsasında tərəflərə məxsus olan daşınmaz əmlakdan istifadə ilə bağlı mübahisə olduğundan iddiaçı Nadir Özçelebi paylı mülkiyyət hüququ üzrə üstünlük hüququndan istifadə edərək mülki iş üzrə cavabdehə pretenziya məktubu göndərmiş, lakin tərəflər arasında daşınmaz əmlakın açıq hərracda satış qiyməti ilə bağlı razılıq əldə olunmadığından iddiaçı paylı mülkiyyət hüququ üzrə məxsus olan daşınmaz əmlakın açıq hərracda satılaraq paylarına mütənasib şəkildə bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəlləsi adlandırılacaq): 213.1. maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında göstərilir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Paylı mülkiyyət hüququ üzrə tərəflərə məxsus olan Abşeron rayonu, Masazır kəndi, X.R.Ulutürk küçəsində yerləşən daşınmaz əmlakın paylar üzrə naturada bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, lakin Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-139/2022 saylı qətnaməsi ilə daşınmaz əmlakın paylara uyğun naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından iddiaçı Nadir Özçelebinin iddia ərizəsi təmin edilməmişdir. Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək məhkəmə qeyd edir ki, əmlakın naturada bölünməsi mümkün olmadığından iddiaçının sonrakı mərhələ olaraq, ayrılan mülkiyyətçi kimi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən alınması hüququ yaranmış, lakin irəli sürülmüş pretenziya məktubları əsasında tərəflər arasında razılıq əldə olunmamışdır. Başqa sözlə, paylı mülkiyyətin mülkiyyətçiləri arasında qarşılıqlı razılıq əsasında əmlakın bölünməsi mümkün olmadığından iddiaçının əmlakın açıq hərracdan satılaraq onun payına uyğun pulun ödənilməsi tələbinə dair məhkəmə qaydasında müdafiə hüququ yaranmışdır. Məhkəmə mübahisəli əmlakın bazar dəyərinə uyğun dəyərinin müəyyən edilməsi üçün mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və məhkəməyə daxil olmuş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyi ilə daşınmaz əmlakın orta bazar qiymətlərinə uyğun ümumi dəyəri cəmi 395000 manat müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirərək əsas sübut növü kimi qəbul edir və paylı mülkiyyət hüququ əsasında iddiaçı Nadir Özçelebi və Cavabdeh məxsus olan daşınmaz əmlakın bazar dəyərinin 395000 manat müəyyən edilməklə açıq hərracda satılması və paylarına uyğun şəkildə tərəflər arasında bölünməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 4, 7, 88 və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Abşeron rayonu, Masazır kəndi, X.R.Ulutürk küçəsində yerləşən, 0.06 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 206.9 kv.m olan 42 saylı fərdi yaşayış evi bazar dəyəri 395000 (üç yüz doxsan beş) manat müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə edilən pul vəsaiti Nadir Özçelebinin 2/5 hissədə, Cavabdeh 3/5 hissədə paylarına mütənasib surətdə bölünsün. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat pul vəsaiti tutularaq Nadir Özçelebinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov