Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1526/2023 24.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” X4rşı valideyn himayəsindən məhrum statusunun davam etdirilməsi və təhsilini bu statusda davam etdirməsinə şərait yaradılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Mühəndislik Universitetinin ondan təhsil haqqı tələb etməsinə, onu imtahanlara buraxmamasına, o cümlədən 2-ci semestr və növbəti ilin dərslərini almasına mane olmasına (qadağan etməsinə) dair hərəkətlərinin qanunsuz hesab edilərək, onun 23 yaşınadək təhsil haqqından azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 14 avqust 2004-cü ildə anadan olmuş, 2021-ci il tarixində orta məktəbi bitirdikdən sonra Bakı Mühəndislik Universitetinin “Pedaqoji” fakültəsinin “kimya müəllimliyi” ixtisasına qəbul olmuşdur. Həmin ilin sentyabr ayından Universitetin 1-ci kurs tələbəsi kimi güzəştli şərtlərlə (ödənişsiz) təhsil almağa başlamışdır (“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən). 2009-cu ildə atası vəfat etdikdən sonra 2019-cu il tarixində anası onu və 14 oktyabr 2005-ci il təvəllüdlü bacısı X2 qoyub getmişdir və bu günə qədər də ondan heç bir məlumat əldə edə bilməmişlər. Bununla da o, bacısı ilə hər iki valideyn himayəsindən məhrum olmuşlar. Bundan sonra nənəsi X5 onlara sahib çıxaraq Şamaxı rayon İcra Hakimiyyətinə müraciət etmiş və hər iki uşağı himayəsinə götürmək istədiyini bildirmişdir. Şamaxı rayon İcra Hakimiyyətinin 17 oktyabr 2019-cu il tarixli, 103 saylı qərarı ilə hər iki valideynindən məhrum olmuş uşaqlar nənələri X3 himayəsinə verilmişdir. Bundan sonra o, bacısı ilə nənəsinin himayəsində yaşamışlar və hazırda da onun himayəsində yaşayırlar. Bu səbəbdən Universitet onu ödənişsiz təhsil almağa qəbul etmiş və ona əlavə təqaüd də ayrılmışdır. Həmçinin hazırda faktiki olaraq oxuduğu Universitetin ərazisində yerləşən yataqxanada qalır. Bununla belə, hazırda 2-ci kurs tələbəsi olduğu Bakı Mühəndislik Universiteti cari ildə 18 yaşının tamam olması səbəbilə güzəştli şərtlərlə aldığı təhsilə xitam vermək qərarına gəlmişdir. Baxmayaraq ki, həmin vaxtdan, yəni Universitetə qəbul olduğundan bu yana onun maddi vəziyyətində hər hansı bir dəyişiklik baş verməmişdir. O, yenə də ana və atadan məhrum şəkildə yaşlı nənəsinin himayəsində yaşayır və onun sosial təminatı hesabına dolanır. Halbuki valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının məzmununu və tədbirlərini müəyyən edən, həmin təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun “Təhsil üzrə təminatlar” başlıqlı 5-ci maddəsinə əsasən, bütün tipdən olan dövlət təhsil müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini bitirənədək tam dövlət təminatına götürülürlər. O, məhz qeyd olunan normaya müvafiq olaraq oxuduğu əvvəlki müddətdə (18 yaşına çatanadək) tam dövlət təminatına götürülmüşdür. Bununla belə, cavabdeh nəzərə almamışdır ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanun valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla yanaşı, onların arasından 23 yaşınadək olan şəxslərin də sosial müdafiəsi üzrə dövlət təminatı ilə əlaqədar məsələləri tənzimləyir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə istinadən ərizə ilə məhkəməyə müraciət edərək, faktiki olaraq valideynlərindən birinin sağ olmasına baxmayaraq heç bir himayəsinin olmamasını və bununla bağlı müvafiq icra hakimiyyətinin nənəsinin himayəçiliyinə verilməsi barədə qərarını nəzərə alaraq 18 yaşı tamam olduğu tarixdən (hansı ki himayəçiliyin başa çatması ilə bağlı Bakı Mühəndislik Universiteti tərəfindən bu statusu dayandırılıb) sonra da 23 yaşına qədər “valideyn himayəsindən məhrum” statusunun davam etdirilməsi və təhsilini bu statusda davam etdirməsinə şərait yaradılması öhdəliyinin Bakı Mühəndislik Universitetinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və onun təmin olunmamasını xahiş etdi. O bildirdi ki, iddiaçı qeyd edilən qanunla nəzərdə tutulmuş statusda əvvəllər olsa da, hazırda həmin statusunu itirmişdir. Məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İşdə olan AZ-İİ 374241 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Şamaxı şəhərində doğulmuşdur. İşdə olan AZ-İ 366730 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İşdə olan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 103 saylı Sərəncamının surətindən görünür ki, X5 xx.xx.2004-cü il təvəllüdlü İddiaçı və xx.xx.2005-ci il təvəllüdlü X1 himayəçisi təyin edilmişdir. İşdə olan Bakı Mühəndislik Universitetinin xx.xx.2023-cü il tarixli, 5927 saylı arayışından görünür ki, İddiaçı bakalavr səviyyəsi üzrə Universitetin pedaqoji fakültəsi, kimya müəllimliyi ixtisasının əyani şöbəsinin 3-cü kurs tələbəsidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2004-cü il tarixdə doğulmuşdur. Onun atası X7 xx.xx.2009-cu il tarixdə ölmüşdür. İddiaçının anası onu və bacısını atıb getdiyindən Şamaxı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, 103 saylı sərəncamı ilə nənələri - X5 xx.xx.2004-cü il təvəllüdlü İddiaçı və xx.xx.2005-ci il təvəllüdlü X1 himayəçisi təyin edilmişdir. İddiaçı 2021ci il tarixində orta məktəbi bitirdikdən sonra Bakı Mühəndislik Universitetinin “Pedaqoji” fakültəsinin kimya müəllimliyi” ixtisasına qəbul olmuşdur və hazırda İİİ kurs tələbəsidir. Hazırda İddiaçı Bakı Mühəndislik Universitetinə qarşı məhkəmədə iddia qaldıraraq, faktiki olaraq valideynlərindən birinin sağ olmasına baxmayaraq heç bir himayəsinin olmamasını və bununla bağlı müvafiq icra hakimiyyətinin nənəsinin himayəçiliyinə verilməsi barədə qərarını nəzərə alaraq 18 yaşı tamam olduğu tarixdən (hansı ki himayəçiliyin başa çatması ilə bağlı Bakı Mühəndislik Universiteti tərəfindən bu statusu dayandırılıb) sonra da 23 yaşına qədər “valideyn himayəsindən məhrum” statusunun davam etdirilməsi və təhsilini bu statusda davam etdirməsinə şərait yaradılması öhdəliyinin Bakı Mühəndislik Universitetinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan:https://e-qanun.az/framework/3859 məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Həmin Qanunun 5-ci maddəsinin ikinci abzasında qeyd edilir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. İş materiallarından görünür ki, iddiaçının hazırda 18 yaşı tamam olmuşdur və onun atası vəfat etsə də, anası hazırda sağdır. Doğrudur, iddiaçının nənəsi müvafiq Sərəncamla 18 yaşınadək onun himayəçisi təyin edilsə də, hazırda iddiaçının statusu yuxarıda qeyd edilən Qanunda nəzərdə tutulmuş statusla eyni deyildir və deməli o, həmin Qanunun müdafiəsi altına düşmür. İddiaçı hazırda özünün valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər kateqoriyasına aid olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, iddiaçının 18 yaşı tamam olduğu tarixdən sonra 23 yaşına qədər “valideyn himayəsindən məhrum” statusunun və təhsilinin bu statusda davam etdirilməsindən söhbət gedə bilməz. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” X4rşı hazırki iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” X4rşı valideyn himayəsindən məhrum statusunun davam etdirilməsi və təhsilini bu statusda davam etdirməsinə şərait yaradılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-1526/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1526/2023
24.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver