Məhkəmə qərarları › İş №e-2(012)-1293/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1293/2025

07.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1293/2025 07.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Dövlət Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Dövlət Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən İddiaçı barəsində verilmiş xx.xx.2024-ü il tarixli, 16530 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 Mənsur qızı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli Razılaşma müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən borclu Afaq Tahirova illik 15% ödəməklə 36 ay müddətinə qaytarmaq şərti ilə ümumilikdə 24380 (iyirmi dörd min üç yüz səksən) manat məbləğində kredir verilmişdir. "xxxx" ASC tərəfindən verilmiş ödəniş cədvəlinə əsasən borclu 36 ay müddətində hər ay 845.32 manat məbləğində kredit məbləğini ödəməli idi. Həmin kredit məbləğinin təminatı olaraq İddiaçı və X1 ilə "xxxx" ASC arasında xx.xx.2024-cü il tarixli 31FİZAM202411601 və 31FİZAM150431301 saylı zaminlik müqavilələri bağlanmışdır. "xxxx" ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X10 Mənsur qızı xx.xx.2024-cü il tarixli kredit borcundan 2550 (iki min be yüz əlli) manat məbləğində ödəniş etmişdir. Sonradan borclu tərəfindən kredit məbləği ödənilmədiyindən tələbkar "xxxx" ASC borclu və zaminlər barəsində icra qeydinin aparılması üçün Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X2 müraciət etmişdir. Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən borclu və zaminlər barəsində xx.xx.2024-cü il tarixli, 16530 nömrəli icra qeydi verilmişdir. Zamin İddiaçı barəsində aparılmış xx.xx.2024-cü il tarixli İcra Qeydinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixli, 31FİZAM202411601 saylı zaminlik müqaviləsi üzrə 24327.44 manat kredit borcu və 25 manat məbləğində dövlət rüsumu tutulmuşdur. Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən borclu və zaminlər barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 16530 nömrəli icra qeydi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X4 yalnızca tələbkar "xxxx" ASC tərəfindən bir tərəfli qaydada tərtib edilərək təqdim edilmiş maliyyə arayışı və hesabdan çıxarışa əsasən borclu və zaminlər barəsində icra qeydi vermişdir. Halbuki tələbkarın təqdim etdiyi maliyyə arayışı və hesabdan çıxarışdan aydın görünür ki, borclu tərəfindən borc qismən ödənilmiş və həmin ödənişlər hansı əsaslarla faiz və cərimə borcundan çıxılması göstərilməmişdir. Bu hal isə özlüyündə xüsusi bilik tələb edən ekspert tərəfindən araşdırılmalı və tələbkar tərəfindən ödənilmiş borcun və hətta tələbkar tərəfindən tələb olunan faiz və cərimə borcunun müəyyən olunmasına köməklik edəcəkdi. Halbuki hal-hazırda Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X4 icra qeydini verən zaman özünü həmçinin ekspert qismində göstərərək faktiki mübahisəli (ödənilmiş borcun hansı əsaslarla faizdən və cərimədən silinməsi, hətta hansı hesablamaya əsasən yenidən faiz və cərimə borcunun tələb edilməsi) pul məbləğini qanunsuz və əsassız olaraq təsdiqləmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC iddia ərizəsinə etiraz ünvanlayaraq, iddia tələbinin rədd edilməsni xahiş etmiş və bildirmişdir ki, X10 Mənsur qızı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli Razılaşma müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən borclu Afaq Tahirova illik 15% ödəməklə 36 ay müddətinə qaytarmaq şərti ilə ümumilikdə 24380 manat məbləğində kredit verilmişdir. Razılaşmaya əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, X10 Mənsur qızı "xxxx" ASC-dən götürdüyü krediti faizləri ilə birlikdə xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 845.32 manat, sonuncu ay — xx.xx.2027-ci il tarixdə isə 845.48 manat olmaqla banka qaytarmalı idi. Ödəniş cədvəlindən həmçinin aydın olur ki, ödənilmiş aylıq ödənişlərin bir hissəsi əsas, bir hissəsi isə faiz borca silinəcəkdir. Ödənişlər cədvəldə göstərilmiş qaydada vaxtında və lazımı qaydada banka ödənilməlidir. İddiaçı kredit öhdəliyin təminatı olaraq xx.xx.2024-cü il tarixli 31 FİZAM202411601 saylı zaminlik müqaviləsinə əsasən sözügedən kredit razılaşması üzrə zamin kimi öhdəlik götürmüşdür. Zaminlik Müqaviləsinin 1.3-cü bəndinə əsasən Tələb edilə biləcək borc: 24380 manat kredit, hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytaraılmamasına görə kredit üzrə illik faiz dərəcəsinə öhdəliyin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanan cərimədir. Zaminlik Müqaviləsinin 2.7-ci bəndinə əsasən Borclu Kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə (Borclunun əmlak vəziyyəti pisləşdikdə, borclunun ödəmə qabiliyyətinin aşağı düşməsi, işyerinin itirilməsi, əmək haqqının və ya gəlir mənfəətinin azaldılması, borclunun əmlakı üzərinə həbs qoyulması, başqa kreditlərin götürülməsi nəticəsində borc yükünün artması, kredit öhdəliyinin vaxtında ödənilməməsi, və başqa hallar) Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya Zamindən yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. Həmin Müqavilənin 2.8-ci bəndinə əsasən Bank tərəfindən ünvan 1 ünvanına Zaminə sifarişli məktubla və ya teleqramla bildiriş çatdırılacaqdır. Həmin ünvana göndərilmiş bildirişlər Zaminə çatdırılmış hesab olunacaqdır. X10 Mənsur qızı kredit öhdəliklərini pozmuş, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı ünvanına pretenziya və icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. Qeyd edilən sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixə banka olan borcun məbləği : 22738.63 manat əsas borc, 1588.81 manat faiz borc, 30.26 manat cərimə borc olmaqla, cəmi 24357.70 manatdır. Öhdəlik pozduğu üçün Razılaşma müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi onların nəzərinə çatdırılmış, göstərilən məbləğdə borcun banka ödəmələri tələb edilmiş, əks halda borcun qaytarılmasına dair qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi, notariusa icra qeydinin aparılması üçün müraciət ediləcəyi barədə məlumat verilmişdir. Həmin sənədlər xx.xx.2024-cü il tarixdə iddiaçının ünvanında qəbul edilmişdir. Buna baxmayaraq banka olan borc ödənilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin sənədlərdə göstərilən borc mübahisələndirilməmiş, bununla bağlı banka hər hansı bir müraciət və etiraz daxil olmamışdır. Qanunvericlikdə müəyyən edilmiş müddətlər gözlənildikdən sonra Bank xx.xx.2024-cü il tarixində elektron qaydada icra qeydinin aparılması üçün müraciət etmişdir. Bu zaman ərizəyə müvafiq bütün sənədlər, o cümlədən borcun mübahisəsiz olduğunu təsdiq edən sənədlər əlavə edilmişdir. Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən 24327.44 manat borcun və 25 manat dövlət rüsmunun İddiaçı tutulması haqqında xx.xx.2024-cü il tarixli, 8İ-16530 nömrəli icra qeydi verilmişdir. Qeyd edək ki, iddiaçı iddia ərizəsində ödənişlərin hansı əsaslarla faizdən və cərimədən silməsini, hansı hesabalmaya əsasən yenidən faiz və cərimə borcunun tələb edilməsini mübahisələndirməyə başlamışdır. Birincisi, zamin borclunun kredit öhdəliklərinə zamin durmasını imzaladığı müqavilə ilə təsdiq etmişdir. Ödənişlərin hansı əsaslarla faizdən və cərimədən silməsi, hansı hesablamaya əsasən faiz və cərimə borcunun tələb edilməsi tərəflər arasında bağlanmış müqavilələrdə və Mülki Məcəllənin müvafiq maddələrində təsbit edilmişdir. Yuxarıdakı abzaslarda adiyyatı müqavilə şərtlərinin bir hissəsi qeyd edilmişdir. İkincisi, iddiaçı iddia ərizəsinə qeyd edilən məbləğdən daha çox ödənişlər edildiyini təsdiq edən hər hansı bir ödəniş qəbzi əlavə etməmişdir. Üçüncüsü, iddiaçı ona göndərilmiş olan məktublarda göstərilmiş borc məbləğlərini icra qeydi aparılmamışdan qabaq, imkanı olmasına baxmayaraq həmin borcu mübahisələndirməmiş, bu haqda banka hər hansı bir müraciət və etiraz ünvanlamamışdır. Dördüncüsü, yuxarıda qeyd edilənlərdən də aydın olur ki, bankın öhdəliklərini icra etməyən şəxslərdən borclarını qaytarmağı tələb etmək hüququ və bununla bağlı icra qeydi üçün müraciət etmək hüququ vardır. İcra qeydinin aparılması üçün bildiriş göndərilərkən Bankın borcu vaxtından əvvəl tələb etmək hüququ artıq yaranmış idi. Beşincisi, iddiaçı da öz iddiasında borclunun gecikməyə yol verdiyini və öhdəliyini icra etmədiyini etiraf etmişdir. Hesabdan çıxarışdan və maliyyə arayışından görünür ki, bu günə kimi sözügedən kredit üzrə xx.xx.2024-cü il tarixdə 850 manat, xx.xx.2024-cü il tarixdə 850 manat və xx.xx.2024-cü il tarixdə 850 manat olmaqla cəmi 2250 manat ödəniş edilmişdir. Həmin məbləğin 1641.37 manatı əsas kredit borcuna, 907.4 manatı faiz borcuna, 1.23 manat cərimə borcuna silinmişdir. Birinci ödəniş vaxtında edilsə də, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə edilmiş ödənişlər ödəniş cədvəlində göstərilmiş tarixdə yox, gecikdirilmə ilə edilmişdir. Bu tarixlərdən sonra isə ümumiyyətlə banka hər hansı bir ödəniş edilməmişdir. Borclunun kredit üzrə etdiyi sonuncu ödənişdən artıq qalan 9.13 manat pul ödəniş cədvəli üzrə 4-cü aylıq ödənişin tarixi çatdığı gün, yəni xx.xx.2024-cü il tarixdə qanunvericliyin tələblərinə uyğun olaraq həmin gün ödənilməli olan faiz borcunun həmin məbləğdə olan hissəsinə silinmişdir. Sözügedən kredit xx.xx.2024-cü il tarixdən etibarən tam olaraq icra edilməmişdir. İddiaçıya borclarını ödəmələri, əks təqdirdə icra qeydi aparılacağı barədə məktublar gödərilərkən sözügedən kredit artıq 5 aydan çox idi ki, tamamilə icra edilmirdi. Mübahisələndirilən icra qeydi verilən gün isə 6 aydan çox idi ki, sözügedən kredit üzrə hər hnası bir ödəniş həyata keçirilmirdi və hazırda da hər hansı bir ödəniş edilməməkdədir. Beləliklə, iddiaçı kredit üzrə öhdəliyinin həyata keçirilməməsi və ya lazimi qaydada həyata keçirilməməsinin hüquqi nəticələri ilə tanış olmuş və tam şəkildə məlumatlandırılmışdır. Yuxarıda qeyd edilənlərdən də aydın görünür ki, qeyd edilən borc məbləğləri tamamilə mübahisəsizdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. O bildirdi ki, icra qeydi ilə bağlı bildiriş göndərilsə də, lakin bildirişi iddiaçı almamışdır. Hesablanmış məbləğlər düzgün hesablanmayıb. Bu da ekspertiza keçirilməsi zərurəti yaradır. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1, həmçinin Nümayəndə2 iddiaya etiraz etdi və onun əsassız olduğundan rədd edilməsini xahiş etdilər. Nümayəndə1 iddia tələbinə etiraz ərizəsini müdafiə edərək, ona uyğun izahat verdi. İş üzrə cavabdeh Abşeron rayon 1 saylı Dövlət Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-16530 saylı xx.xx.2024-cü il tarixli icra qeydinin surətindən görünür ki, "xxxx" ASC-nin xeyrinə İddiaçı 31FİZAM202411601 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 24327 manat 44 qəpik (iyirmi dörd min üç yüz iyirmi yeddi manat qırx dörd qəpik) və tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 24352 manat 44 qəpik (iyirmi dörd min üç yüz əlli iki manat qırx dörd qəpik) pul tutulmalıdır. İşdə olan xx.xx.2024-cü il tarixli Razılaşma müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X10 Mənsur qızına illik 15% ödəməklə 36 ay müddətinə qaytarmaq şərti ilə ümumilikdə 24380 (iyirmi dörd min üç yüz səksən) manat məbləğində kredit verilmişdir. Həmin kredit məbləğinin təminatı olaraq İddiaçı və X1 ilə "xxxx" ASC arasında eyni tarixli 31FİZAM202411601 və 31FİZAM150431301 saylı zaminlik müqavilələri bağlanmışdır. İşə əlavə edilmiş "xxxx" ASC tərəfindən borclu İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli "İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş"dən görünür ki, borclu xx.xx.2024-cü il tarixli, 31FİZAM202411601 nömrəli Razılaşma müqaviləsi ilə bağlı yaranmış borcun ödənilməsi üçün xəbərdar edilmiş, borcun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Həmin bildirişin göndərilməsi ilə bağlı 399604 saylı xəbərnamədən görünür ki, İddiaçı adından A.Elmira (elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən X3 cavabdehin həyat yoldaşıdır) xx.xx.2024-cü il tarixdə zərfi qəbul etmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli Razılaşma müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən X10 Mənsur qızına illik 15% ödəməklə 36 ay müddətinə qaytarmaq şərti ilə ümumilikdə 24380 manat məbləğində kredit verilmişdir. Həmin kredit məbləğinin təminatı olaraq İddiaçı və X1 ilə "xxxx" ASC arasında eyni tarixli 31FİZAM202411601 və 31FİZAM150431301 saylı zaminlik müqavilələri bağlanmışdır. Borc vaxtında ödənilmədiyinə görə bank ərizə ilə notariat orqanına müraciət etmiş, Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən 8İ-16530 saylı xx.xx.2024-cü il tarixli icra qeydi verilmişdir. İcra qeydinə görə İddiaçı "xxxx" ASC-nin xeyrinə cəmi 24352,44 manat pul tutulmalıdır. Hazırda İddiaçı Abşeron rayon 1 saylı Dövlət Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-16530 saylı xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində İddiaçı icra qeydinin ləğv edilməsinə əsas kimi Cəmiyyət tərəfindən ödənilmiş olan vəsaitlərin Bank tərəfindən qəbul edilərək Cəmiyyətin kredit borcuna münasibətdə düzgün hesablanmamasını göstərmişdir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. Təlimatın 162-ci maddəsinə görə icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısındakı 2-ci bəndə əsasən borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. Məhkəmə qeyd edir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. İş materiallarından da görünür ki, məlum icra qeydi verilərkən Notariat Ofisi tərəfindən qanun pozuntusuna yol verilməmişdir. İşdəki xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, kreditor "xxxx" ASC tərəfindən borclular X6, X1 və İddiaçı ümumilikdə 24357.70 manat borcunun 20 gün ərzində ödəməli olması barədə xəbərdarlıq edilmişdir. Lakin İddiaçı həmin bildirişə heç bir münasibət (borcun ödənilməsi və ya etiraz) bildirməmişdir. Bu hal iddiaçının vəkili-nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatda da öz əksini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının bildirdikləri məlum icra qeydinin ləğv edilməsi üçün əsas deyildir. İş materialları ilə icra qeydinin bu məsələni tənzimləyən normalara uyğun verilməməsi öz təsdiqini tapmır. İddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunun qeyd edilən normasına əsasən hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Abşeron rayon 1 saylı Dövlət Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar