Məhkəmə qərarları › İş №e-2(012)-1477/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1477/2023

15.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1477/2023 15.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MTK-nin vəkili-nümayəndəsi Vəkil2, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MTK-nin nümayəndələri X4 və X11 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı «qeyri-yaşayış sahəsinin istifadə və mülkiyyətə verilməsi» tələbinə dair ilkin iddiası, Cavabdeh MTK-nın İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında 14 iyun 2016-cı il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilədə nəzərdə tutulan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikintidə olan ümumi sahəsi hörgü daxil olmaqla 400 kv.m olan qeyri-yaşayışın onun istifadəsinə və mülkiyyətinə verilməsi öhdəliyinin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MTK qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilərək, İddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı ddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onunla cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında 14 iyun 2016-cı il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikintidə olan ümumi sahəsi hörgü daxil olmaqla 400 kv.m olan qeyri-yaşayış binasını 600000 manat məbləğində pul vəsaiti müqabilində ona təhvil verməyi öhdəsinə götürmüşdür. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin şərtinə əsasən ödənişinin nağd pulla aparılması və ödəniş başa çatdıqdan sonra qeyri-yaşayış sahəsinin payçının şəxsi mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Həmin qeyri-yaşayış sahəsinin dəyəri onun tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə tam şəkildə ödənilmişdir. Belə ki, iddiaçının cavabdeh "xxxx" MTK-a heç bir borcunun olmamasına dair MTK-nın sədri tərəfindən maliyyə arayışı verilmişdir. Həmin arayışa əsasən ümumi sahəsi 400 kv.m olan qeyri-yaşayışın pay dəyəri olan 600000 manat məbləğində pul vəsaiti payçı İddiaçı tərəfindən ödənilmişdir. Həmçinin cavabdeh "xxxx" MTK ona 14 iyun 2016-cı il tarixli 005 nömrəli kassa mədaxil orderinin qəbzini də təqdim etmişdir. Göründüyü kimi o, müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Lakin cavabdeh qeyri-yaşayış sahəsinin dəyərinin onun tərəfindən nağd şəkildə ödənildiyi təqdirdə ona təhvil verməyi öhdəsinə götürsə də, cavabdeh “Abşeron A1" MTK bugünədək üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bununla bağlı dəfələrlə edilmiş müraciətlərin heç bir müsbət nəticəsi olmamışdır. Bir neçə illərdir ki, o, iş üzrə cavabdehin təqsirindən maddi və mənəvi ziyan çəkmiş, qeyri-yaşayış sahəsinin dəyərini tam ödəməsinə baxmayaraq əmlakı əldə edə bilməmiş, ödədiyi pul dəyərdən düşmüş, özü isə bu haqsızlıq və ədalətsizlik nəticəsində mənəvi əzab və sarsıntıya düçar olmuşdur. Qeyd olunanlara əsasən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə o, Fuad və Fəriddən pulunu tələb edir. Amma onların borcunun bu işə aidiyyəti yoxdur. O, 6 il ərzində dəfələrlə qarşı tərəfdən qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi ilə bağlı xahişlər etmiş, işin məhkəmə müstəvisində həll edilməsini istəməmişdir. Odur ki, o, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında İddiaçı izahatı ilə eyni məzmunda izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı xx.xx.2016-cı il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə imzalayan zaman bina təhvil verilməmiş və onlarda texniki pasport yoxdur. Qarşı tərəf əvvəlcə müqavilənin olmadığını demiş, hazırda isə müqavilənin olduğunu, lakin müqavilənin bağlanma niyətinin başqa olduğunu bildirmişdir. Həmçinin Fərid və X10 Anara borcunun olmasının bu işə aiddiyyəti yoxdur. Bununla bağlı 35000 ABŞ dolları borcun etirafı müqaviləsini və bununla bağlı məhkəmə qətnaməsi məhkəməyə təqdim etmişlər. Məhkəmədən ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MTK-nin vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2016 tarixli müqaviləyə əsaslanan İddiaçı guya ki, "xxxx" MTK-ya 400 kv.m qeyri-yaşayış sahəsinə görə 600000 manat ödədiyini iddia edir. Lakin əslində həmin şəxslə X19 arasında borc müqaviləsini pərdələmək üçün F.Hadılı tərəfindən yazılmış müqavilədir. Belə ki, həmin şəxslər, yəni İddiaçı ilə MTK-nın təsisçilərindən olmuş X19 arasında borc münasibətləri olmuş, Hadılı Fuad da buna səlahiyyəti olmadan Anara həmin müqaviləni vermişdir. Anar 6 ildən artıq müddətdə heç bir zaman MTK-nın idarə heyətinə, sədrinə müraciət etməmiş, hər hansı tələb irəli sürməmişdir. Tərəflər arasında saxta müqavilə bağlanmışdır. İddiaçı 600000 manat pulu verdiyini iddia etsə də, 6 ildə 1 dəfə də olsun şikayət etməmiş, hüquq mühafizə orqanlarına müraciət etməmişdir. İddiaçı 35000 ABŞ dolları pulunu almaq istəyir. Bütün söhbətlər 35000 ABŞ dolları pulun ətrafında gedir. Bundan əlavə müqavilə bağlananda bina artıq hazır olmuşdur. Qeyd edir ki, təqdim olunmuş “müqaviləyə” bölgü sxemi əlavə olunmamış, “alıcı” da belə sxem tələb etməmişdir. Həmçinin təqdim olunmuş sənədlərdə də imzalar (baş mühasib və Kassir) MTK-nın müvafiq vəzifəli şəxslərinin imzası deyil. Yəni xx.xx.2016-cı il tarixli müqavilə əsl hüquqi nəticələr yaratmaq üçün deyil, başqa əqdi yəni İddiaçı ilə Hadılı Faiq arasında borc münasibətlərini pərdələmək üçün bağlanmış, həmin müqavilə MTK-da qeydiyyatdan keçməmiş, MTK-nın müqavilə barədə ümumiyyətlə məlumatı olmamış, yalnız hazırki mübahisə ilə bağlı MTK-ya məhkəmədən iddia ərizəsi təqdim olunarkən məlumat olmuş, müqavilə ilə bağlı ödəmə sənədlərində olan imzalar digər şəxslər tərəfindən icra olunmuşdur. Hesab edir ki, burada MM-nin 340-cı maddəsində göstərilmiş əsaslar mövcuddur. Azərbycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli Qərarında deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Əlavə olaraq bildirir ki, təqdim edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ilə tanış olub, zəruri araşdırma apardıqda ona məlum olmuşdur ki, həmin müqavilə Cavabdeh MTK-da qeydiyyatdan keçməmişdir, ümumiyyətlə isə, belə bir müqavilənin mövcudluğu barədə Cavabdeh MTK-da heç bir məlumat yoxdur. Araşdırma zamanı həm də məlum olmuşdur ki, hazırkı mülki iş üzrə mübahisə predmeti olan xx.xx.2016-cı il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin sonunda “Sədr” sözündən sonra “A.D.Ağayev” sözünün qarşısındakı imza, Cavabdeh MTK-ın firma blankında tərtib edilmiş bu binanın 1-ci giriş, 1-ci qeyri-yaşayış mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv.m. olan qeyriyaşayışın pay dəyəri 600000 manat məbələğin payçı İddiaçı tərəfindən ödənilməsinə dair xx.xx.2016-cı il tarixli maliyyə arayışında Cavabdeh MTK-nın sədri” sözlərindən sonra “A.D.Ağayev” sözünün qarşısındakı imza və binanın 1-ci giriş, 1-ci qeyri-yaşayış mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv.m. üçün 600000 manatın X5 tərəfindən kassaya mədaxil edilməsinə dair Cavabdeh MTK-nın 005 nömrəli xx.xx.2016-cı il tarixli kassa mədaxil orderin qəbzində “Rəhbər” sözündən sonra “A.D.Ağayev” sözünün qarşısındakı imza həmin vaxtlarda Cavabdeh MTK-ın sədri olmuş X6 məxsus deyildir. Bundan başqa, Cavabdeh MTK-ın firma blankında tərtib edilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışında “Baş Mühasib” sözlərinin qarşısındakı və Cavabdeh MTK-nın 005 nömrəli xx.xx.2016-cı il tarixli kassa mədaxil orderin qəbzində “Baş mühasib” sözlərinin qarşısındakı imza hal-hazırda da Cavabdeh MTK-da baş mühasib vəzifəsində işləyən Xuraman Əliyevaya məxsus deyildir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci hissəsində təsbit edilmişdir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 76-cı maddəsində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.2-ci maddəsində göstərilir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə bütün müvafiq halları, o cümlədən müqaviləyə qədərki danışıqları və yazışmaları, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, işgüzar adətləri, tərəflərin sonrakı hərəkətlərini nəzərə alır. Bildirir ki, hazırkı mülki iş üzrə mübahisənin bilavasitə predmetini təşkil edən xx.xx.2016-cı il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin bağlanmasında tərəflərin həqiqi niyyətlərinin borc münasibətlərinin tənzimlənməsi olmasına dair İddiaçı ilə Cavabdeh MTK-ın təsisçilərindən biri olan X20 arasında mobil telefonla aparılan audio yazı olan CD disk tərəfindən məhkəməyə təqdim edilmiş, həmin teledon danışıqları zamanı müəyyən olunur ki, Anar və Fuad 35000 ABŞ dollar pulun ətrafında söhbət edir. Orada Fuad dəfələrlə və təkrarən Anara sual verir ki, “sən MTK-ya 600000 manat pul köçürmüsən , ya yox.?! Anar isə cavabında bildirir ki, o 35.000 dollar pulu Fuaddan və onun xalası oğlundan istəyir”. Anarın məqsədi Fuadın ona olan borcunu bu yolla qaytarmaqdır. O MTK-nı məhkəməyə verərək düşünür ki, bu yolla Fuadın üzərinə məsuliyyət qoymaqla, MTK-da Fuadı vadar edər ki, Fuad 35000 dollar pulu qaytarsın.Səs yazısında Fuad Anara bir neçə dəfə “sən MTK-ya 600000 manat pul vermisən? “ sualına cavabında Anar “bəli,mən ödəmişəm, mənə qeyri-yaşayış sahəsini qaytarın” demir. O sadəcə köhnə borcun qaytarılmasını istədiyini bildirir.Bu da qarşılıqlı iddia ərizəsinin dəlillərinin əsaslılığını sübuta yetirir.Qeyd edilənlərə əsasən, o, qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddanın isə rədd edilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MTK-nin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, onların müqavilədən xəbəri olmamışdır. 400 kv.m həcmdə qeyriyaşayış sahəsi onlarda yoxdur. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 260 ünvanında 5 bina və 5 giriş vardır. 1-ci girişin qeyri-yaşayış sahəsi 840 kv.m olmuşdur. Həmin qeyri-yaşayış sahəsi ayrı-ayrı şəxslərə satılmış, həmin şəxslər hüquqularını qeydiyyatdan keçirərək çıxarış və texniki pasport almışdır.İlkin iddia əsassız olduğundan rədd edilməsini,qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MTK-nin nümayəndəsi X19 məhkəmə iclasında izahatında bildirdi ki, hal-hazırda o, şirkətin təsisçisidir. Şirkət 2014-cü ildə yaranmışdr. O, gələndə şirkətin 5 təsisçisi olmuşdur. Bakir müəllim artıq 2016-cı ildən şirkətin təsisçisi deyil. Məsələ ilə bağlı deyə bilər ki, Fərid adında onun qohumu var. Fəridlə Anar biznes qurmaq istəmişlər və ondan böyük kimi məsləhət almışlar. O da Fərid və Anarı Adillə tanış etmişdir. Fərid və Anar 35000 ABŞ dollar məbləğində malı Adilə vermişlər, Adil isə bu malı satıb pulunu qaytarmalı idi. Həmin vaxt Adil Afrikaya getmişdir. Lakin, Adili Afrikada ağcaqanad dişləmiş və Adil vəfat etmişdir. Beləliklə, Adil vəfat etdiyindən malın pulu qaytarılmamışdır. Anar isə həmin pulu ondan və Fəriddən tələb etməyə başlamışdır. O, Anara pulun 8000-10000 manat məbləğini verə biləcəyini bildirmişdir. Anar isə onunla razı olmamışdır. Bir müddət keçdikdən sonra Anar ona Bank VTB-dən ancaq öz adına aşağı faizlə kredit götürüb biləcəyini,bunun üçün banka adına mülklərin olması barədə sənəd təqdim etmək üçün müqavilə bağlamağı Anar ona təklif təklif etmiş, həmin vaxt MTK-in maliyyə çətinlikləri olduğundan, bu təklifi o, Bakir müəllimə bildirdikdən sonra, Bakir müəllim, o, və Anar görüşmüşlər. Onlar bir müqavilə tərtib etmişlər. Daha sonra Anar maliyyə arayışının da verilməsini tələb etmişdir. O maliyyə arayışını da vermişlər. Lakin Anar pulu götürə bilməmiş,lakin müqaviləni qaytrmayaraq özündə saxlamışdır. 35000 ABŞ dolları məbləğində pulu Anara əslində Fərid qaytarmalı idi. O, Fəridi notariusda borcun etirafı müqaviləsi bağlamağa vadar etmişdir. Əgər onlar krediti götürsəydilər, Anarın 35000 dollarını da qaytaracaqdılar. Odur ki, 2016cı ildə müqavilə bağlanarkən məqsəd alqı-satqı deyil, bankdan pul götürmək olmuşdur.Əlavə olaraq bildirir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi ayrı-ayrı şəxslərə satılmış və həmin şəxslərin mülkiyyətindədir. İlkin iddia əsassız olduğundan rədd edilməsini,qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasına şahid qismində cəlb edilmiş X12 ifadəsində bildirdi ki, o, şirkətin qeyri-rəsmi sahibidir və 2015-ci ilə kimi təsisçisi olmuşdur. Hadılı Fuad ona yaxınlaşıb, bir nəfər yaxın adamın olduğunu və faizsiz kredit verdiyini bildirmişdir. Bundan sonra onlar görüşmüşlər. Anar ona müqavilə tərtib edəcəklərini və adına kredit götürəcəyini bildirmişdir. Krediti almaq üçün bank Anarı tanıdığına görə Anar müqavilənin öz adına rəsmiləşdirilməsini xahiş etmişdir. Müqavilə tərtib olunmuş, lakin qəbul edilməmişdir. Odur ki, məqsəd Anarın qeyri-yaşayış sahəsinin olduğuna bankı inandırmaq və bununla da qeyri-yaşayış sahəsini girov qoyaraq bankdan kredit götürmək olmuşdur. O, bununla razılaşmamış və Fuada tərtib olunmuş müqaviləni Anardan götürməsini tapşırmışdır. Son 4 ayda onlara məktub gəlmişdir ki, Anar onları məhkəməyə vermişdir. Anar ona Fuadın və Fuadın xalası oğlunun 35000 dollar borcu olduğunu və borcunu ala bilmədiyinə görə şirkəti məhkəməyə verdiyini bildirmiş və qeyd etdiyi xüsusatlar iş materiallarına əlavə edilmiş İddiaçı ilə X19 arasında aparılan telefon danışqlarında olan səs yazıları ilə tam təstiq olnur. Odur ki, sözügedən müqavilə onlarda qeydiyyatdan keçməmişdir və bölgü sxemi də verilməmişdir. Bundan əlavə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MTK-nin vəkili-nümayəndəsi Vəkil2 məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə göndərərək, bildirmişdir ki, mübahisəli müqavilə 14 iyun 2016-cı ildə bağlanmış, müqavilə öhdəliklərinə tətbiq olunan iddia müddəti isə 3 il təşkil edir. Bunalrı nəzərə alaraq İddiaçı Alisəfa oğlunun "xxxx" MTK-ya qarşı iddiasına iddia müddətinin tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan 14 iyun 2016-cı il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilədən görünür ki, Cavabdeh MTK Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikintidə olan yaşayış binasının İ giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi hörgü də daxil olmaqla 400 kv.m olan qeyri-yaşayış sahəsini son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçı İddiaçı verməyi, payçı İddiaçı isə 600000 manat məbləğində pulu Cavabdeh MTK-ya verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş 14 iyun 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikintidə olan yaşayış binasının İ giriş, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv.m olan qeyri-yaşayış sahəsinin dəyəri olan 600000 manat məbləğində pul İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-593/2018 saylı, 02 fevral 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X7 İddiaçı xeyrinə 35000 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəs nəzərə alınmaqla manat hesabı ilə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 119.9 kv.m olan qeyriyaşayış sahəsi xx.xx.2021-ci il qeydiyyat tarixi ilə, ********** qeydiyyat nömrəsi ilə X2 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 87.2 kv.m olan qeyriyaşayış sahəsi xx.xx.2022-ci il qeydiyyat tarixi ilə, ********** qeydiyyat nömrəsi ilə X3 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 316 kv.m olan qeyriyaşayış sahəsi xx.xx.2022-ci il qeydiyyat tarixi ilə, ********** qeydiyyat nömrəsi ilə X8 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 140 kv.m olan qeyriyaşayış sahəsi xx.xx.2022-ci il qeydiyyat tarixi ilə, ********** qeydiyyat nömrəsi ilə X1 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidi dinləyib, iş materiallarını hərtərəfli, tam və obeyktiv araşdırıb hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırki mübahisənin həlli üçün məhkəmə qeyd edir ki, kooperativ binanın mənzil tikintisi haqqında müqavilə qeyd olunan maddi hüquq normasının (MM-nin 752.1-ci maddəsi) tələblərinə uyğun olaraq bağlanmamışdır. Burada niyyət qeyri-yaşayış sahəsinin alınması olmamış, bu əqd podrat müqaviləsinin dispozissiyasına uyğun bağlanmamışdır. Belə ki, 14 iyun 2016-cı il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə əsl hüquqi nəticələr yaratmaq üçün deyil, başqa əqdi yəni İddiaçı ilə Hadılı Fuad arasında fayda əldə etmək niyyəti ilə həqiqi niyyətini pərdələmək üçün kredit götürülməsi niyyəti ilə kooperativ binanın mənzil tikintisi haqqında əqd bağlamışlar. Məhkəmə hesab edir ki, burada MM-nin 340-cı maddəsində göstərilmiş əsaslar mövcuddur. Azərbycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli Qərarında deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Lakin, işin faktiki hallarından, tərəflərin qarşılıqlı münasibətlərindən aydın şəkildə görünür ki, kooperativ binanın mənzil tikintisi haqqında müqavilə bankdan kredit götürülməsi ilə bağlı əqdi pərdələmək niyyəti ilə baş verib və həmin əqd görünüş üçün bağlanmış uydurma əqddir. Belə olan halda Mülki Məcəllənin 340-cı maddəsinə əsasən uydurma əqd əhəmiyyətsiz əqd hesab olunur və əhəmiyyətsiz əqdlər də etibarsız əqdlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında izah etmişdir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin .... etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2- ci maddəsinin şərh edilməsinə dair” 2022-ci il 18 mart tarixli Qərarları). Hazırki iş üzrə məhkəmədə müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Cavabdeh MTKnın təsisçisinin düşdüyü vəziyyətdən yararlanmaq, fayda əldə etmək niyyəti ilə İddiaçı özünün xoş niyyətinə inandırmış, həqiqi niyyətini pərdələmək üçün yalandan kredit götürəcəyinə, bu səbəbdən kooperativ binanın mənzil tikintisi ilə bağlı əqd bağlanılmasına nail olmuşdur. Belə olan halda tərəflər arasında imzalanan kooperativ binanın mənzil tikintisi əqdinin predmetinin mövcud olmaması və bu müqavilənin yalnız görünüş başqa bir əqdi bankdan kredit götürmək üçün qeyriyaşayış sahəsinin girov qoyulması niyyətini pərdələmək üçün bağlanması məlum olur. Göstərilən bu xüsusat qarşılıqlı iddia üzrə iddiaçı tərəfin nümayəndələrinin izahatı, şahid ifadəsi ilə bərabər, Cavabdeh MTK tərəfindən məhkəməyə CD disk formasında təqdim edimiş, məhkəmə iclasında tərflərin iştirakı ilə dinlənilmiş, iş materiallarına əlavə edilmiş, İddiaçı ilə Cavabdeh MTK-ın təsisçilərindən biri olan Hadılı Fuadndan kim tərəfindən qəbul edulməsini Ramiz oğlu arasında mobil telefonla aparılan audio yazı ilə tam təstiq olunur. Bundan əlavə mülki iş üzrə məhkəmə tədqiqatı zamanı 14 iyun 2016-cı il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə üzrə öhdəliyin yerinə yetirilməsini məhkəyə iddia ərizəsi verilənədək İddiaçı Cavabdeh MTK-dan tələb etməsi ilə bağlı sübutların müəyyən edilməməsi, İddiaçı 600000 manat məbləğində pulu Cavabdeh MTK-da kimə verməsini və yaxud həmin pulun ondan kimin qəbul etməsini konkret olaraq göstərə bilməməsi, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikintidə olan ümumi sahəsi hörgü daxil olmaqla 400 kv.m olan qeyri-yaşayışın sahəsinin 14 iyun 2016-cı il tarixli müqaviləyə aid “bölgü sxemi”nin məhkəməyə təqdim edə bilməməsi,nəhayət Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş qeyri-yaşayışın sahəsinin başqa şəxslərin mülkiyyətində olması və bu halın hal-hazıradək iddiaçı tərəfindən mübahisələndirilməməsi kimi hallar tərəflərin 14 iyun 2016-cı il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqaviləyə uyğun hüquqi nəticələr yaratmaq niyyətlərinin olmadığına dəlalət edir. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.2-ci maddəsi nəzərdə tutur ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsız hesab olunur (MM 337.3 və 337.4-cü maddələri). Beləliklə, MM-nin 337.2, 337.3, 337.4, 340.1-ci maddələrinin tələblərinə görə predmeti olmayan 14 iyun 2016-cı il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə etibarlı sayıla bilməz və bağlandığı andan əhəmiyyətsiz əqd hesab olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında formalaşan hüquqi mövqeyə görə, etibarsızlıqla bağlı işlərə baxarkən tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürməsindən asılı olmayaraq məhkəmələr müstəqil surətdə müəyyən etməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əssən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.2.-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.4-cü maddəsinə əssən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 340.2-ci maddəsinə görə, əhəmiyyətsiz olan yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında 14 iyun 2016-cı il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilədə nəzərdə tutulan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşmiş tikintidə olan ümumi sahəsi hörgü daxil olmaqla 400 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı istifadəsinə və mülkiyyətinə verilməsi öhdəliyinin "xxxx" Mənzil Tikinti Kooperativi üzərinə qoyulması barədə ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 14 iyun 2016-cı il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar