Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1400/2022 07.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı artıq ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş 650 manat məbləğində artıq ödənişin və ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 04 fevral 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Khazar LX” markalı 99PC028 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində - 18 iyul 2021-ci il tarixdə Abşeron rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Tofaş Şahin” markalı 01CE098 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Abşeron DYPŞ-nin qərarı ilə X1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Zərərçəkən Cavabdeh məxsus “Tofaş Şahin” markalı 01CE098 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 650 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh ərizə ilə "xxxx" ASC-yə müraciət edərək həmin məbləğlə razı olduğunu bildirmiş və 650 manat pulun onun hesabına ödənilməsini xahiş etmişdir. "xxxx" ASC tərəfindən 30 avqust 2021-ci il tarixdə 650 manat və 01 sentyabr 2021-ci il tarixdə 650 manat, cəmi 1300 manat vəsait Cavabdeh hesabına ödənilmiş, yəni Cavabdeh səhvən 650 manat artıq vəsait ödənilmişdir. Cavabdeh ilə əlaqə saxlanılaraq (***-***-**-** mobil nömrəsi ilə) artıq ödənilmiş vəsaitin geri qaytarılması xahiş olunsa da, o, qeyd olunan vəsaiti geri qaytarmamışdır. Buna görə də iddia təmin olunmalıdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbini qəbul edir. Onun avtomobilinə cəmi 650 manat zərər dəysə də, sığorta şirkəti ona 1300 manat pul köçürmüşdür. O, iddianın etirafı barədə ərizə təqdim edərək mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan 04.02.2021-ci il tarixli icbari sığorta müqaviləsi barədə məlumatdan görünür ki, "xxxx" MMC mülkiyyətində olan “Khazar LX” markalı 99PC028 dövlət qeydiyyat nişanlı avtomobili 12 ay müddətinə "xxxx" ASC-də icbari sığorta etdirmişdir. İş materiallarında olan hadisə ilə bağlı Abşeron DYPŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş TP ******* saylı, 19.07.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 18.07.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi “Khazar LX” markalı 99PC028 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X1 göstərilmişdir. İş materiallarında olan Cavabdeh "xxxx" ASC-yə göndərdiyi 17.08.2021-ci il tarixli ərizədən görünür ki, baş vermiş qəza nəticəsində ona məxsus “Tofaş Şahin” markalı 01CE098 dövlət qeydiyyat nişanlı avtomobilə 650 manat ziyan dəymişdir. İş materiallarında olan dəymiş zərərin hesablanmasına dair 16.08.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh məxsus “Tofaş Şahin” markalı 01CE098 dövlət qeydiyyat nişanlı avtomobilə 650 manat ziyan dəymişdir. İş materiallarında olan 30.08.2021-ci il tarixli, 96047 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh hesabına 650 manat ödəniş edilmişdir. İş materiallarında olan 01.09.2021-ci il tarixli, 96472 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh hesabına 650 manat ödəniş edilmişdir. Məhkəmədə sübutların tədqiqatı zamanı işin müəyyən olunmuş faktiki hallarından görünür ki, "xxxx" Sığorta Şirkətində 04.02.2021-ci il tarixli icbari sığorta müqaviləsi ilə sığorta olunan “Khazar LX” markalı 99PC028 dövlət qeydiyyat avtomobil 18 iyul 2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Tofaş Şahin” markalı 01CE098 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bunun nəticəsində əmlaka dəyən zərər 650 manat məbləğində qiymətləndirilmiş, Cavabdeh bu məbləğlə razılaşmışdır. "xxxx" ASC 30.08.2021-ci və 01.09.2021-ci il tarixlərdə ümumilikdə 1300 manat sığorta ödənişi etmişdir. İddiaçı tərəf bunun texniki səhv olduğunu qeyd edir. Məhkəmə iclasında cavabdeh də iddianı qəbul etdiyini, şirkət tərəfindən ona 650 manat əlavə ödəniş edildiyini bildirmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunan faktiki hallara istinad edərək hesab edir ki, iddiaçının sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi əlavə 650 manat sığorta ödənişinin məbləğini Cavabdeh tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdeh bu məbləği qəbul edərək əsassız varlanmış, iddiaçı isə maddi zərərə düşmüşdür. Bu hal həm işin faktiki halları ilə, həm də cavabdehin özünün etirafı ilə tamamilə təsdiq olunur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasasöykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilərək təmin edilməli, Cavabdeh 650 manat məbləğində artıq ödənilmiş sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə MPM-nin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30,40 manat pul cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 650 manat məbləğində pul və 30,40 manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-1400/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1400/2022
07.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver